Modern.az

Cənub bölgəsində son durum: DEPUTATLAR DANIŞDI  

Cənub bölgəsində son durum: DEPUTATLAR DANIŞDI  

31 Mart 2020, 13:36

Koronavirus infeksiyası ilə əlaqədar ölkəmizdə demək olar ki, bütün qurumlar vətəndaşlara kömək məqsədilə səfərbər olunub.

 

Virusun sürətlə yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah hər gün vətəndaşların sağlamlığı üçün qaydaları bir az da sərtləşdirir.

 

Belə olan halda günəmuzd çalışan, kredit borcunu ödəyə bilməyən, evdən çıxmaq imkanı olmayan şəxslər var ki, bu günlərdə onların daha çox köməyə ehtiyacı var.

 

Milli Məclisin hər dairə üzrə deputatı var ki, onlar bu günlərdə seçicisinin problemlərinin yanında ola bilirmi? Ehtiyacı olan seçicilərinə dəstək üçün deputatlar hansı addımları atırlar?

 

Modern.az  Milli Məclisin Cənub zonasının deputatları ilə əlaqə saxlayaraq mövzuya münasibət öyrənməyə çalışıb.

 

 

2,5 milyard manat pul ayrılacaq

 

73 saylı Lənkəran şəhər seçki dairəsinin deputatı Rüfət Quliyev deyib ki, əsas məsələnin koronavirus bitdikdən sonra başlamasıdır:

 

“Bir iqtisadçı kimi mənim üçün ən böyük problem iqtisadiyyatla bağlıdır. İqtisadiyyata böyük ziyanın dəyəcəyi qaçılmazdır. Dövlət əlindən gələni edir. İqtisadiyyat Nazirliyinin təklifi ilə 2,5 milyard manat pul ayrılacaq ki, bu da əsasən biznes və sosial sahələrə aid olacaq. Bundan əvvəl də bir milyard manat pul ayırlıb. Hazırda qruplar işləyir və bunun mexanizmini hazırlamalıdırlar. Aldığım məlumata görə, bunlar bir-iki günə hazır olacaq.

 

Hazırda rayonlararası yollar bağlıdır. Bu da yeni problemə gətirib çıxaracaq. Çünki aprel əkin ayıdır. Hesab edirəm ki, insanlar həyətyanı sahələrdə qanunları pozmamaq şərtilə işlə məşğul ola bilər. Aqratexniki işlər görülməlidir. Bunun problemə çevrilməməsini istəyirəm.

 

Lənkəranda kifayət qədər qohumlarım var. Onlarla əlaqə saxlayıram. Eyni zamanda, digər seçicilərim var kiŞ onlarla da əlaqə saxlayıb evdə oturmalarını, dövlətin qaydalarına riayət etmələrinin vacibliyini deyirəm. Bununla da biz həm cəmiyyətə, həm dövlətə kömək etmiş olacağıq. Biz birlikdə olduqda bu xəstəliyə qalib gələ bilərik. Təbii ki, deputatı olduğum rayonda da bəzi problemlər var. Tibbi maskalarla bağlı müəyyən çətinliklər olduğu üçün çalışırıq ki rayonumuzu bu tibbi ləvazimatla təmin edək. Həmçinin insanların şikayəti internetlə bağlıdır ki, onlar votçap üzərindən əlaqə qurmaqda çətinlik çəkirlər.

 

Deputat həmkarlarımızla da qanunlara dəyişiklikləri öz aramızda müzakirə edirik”.

 

 

"İnternet zəif olduğundan tələbələr dərsləri keçə bilmirlər"

 

78 saylı Lerik seçki dairəsinin deputatı İqbal Məmmədov da əsasən internetlə bağlı müraciətlərin olduğunu qeyd edib:

 

"Demək olar ki, rayon camaatı ilə əlaqə saxlayıram. Bildiyiniz kimi, Polşadan, Rusiyadan ölkəmizə 300-ə yaxın insan gətirilib ki, onların 80%-i tələbələrdir. Onlar Lerikdəki "Relax" istirahət mərkəzində yerləşdiriliblər. Onların iştirakı ilə votcap qrupu yaradılıb. Hər biri ilə mütəmadi olaraq əlaqə saxlayıram. Hər hansı problem olanda mən də qrupda görürəm. Dərhal sahibkarla əlaqə saxlayıb vəziyyəti izah edirəm.

Tələbələrin əsas istəyi onlayn dərslərin keçirilməsi ilə bağlıdır. İnternet zəif olduğundan dərsləri keçə bilmirlər. İnternetin zəif olmasına görə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə durumu anlatmışam. Ancaq məsələ müsbət həllini tapmayıb.

Digər məsələ isə baqajların gəlib çıxmamasi ilə bağlıdır ki, aidiyyatı qurumlara müraciət etmişəm. Çalışıriq ki bu günlərdə bir-birimizə yardım edək"

 

 

Masallıda koronavirusa yoluxan olmayıb

 

70 saylı Masallı şəhər seçki dairəsinin deputatı Məşhur Məmmədov bildirib ki, təmsil olunduğu bölgədə hələ ki, virusa yoluxma halı qeydə alınmayıb:

 

“Təbii ki, insanların bir çox problemləri var. Kənd yerlərində bəzi insanlar panikadadır. Onlara panikaya düşməməyi, Operativ Qərargahın qərarlarına riayət etməyi məsləhət görürük. Bakıda olsam da, rayonda hər küçə üçün nümayəndələrimiz ayrılıb. Onlar da qapı-qapı gəzərək insanların problemi ilə maraqlanırlar. Kənd insanları əsasən internetin çox zəif olmasından şikayətlənirlər. Çünki evdə olan məktəblilər onlayn dərslərə qoşula bilmədiklərini deyirlər. Bəzi adamlar isə “mənə heç nə olmaz” deyib qaydaları pozurlar.

 

Çalışırıq ki, onlara hər şeyi izah edək. Eyni zamanda, Mebellər Assosiasiasının üzvüyəm. Belə bir təklif irəli sürdüm ki, işçilər evə buraxılsa da minimum əmək haqqı saxlanılsın. Hazırda bu təklif üzərində iş gedir. Digər ərzaq çatışmazlığı ilə üzləşən ailələrə çalışırıq ki, kömək edək. Hesab edirəm ki, bu günlərdə bir-birimizə daha çox dəstək olmalıyıq”.

 

 

Gün ərzində 100 seçici ilə telefonla danışırıam

 

75 saylı Lənkəran-Masallı seçki dairəsinin deputatı Cavanşir Paşazadə deputatı olduğu rayonda bəzi problemlərin olduğunu söyləyib:

 

“Deputatı olduğum rayonda tibbi maska problemi mövcuddur. Çalışırıq ki, bunu apteklərdə az da olsa tənzimləyək. İnsanları narahat edən internetin çox zəif olmasıdır. Belə olan təqdirdə kənd yerində yaşayan insanlar vaxtlı-vaxtında rəsmi məlumatları əldə edə bilmirlər. Digər bir məsələ var ki, cənub rayonları bazarlıq üçün İrana gedib-gəlirdilər. Ərzaq mallarını  İrandan alıb gətirirdilər. Koronavirusa görə İranla sərhəd bağlanıb. Bu da ilk vaxtlarda insanlarda narahatlığa səbəb oldu. Kisələrlə un və digər məhsulları alıb evə yığdılar. Həmçinin günəmuzad işləyən insanlar var ki, artıq bunu etmirlər. Bu da insanlarda çətinlik yaradıb. Təbii ki, dövlət üzərinə düşən işi artıqlaması ilə edir. Gün ərzində rayon rəhbərliyi ilə əlaqə saxlayıram. Əgər adi günlərdə 5 seçici zəng edirdisə, son günlərdə 100 seçici zəng edir. Təbii ki, insanlar çox zaman rəsmi informasiyaları internetin zəif olduğundan əldə edə bilmədiklərini deyirlər. Həmin sualları bizə ünvanlayırlar. Amma bu məsələdə yerli icra orqanlarının vicdanlı davranması çox önəmlidir”.

 

 

Apteklərə spirt və maska verilir

 

72 saylı Yardımlı-Masallı seçki dairəsinin deputatı Musa Qasımlı da rayonla əlaqə saxladığını qeayd edib:

 

“Demək olar ki, Yardımlı ilə rəhbərlik və digər şəxslərlə telefon əlaqəsi saxlayıram. Çox yaxşı haldır ki, rayon rəhbərliyi əhalinin maariflənməsi məqsədilə zəruri işləri görür. Digər bir məsələ tibbi maska və spirtlə bağlıdır ki, onlar da həll edilir. Rayonda fəaliyyət göstərən apteklərə spirt və maska verilir. Yerli rəhbərlik  isə öz imkanları daxilində bu tələbatı ödəyir. Yardımlı rayonununda önləyici tədbirlərin vaxtında alınması sayəsində işlər normaldır. Buna baxmayaraq bütün sakinlərə Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına və tövsiyələrinə əməl etməsi deyilib. Həmçinin yerli hakimiyyət orqanlarına bu məsələləri tənzimləmək çox zaman aparar. Hesab edirəm ki, hər bir sakin çox diqqətli olmalıdır”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir