Modern.az

Azərbaycan mətbuatı yaltaqlardan, qorxaqlardan xilas olmalıdır – BAŞ REDAKTOR

Azərbaycan mətbuatı yaltaqlardan, qorxaqlardan xilas olmalıdır – BAŞ REDAKTOR

Media

7 Aprel 2020, 16:15

Bir neçə gün öncə Prezident İlham Əliyevin sərəncamı ilə Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİV DF) icraçı direktoru dəyişdirildi. Belə ki, Əhməd Məhəmməd oğlu İsmayılov quruma yeni icraçı direktor təyin edildi. Böyük ehtimal ki, tezliklə qurumun Müşahidə Şurası da dəyişəcək.

 

Maraqlıdır, bəs yeni Müşahidə Şurasında necə insanlar təmsil olunmalıdır, köhnələri əvəzləyənlər hansı keyfiyyətdə olmalıdır?

 

Modern.az bu sualla bəzi tanınmış media nümayəndələrinə müraciət edib:

 

 

"Yenisabah.az" saytının baş redaktoru Seymur Verdizadə KİVDF-nin Müşahidə Şurasının tam tərkibdə istefaya getməli olduğunu deyir:

 

“Vüqar Səfərlinin istefaya göndərilməsi mətbuatda islahatların anonsu sayıla bilər. Vəzifədə işləyəndə Vüqar Səfərlini ən çox tənqid edən adam mən olmuşam. Çünki onun mətbuata heç bir aidiyyatı yox idi. Bu adam uzun illər öz havadarları ilə birlikdə Azərbaycan mətbuatının onurğa sütununu zədələdi. Vüqar Səfərli artıq keçmişdir, biz gələcəyə baxmalıyıq. Mətbuatı Vüqar Səfərlinin və havadarlarının sürüklədiyi bataqlıqdan çıxarmaq üçün bu sektorda köklü dəyişikliklərə ehtiyac var. Azərbaycan mətbuatı yaltaqlardan və qorxaqlardan xilas olmalıdır. Mətbuatın səfasını onun cəfasını çəkən adamlar görməlidir. KİVDF-nin Müşahidə Şurası tam tərkibdə istefaya getməlidir. Bu qurum peşəkar jurnalistlərin iştirakı ilə formalaşmalıdır. Reklam bazarını dirçəltmək, mediaya müstəqillik vermək lazımdır. Mətbuat hər hansı məmurun əlində təzyiq vasitəsi ola bilməz. Yalnız peşəkar, gözü-könlü tox, mətbuatın inkişafında maraqlı olan insanlardan formalaşan Müşahidə Şurası bu sektorda müsbət dəyişikliklərə nail ola bilər. Mətbuatın inkişafı üçün KİV Fonduna ayrılan vəsaitin canavar xislətli yırtıcılar tərəfindən talan edilməsinə imkan vermək olmaz”.

 

 

“Musavat.com” saytının baş redaktoru Xalid Kazımlı deyir ki, yeni formalaşan Müşahidə Şurasında peşəkarlar yer almalıdır:

 

“KİVDF-nin Müşahidə Şurasında peşəkarlar, jurnalistikanı bilən, özləri yazı-pozu adamı olan, söz deyən, söz anlayan, peşə etikasına riayət edən, jurnalistlərin qədrini bilən adamlar təmsil olunmalıdır”.

 

 

"Modern.az" saytının rəhbəri Elşad Eyvazlı yenidən formalaşacaq Müşahidə Şurasının mediaya gerçək dəstək olmasını istəyir:

 

“KİVDF dövlət tərəfindən media qurumlarına maliyyə dəstəyi verən, onların sosial problemlərinin həllinə yönəlik addımlar atan bir qurumdur. Jurnalistikanı az-çox bilən biri kimi istəyimiz ondan ibarətdir ki, bu qurum mətbuatımızın inkişafına gerçək şəkildə dəstək olsun. Çünki bu günə qədər bu sahədə çox ciddi problemlər var idi. Ümid edirik ki, yeni formalaşdırılacaq Müşahidə Şurası mövcud problemləri aradan qaldıracaq”.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir