Etibar Babayev 1950-ci il dekabrın 15-də Bakıda görkəmli şair,dramaturq və tərcüməçi Adil Babayevin ailəsində anadan olub.
1968-ci ildə Bakıda Hüseyn Cavid adına 132 saylı orta məktəbi, 1973-cü ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Teatrşünaslıq fakültəsini qırmızı diplomla bitirib. Politoloq ixtisası ilə ikinci ali təhsilini Bakı Ali Partiya məktəbində alıb.
Əmək fəaliyyətinə 1971-ci ildən Azərbaycan Teleradio verilişləri Komitəsinin redaksiyaları ilə əməkdaşlıqla başlayıb.
"Tələbə klubu", "Yeddinci qitə", "Sözlü-nəğməli İstanbul", "Kanal-6 təqdim edir" kimi populyar verilişlərin müəllifi və aparıcısı olaraq tamaşaçıların rəğbətini qazanıb. Etibar Babayev Azərbaycan Komsomolu Mərkəzi Komitəsində təlimatçı, daha sonra təbliğat və mədəni kütləvi işlər şöbəsinin müdiri (1975-1979), Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində mədəniyyət şöbəsində təlimatçı (1979-1981), Bakı şəhər Partiya Komitəsinin təbliğat-təşviqat şöbəsinin müdiri (1981-1988) kimi məsul vəzifələrdə çalışıb.
1981-1989-cu illərdə dörd çağırış Bakı Şəhər Sovetinin deputatı seçilib. 1989-1992-ci illərdə "Azərbaycantelefilm"in direktoru, Azərbaycan Dövlət Teleradio Şirkətinin sədr müavini vəzifəsində işləyib. 1993-2001-ci illərdə Bakı İcra Hakimiyyətində məsul vəzifələr daşıyıb. 2001-2006-cı illərdə "Space" müstəqil teleradio şirkətinin prezidenti olub.
Etibar Babayev Azərbaycan Respublikası Prezidenti yanında Sahibkarlar Şurasının, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının, Teatr Xadimləri İttifaqı və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Azərbaycan Reklamçılar İttifaqının vitse-prezidentidir.
Müxtəlif illərdə "Hacı Zeynalabdin Tağıyev" milli mükafata, Jurnalistlərin "Qızıl qələm" mükafatına, Yusif Məmmədəliyev medalına, Fəxri Fərmanlara və Diplomlara layiq görülüb.
Heç bir siyasi partiyanın üzvü deyil.
E.Babayev ABŞ, İngiltərə, Rusiya, Fransa, İspaniya, Belçika, Hollandiya, Almaniya, Macarıstan, Avstriya, Rumıniya, Polşa, Türkiyə, Seneqal, Misir, Vyetnam, Kuba, Çin Xalq Respublikası, İran, İsveç, İsveçrə və digər ölkələrə xidməti səfər edib, görkəmli ictimai-siyasi xadimlərlə, elm, sənət aləminin, iş dünyasının tanınmış simaları ilə görüşüb, onlardan eksklüziv müsahibələr alıb. Xarici ölkələrdə keçirilən beynəlxalq tədbirlərdə, forumlarda rəsmi nümayəndə heyətləri tərkibində iştirak edib. Azərbaycanda və xarici ölkələrdə dərc olunan çoxsaylı publisistik yazıların, elmi məqalələrin, "Bu da bir imtahandır", "Yalana heykəl", "Düz söz əyri qulağa necə girər?", “ Qəfəsdə yaşamaq həyat deyil” adlı kitabların, "Sağalmaz yara", "Birincilər", "Bir millət, iki dövlət", "Zirvə", "Çiçək yağışı" kimi televiziya ekranlarında dəfələrlə göstərilən sənədli filmlərin, eləcə də çoxsaylı elmi və publisistik məqalələrin müəllifidir.
Bakının Hüseyn Cavid adına 132 nömrəli məktəbində oxuyarkən çəkdirmişəm. ...
Atamla olan bu şəkil 10-cu sinfi bitirən zaman çəkilib.
Atam Adil və anam Gülnar 1949-cu ildə ailə qurublar ...
Bu şəkil İncəsənət İnstitunun (hazırda Mədəniyyət və İncəsənət Universiteti) tələbəsi olduğum illərdən xatirədir ...
Bu şəkil Azərbaycan Komsomolu Mərkəzi Komitəsinin Təbliğat, mədəni kütləvi işlər şöbəsinin müdiri olarkən çəkilib. Şəkildə solda mən, ortada o vaxt mənim müavinim, hazırda Moskvada yaşayan tanınmış jurnalist Oleq Məmmədov və sağda komsomolun Tələbə-gənclər şöbəsinin müdiri, hazırda vergilər nazirinin müavini olan Sahib Ələkbərovdur.
1976-cı il yanvarın 3-də Nazlı xanımla ailə həyatı qurduq.
1977-ci il Zaqatala şəhərində Azərbaycan Komsolu Mərkəzi Komitənin təşkilatçılığı ilə yaradıcı gənclərin seminarı keçrilirdi. Tədbirdə görkəmli ziyalılarımızdan bəstəkar Fikrət Əmirov, Emin Sabitoğlu, rəssam Arif Hüseynov, aktyor Rasim Balayev, İlham Namiq Kamal, heykəltaraş Fuad Salayev, Fidan, Xuraman Qasımova bacıları və başqalarıı iştirak edirdilər.
Yazıçı, jurnalist İsa İsmayılzadə məndən müsahibə alır.
Bu şəkil Bakı Şəhər Partiya Komitəsinin Təbliğat, təşviqat şöbəsinin müdiri işlədiyim zaman çəkilib .
Unudulmaz sənətkarımız mayestro Niyazı ilə tez-tez görüşərdik. Bu foto da ötən əsrin 80-ci illərinin əvvəlində Filarmoniyada çəkilib.
Bir jurnalist kimi prezident Heydər Əliyevi bir çox xarici səfərlərdə müşayiət etmişəm, müsahibə almışam. Bu şəkil 1994-cü ildə Londonda çəkilib.
Müsahibə aldığım görkəmli ictimai-siyasi xadimlərdən biri də Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəl olub.
Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətinin sədr müavini olarkən türk televiziyaları ilə əlaqələrin qurulmasına xüsusi diqqət ayrırdım. 1992-ci ildə məşhur türk sənətçisi Barış Manconun iştirakı ilə AzTV-də çəkilən 4 proqram may ayı boyunca hər bazar günü Türkiyənin TRT kanalı ilə də yayımlandı. Bu şəkildə şirkətin sədri Elşad Quliyev Barış Mancoya bizimlə yaradıcı əməkdaşlıq üçün təşəkkürünü bildirir.
Məşhur ingilis yazçısı Ceyms Oldriçlə Londonda görüşüm unudulmaz xatirələrimdəndir. Bu barədə mətbuatda yazılarım dərc olunub, eləcə də televiziya üçün ayrıca veriliş hazırlamışam .
Məşhur türk sənətçisi Kayahanla bizi uzun illərin dostluğu birləşdirir.
Türkiyənin popstarı Ajda Pekkanla...
Məşhur türk müğənnisi Sibel Canın Azərbaycan televiziyasına ilk müsahibəsi mənimlə oldu.
Rafet el Roman BTR studiyasının qonağıdır.
Müşərrəf Akayın Bakıda qastrol səfəri zamanı konsertdən öncə oğlum Adillə çəkdirdiyi xatirə rəsmi.
Böyük sənətkarımız Mirzə Babayevin “Bakı-Raks” Şirkətində istehsal olunan ilk musiqi albomunun sevincini bərabər paylaşdıq.
Türkiyənin görkəmli ictimai-siyasi xadimlərindən Alparslan Turkeşlə xatirə fotosu...
|
Qızım Aytən, oğlum Adil ..
60 yaşın tamamı hələ ömrün tamamı deyil...
Modern.az