Tədbirdə RİH başçısı Rüstəm Xəlilov, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon polis şöbəsinin şəxsi heyəti, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Modern.az xəbər verir ki, tədbir iştirakçıları Heydər Əliyev adına Parkda Ümummilli Liderin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzərək, müasir, müstəqil Azərbaycanın banisi və qurucusu dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər.
Tədbir Salyan Rayon Polis Şöbəsinin inzibati binasında rəsmi yığıncaqla davam etmişdir. Azərbaycan polisinin yaranmasının 108-ci ildönümü illiyimünasibətilə keçirilən tədbirdə məruzə ilə çıxış edən rayon Polis şöbəsinin rəisi, polkovnik Nəzər Əsgərov polis əməkdaşlarını Azərbaycan Polisi Günü münasibətilə təbrik edib, Daxili İşlər naziri, general-polkovnik cənab Vilayət Eyvazovun polis əməkdaşlarına ünvanlanmış təbrikini çatdırıb.
Tədbirdə RİH başçısı Rüstəm Xəlilov 108-ci ildönümü münasibətilə bütün polis əməkdaşlarını və veteranlarını təbrik edib, ölkəmizdə sabitliyin və əmin-amanlığın qorunmasında polisin xidmətlərindən, dövlətin hüquq mühafizə orqanları işçilərinə göstərdiyi diqqət və qayğıdan söz açıb. Rayon rəhbəri bildirib ki, bu gün Müstəqil Azərbaycanın əldə etdiyi bütün uğurların təməlində Ulu Öndərin xilaskarlıq fəaliyyəti və Azərbaycan Prezidenti İlham Əliyevin tarixin gərdişini dəyişdirən missiyası dayanır. Onların rəhbərliyi altında xaosdan sabitliyə, tənəzzüldən tərəqqiyə, məğlubiyyətdən zəfərə keçid prosesinin əsas icraçıları olan dövlət qurumlarının fəaliyyətini də vətəndaşlarımız təqdirlə qarşılayır. Yüz ildən artıq dövrü əhatə edən şanlı dövlətçilik salnaməsində Azərbaycan polisi milli kimliyin, müstəqilliyin və əmin-amanlığın keşiyində ayıq-sayıq dayanıb. Hər il iyulun 2-də təntənə ilə qeyd olunan peşə bayramı bu fədakar insanların Vətən qarşısındakı misilsiz xidmətlərinə xalqın və dövlətin dərin ehtiramının təcəssümüdür. Azərbaycan polisi bu gün də “Xalqa xidmət, dövlətə sədaqət” prinsipinə sadiq qalaraq, cəmiyyətin etimadını qazanmış, insan hüquqlarının qorunması, ictimai asayişin təmin olunması, cinayətkarlığa qarşı mübarizə və müasir texnologiyaların tətbiqi sahəsində mühüm uğurlara imza atıb.
İcra başçısı Rüstəm Xəlilov polis əməkdaşlarının xidməti fəaliyyətərini yüksək qiymətləndirərək onları səmimi-qəlbdən təbrik edib, möhkəm cansağlığı, ailə səadəti, Azərbaycan dövlətinə və xalqına xidmət yolunda yeni nailiyyətlər arzulayıb. Çıxışının yekununda bildirib ki, hər zaman fəaliyyətiniz təhlükəsiz, xidmətiniz uğurlu, Vətənimiz isə daim əmin-amanlıq, sabitlik və inkişaf içində olsun. Daha sonra çıxış edənlər Salyan rayon Prokuroru Rəşad Mansurov və Dövlət Təhlükəsizliyi Xidmətinin Salyan rayon şöbəsinin rəisi Abbas Abbasov polis işçilərini peşə bayramları münasibətilə təbrik edib, Azərbaycan polisinin ən çətin məqamlarda dövlətçiliyimizi qoruduqlarını, vətəndaşların hüquq və azadlıqlarının etibarlı təminatçısı kimi bu gün də vəzifə borcunu şərəflə yerinə yetirdiklərini diqqətə çatdırıblar. Tədbirin sonunda xidməti fəaliyyətdə fərqlənən bir qrup polis əməkdaşı Salyan Rayon İcra Hakimiyyəti başçısının “Fəxri Fərman”ları ilə təltif ediliblər.