Modern.az

Deputat: Ermənistanın təxribatları onun təcavuzkar siyasətini nümayiş etdirir

Deputat: Ermənistanın təxribatları onun təcavuzkar siyasətini nümayiş etdirir

Aktual

14 İyul 2020, 15:00

BMT Təhlükəsizlik Şurasının münaqişənin həlli ilə bağlı məlum qətnamələri Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edir. Ermənistan tərəfindən cəbhə xəttində mütəmadi olaraq törədilən təxribatlar onun təcavuzkar siyasətini açıq şəkildə nümayiş etdirir.

 

İyulun 12-də Ermənistan işğalçı qüvvələri Tovuz rayonu istiqamətində təxribatının qarşısı Azərbaycan Silahlı Qüvvələrinin cavab atəşi və əks-həmləsi nəticəsində qətiyyətlə alınıb. Azərbaycan Ordusu işğalçı Ermənistanın hərbi bölmələrinin mövqeyinə güclü zərbə endirib, nəticədə düşmənin texnikası və canlı qüvvəsi məhv edilib. Azərbaycan Prezidenti İlham Əliyevin Təhlükəsizlik Şurasının iyulun 13-də keçirilən iclasında qeyd etdiyi kimi bu hadisəyə görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

 

Bu fikirləri Modern.az-a Milli Məclisin deputatı Malik Həsənov söyləyib.

 

Deputat qeyd edib ki, işğalçı tərəf mütəmadi olaraq atəşkəsi pozur, təxribatlara əl atır. Beynəlxalq təşkilatların, dünyanın böyük dövlətlərinin buna biganə yanaşması təbii ki, birmənalı qarşılana bilməz. Ermənistan bu təxribatlarla beynəlxalq təşkilatların diqqətini Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətindən yayındırmağa, Azərbaycana qarşı həyata keçirdiyi işğalçı və təcavüzkar siyasətinin məsuliyyətini üzərindən atmağa cəhd edir.

 

M. Həsənov vurgulayıb ki, dünyanın koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsinə diqqət yönəltdiyi, birgə səylərin göstərilməsinə çağırışların edildyi bir zamanda Ermənistanın təxribatla məşğul olması birmənalı qarşılana bilməz: “Ermənistan Azərbaycanın BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü dəstəkləməkdən imtina etdi. Baxmayaraq ki, bu ölkədə koronavirus daha çox yayılıb, ən əsası hakimiyyət bu xəstəliyin qarşısını almaqda acizdir. Reallıq budur ki, Ermənistanda əhalinin hakimiyyətə etimadının itməsi ilə əlaqədar dərin böhran yaşanılır. Ciddi sosial-iqtisadi problemlər, korrupsiya, koronavirusla mübarizə sahəsində saysız-hesabsız problemlər, azad sözə qarşı repressiyaların tətbiq edilməsi və s. reallıqlar Nikol Paşinyan hakimiyyətini çox mürəkkəb vəziyyətə salıb. Görünür, işğalçı dövlət bu kimi məqamlardan, daxili problemlərdən diqqəti yayındırmaq üçün cəbhə xəttində növbəti təxribatı törətməyi çıxış yolu hesab edib. Amma unudur ki, bu, təcavüzdür, güc tətbiq etmək aktıdır”.

 

“Dövlətimizin başçısı İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında, Aşqabadda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında, Münxen Təhlükəsizlik Konfransında Ermənistanın işğalçılıq siyasətini və faşist simasını ifşa etməsi, dünyanın aparıcı beynəlxalq qurumlarının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli qərarlar qəbul etməsi bu gün xarici ermənipərəst dairələri və Ermənistan hakimiyyətini ciddi problemlər qarşısında qoyub. Artıq beynəlxalq birlik bilir ki, Dağlıq Qarabağ Azərbaycanın əzəli, tarixi torpağıdır. Diplomatik mübarizədə qələbə qazanan Azərbaycanın sülh danışıqları səmərə vermədiyi təqdirdə hərb variantını seçərsə, qələbə qazanacağı şübhəsizdir”-deyə, deputat qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü