Modern.az

Fatih Portakalın istefasının PƏRDƏARXASI

Fatih Portakalın istefasının PƏRDƏARXASI

25 Avqust 2020, 22:18

İbrahim Nəbioğlu

 

Türkiyə mediasında hərəkətlilik var, sanki hər şey yenidən dizayn edilir. Az saydakı müxalif tv kanalı ilə çoxsaylı iqtidar yönümlü televiziyalar arasında gedən mübarizəyə reyting/reklam prizmasından da baxmaq lazımdır, siyasi gücə yaxın olma baxımından da.Əslində bu mübarizə sürəkli vardı, sadəcə olaraq katalizator rolunu oynayan bəzi mediyadaxili hadisələr bu çəkişmələri daha bariz etməyə başladılar.

 

Uzun illərdir ki, Türkiyənin müxalif yönlü FOX TV-nin Ana xəbər proqramının aparıcısı Fatih Portakalın gözlənilmədən istefa edərək "təqaüdə çıxıram" deməsi ölkədə şiddətli bir rezonansa səbəb oldu. Çünki Türkiyə reytinqlərində FOX TV-nin Ana xəbər proqramı xeyli müddətdir ki, 1-ci sıradadır, yəni ölkənin ən çox reklam alan verilişidir. Bu dəyişilməz və təbii birincilik Mehmet Ali Birandın "şinelindən" çıxmış, StarTV məktəbi (Star-ın star olduğu dövrdə) keçmiş F.Portakal üçün gözlənilən uğur idi. Və o, zirvəni uzun müddət heç əldən vermədi.

 

Keçən ilki bələdiyyə seçkilərində, xüsusilə də Ekrem İmamoğlunun İstanbul zəfərində seçiciyə çıxışı olmayan bir namizəd və təmsil etdiyi CHP üçün FOX TV böyük işlər gördü. Məhz bu kanal vasitəsilə ölkə çox az insanın tanıdığı E.İmamoğlunu yaxından tanıdı, ona inandı və onu qələbəyə daşıdı. Karyerası ilə şöhrətinin zirvəsində ikən Fatih Portakalın təqaüdə çıxaraq ailəsi ilə İzmir yaxınlığında kənd təsərrüfatı ilə məşğul olacağını söyləməsi gündəmi alt-üst etdi.

 

Və iki gün sonra Fatih Portakal yerini Türkiyənin başqa bir tanınmış isminə - Selçuk Tepeliyə buraxacaq, həm də canlı yayında. Bu devir-təslim də türk tv-lərində ilk dəfə yaşanmış olacaq. Selçuk bu gün Habertürk TV-dəki işinə vida etdi.

 

Hərçənd ki, Selçuk Tepeli haqda bir sıra narazılıqlar da var. Deyirlər ki, Selçuk "Aktüel" dərgisini idarə edə bilmədi, jurnal qapandı. "Newsweek Türkiye"nin başına keçdi, qapandı. Habertürk qəzetində də eyni şey. Yalnız qibtə edib, paxıllığını çəkənlər də az deyil, bu da ayrı məsələ…

 

İndi gələk Fatih Portakalın istefasının pərdə arxasına…

 

Çox az adam bilir ki, Fatih Portakal və Ekrem İmamoğlu tələbəlik dostlarıdır. Və çox az insan bilir ki, Ekrem İmamoğlunun seçkilərini maddi olaraq dəstəkləyən qaradənizli bir işadamı (adını hələlik yazmıram) bu yaxında OlayTV adlı bir kanalın isim və frekansını (tezliyini) alaraq bu televiziyanı müxalifətin ruporuna çevirməyə hazırlaşır. Və media koridorlarında gəzən xəbərlərə görə kanalın başına da Fatih Portakal keçəcək. OlayTV "rebrending" yapıb adını dəyişdirəcəkmi, bilmirəm. Kanalın ən yaxşı halda 2021/22 yayın ilinə, yəni gələn ilin 1 sentyabrına efirə çıxacağı düşünülür.

 

Digər tərəfdən, Türkiyənin ən çox satan və ölkənin ən güclü müxalifət qəzeti olan "Sözcü" də bir müddətdir ki, tv kanalı açmaq üçün çalışmaqdadır. Məndə olan xəbərlərə görə bu kanalın texniki bazası artıq hazırdır, qalır onun frekans və b. icazələrini almaq. "Sözcü"nün sahibi iddialıdır, demək ki, hökümətin problem çıxarmayacağını bilir.

 

Türkiyənin yüzlərlə tv, qəzet və xəbər portalları açıq aşkar iqtidar yönümlüdürlər. "Sözcü" qəzetini, HalkTV, Tele1, KRT kimi kanalları çıxmaq şərti ilə ölkə bir zamanlar mövcud olan rəngarəngliyini itirimişdi. Və indi birdən-birə yaradılmağa çalışan "çeşidlilik", plüralist yanaşma, alternativ fikrə yol açma təşəbbüsləri insanda müxtəlif fikirlər yaradır. Prezident Erdoğan və komandası informasiya təhlükəsziliyi haqda düşünür demək, dünyada gedən prosesləri izləyərək müəyyən yumşalmaya rəvac verir yəqin.

 

Olsun ki, mən bir az sadəlövhcə baxıram proseslərə, olsun ki, mən hələ də nağıllara inanıram (zatən başqa çarəm də yoxdur), ancaq Türkiyədə medianın yenidən dizayn edilməsinin arxasında bir də 21-ci əsrin verdiyi texnoloji imkanları da var, şübhəsiz. Youtube-dakı səviyyəli kanallar (təəssüf ki, bizim bir kanalımız belə bu müasir tələblərə cavab vermir), internet TV-lər artıq ciddi-ciddi klassik TV-lərin qorxulu kabusuna çevriliblər.

 

Bilirsizmi içimdən hansı cümləni yazmaq gəlir sonda - "Bu haqda yeni məqaləmdə daha ətraflı yazacam". Ancaq bu cümləni yazmıram, çünki məqalə filan yazmayacam. Nə üçün və hara yazım?. Salamatı elə bura, dostlarıma yazmaqdır...

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi