Magistratura səviyyəsində növbəti illərdə boş plan yerlərinin sayının 50 faizədək azaldılması mümkün ola bilər. Hazırda isə ixtisaslar üzrə müəyyənləşdirilən fənn limitləri bir sıra namizədlərin müsabiqədə iştirakına imkan vermir. Belə ki, tələb olunan limiti keçə bilməyən şəxslər topladıqları ümumi baldan asılı olmayaraq seçim mərhələsinə buraxılmırlar. Bu məhdudiyyət magistratura üzrə plan yerlərinin tam dolmamasının əsas səbəblərindən biri ola bilərmi?
Bu il magistraturaya qəbul zamanı boş qalan plan yerləri diqqət çəkdi. İxtisaslar üzrə müəyyənləşdirilən fənn limitləri bir sıra namizədlərin müsabiqədə iştirakına imkan vermədi. Belə ki, tələb olunan limiti keçə bilməyən şəxslər topladıqları ümumi baldan asılı olmayaraq seçim mərhələsinə buraxılmadılar. Bu məhdudiyyət magistratura üzrə plan yerlərinin tam dolmamasının əsas səbəblərindən biri ola bilərmi?
Mövzu ilə bağlı təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri Modern.az-a açıqlama verib.
Təhsil eksperti bildirib ki, 2026-cı il magistraturaya münasibətdə artım tempinə görə fərqlənən illərdən biridir. Həm fevralda keçirilən birinci qəbul imtahanında, həm də may ayında keçirilən ikinci mərhələdə magistr adını almaq istəyənlərin sayı ötən illərin göstəricilərini qabaqlayıb.
“Bu il sənəd məlumatlarına görə 26 mindən çox namizəd qeydiyyatdan keçmişdi. Əsl göstərici budur. İndi plan yerləri niyə boş qaldı, niyə tam dolmadı? Bu, ayrıca söhbətin mövzusudur”, - deyə E.Nuri bildirib.
Onun sözlərinə görə, boş plan yerlərinin yaranmasının əsas səbəblərindən biri namizədlərin imtahanda tələb olunan 50 ballıq limiti keçə bilməməsidir. Limit balını toplaya bilməyən şəxslər ixtisas seçiminə buraxılmır.
E.Nuri deyib ki, ikinci əsas səbəb magistratura üzrə ödənişli təhsilə münasibətlə bağlıdır. Onun sözlərinə görə, bəzi namizədlər kifayət qədər bal toplamadıqda dövlət sifarişli yerlərə düşə bilmədikləri kimi, ödənişli yerləri də seçmirlər.
“Biz bakalavriat səviyyəsində dörd il ərzində ödənişli təhsil almağa normal baxırıq, amma iki illik magistratura təhsilinin ödənişli olmasına o qədər də normal yanaşmırıq”, - deyə ekspert vurğulayıb.
Təhsil ekspertinin sözlərinə görə, üçüncü mühüm amil magistratura təhsilinin iş qrafiki ilə uyğunlaşmamasıdır. O bildirib ki, magistratura oxumaq istəyənlərin böyük əksəriyyəti işləyən şəxslərdir və bəzi hallarda universitetdə dərslərin iş saatları ilə üst-üstə düşməsi onların təhsildən imtina etməsinə səbəb olur.
E.Nuri qeyd edib ki, bəzi universitetlərdə magistratura dərslərinin axşam saatlarında keçirilməsi bu baxımdan müsbət haldır. Lakin bütün ali təhsil müəssisələrində belə imkanın yaradılmaması boş plan yerlərinin artmasına təsir göstərə bilər.
Ekspert hesab edir ki, boş qalan plan yerlərinin əsas səbəbləri arasında fənn limitlərini və digər məqamları ön plana çıxarmaq düzgün deyil. Onun sözlərinə görə, əsas amillər namizədlərin tələb olunan balı toplaya bilməməsi, ödənişli təhsilə marağın aşağı olması və iş qrafiki ilə dərs cədvəlinin uyğun gəlməməsidir.
Nicat Rüstəm