İran ABŞ-ın Tehran tərəfindən irəli sürülən bütün şərtləri qəbul etməyəcəyi təqdirdə Vaşinqtonla danışıqlar aparmayacaq.
Modern.az xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri İbrahim Əzizi “X” sosial şəbəkəsindəki hesabında yazıb.
“Vaşinqton İranın bütün şərtlərini qəbul etməyənədək ABŞ-la danışıqlar olmayacaq”, – deyə Əzizi bildirib.
İranlı deputat ABŞ-ı Tehranın qətiyyətini yenidən sınamağa cəhd edəcəyi təqdirdə bunun nəticələrinin ağır olacağı barədə də xəbərdar edib.
Onun sözlərinə görə, belə bir addım yalnız ABŞ-ın yeni məğlubiyyətlərinə və bunun “qiymətinin” daha da artmasına səbəb olacaq.
“Qətiyyətimizi yenidən sınamağınız yalnız biabırçı məğlubiyyətlərinizin qiymətini artıracaq. Şübhəsiz ki, miqyasından asılı olmayaraq heç bir cinayət cavabsız qalmayacaq”, – deyə Əzizi vurğulayıb.
İran parlamentinin komissiya sədri əlavə edib ki, Tehranın cavabı “dağıdıcı, daha ağrılı və ibrətamiz” olacaq və ABŞ-ın məğlubiyyətləri silsiləsinin davamına çevriləcək.