Modern.az

Yunanıstan Türkiyə ilə müharibəyə hazırlaşır? - Hər iki tərəf silahlanır

Yunanıstan Türkiyə ilə müharibəyə hazırlaşır? - Hər iki tərəf silahlanır

Analitika

Bu gün, 14:57

Yunanıstanın son dövrlərdə müdafiə sahəsinə yatırımlarını sürətlə artırması Afinanın uzunmüddətli hərbi planları ilə bağlı sualları yenidən gündəmə gətirib.

Modern.az xəbər verir ki, Yunanıstan İtaliya ilə iki döyüş freqatının alınmasına dair müqavilə imzalayıb. Sazişi iki ölkənin müdafiə nazirləri imzalayıb. Bergamini tipli iki freqatın ümumi dəyərinin 500 milyon avro olacağı bildirilir. Gəmilərdən biri ümumi təyinatlı tapşırıqların yerinə yetirilməsi, digəri isə sualtı qayıqlara qarşı mübarizə üçün nəzərdə tutulub.

Bununla yanaşı, Afina Fransadan “Belharra” sinifli 4 freqat da sifariş edib. Yunanıstanın yenidən silahlanma proqramı bununla məhdudlaşmır. Afina 2036-cı ilə qədər müdafiə və hərbi texnikanın yenilənməsinə təxminən 28 milyard avro xərcləməyi planlaşdırır. Ötən ay isə Yunanıstan İsraillə hava və raket hücumlarından müdafiə sisteminin alınması üçün 3 milyard avro dəyərində müqavilə imzalayıb. Söhbət “Achilles Shield” (“Axilles qalxanı”) sistemindən gedir.

Bütün bunlar Yunanıstanın iqtisadi çətinliklərlə üzləşdiyi bir dövrdə baş verir. Bu səbəbdən Afinanın müdafiə xərclərini belə böyük həcmdə artırması ölkənin gələcək hərbi strategiyası ilə bağlı müzakirələrə səbəb olur.

Əsas sual isə Türkiyədir

Yunanıstan və Türkiyə NATO üzvü olsalar da, iki ölkə arasında uzun illərdir bir sıra ciddi fikir ayrılıqları mövcuddur. Egey dənizində ərazi və dəniz sərhədləri, hava məkanı, Kipr məsələsi və Aralıq dənizindəki enerji resursları Ankara ilə Afina arasındakı münasibətlərin ən həssas mövzuları sırasındadır. Son illərdə bu rəqabətə enerji amili də əlavə olunub.

Şərqi Aralıq dənizində, xüsusilə Kipr ətrafında böyük neft və təbii qaz ehtiyatlarının aşkarlanması regiondakı geosiyasi rəqabəti daha da gücləndirib. Söhbət potensial dəyəri yüz milyardlarla dollarla ölçülən enerji yataqlarından gedir.

Burada əsas məsələ yalnız yataqların özünün kimə məxsus olması deyil. Dəniz sərhədlərinin müəyyənləşdirilməsi, iqtisadi zonaların bölüşdürülməsi və enerji marşrutlarına nəzarət də Ankara ilə Afinanın qarşı-qarşıya gəldiyi məsələlərdəndir. Digər tərəfdən, Yunanıstanın İsraillə hərbi əməkdaşlığını genişləndirməsi də diqqət çəkir. İsrail-Türkiyə münasibətlərinin uzun müddətdir gərgin qalması fonunda Afina ilə Təl-Əviv arasında müdafiə sahəsində yaxınlaşma Ankara tərəfindən də izlənilir.

Bununla belə, 28 milyard avroluq yenidən silahlanma proqramı, yeni freqatlar, hava-raket hücumundan müdafiə sistemi və İsraillə hərbi əməkdaşlığın genişlənməsi Yunanıstanın regionda hərbi imkanlarını ciddi şəkildə artırmağa hazırlaşdığını göstərir. Beləliklə, məsələ “Yunanıstan Türkiyə ilə müharibəyə başlayacaqmı?” sualından daha çox, “Afina mümkün gələcək qarşıdurmada hərbi üstünlüyünü artırmağa çalışırmı?” sualı ətrafında müzakirə oluna bilər.

Şərqi Aralıq dənizində enerji ehtiyatları, dəniz sərhədləri və geosiyasi ittifaqlar ətrafında rəqabət davam etdikcə, Ankara-Afina münasibətlərində hərbi amilin çəkisinin daha da artması ehtimalı istisna edilmir.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi