Modern.az

Ceyhun Bayramov Gürcüstan prezidenti ilə bölgədəki durumu müzakirə etdi

Ceyhun Bayramov Gürcüstan prezidenti ilə bölgədəki durumu müzakirə etdi

24 Sentyabr 2020, 22:46

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Salome Zurabişvili ilə görüşüb.

Modern.az xəbər verir ki, Gürcüstan prezidenti Salome Zurabişvili Nazir Ceyhun Bayramovu Xarici İşlər naziri təyin edilməsi münasibətilə təbrik etdi və ona səmimi arzularını çatdırdı. Həmçinin Nazirin fəaliyyəti dövründə iki ölkə arasında münasibətlərin daha da möhkəmləndirilməsi istiqamətində addımlar atılacağından ümidvar olduğunu ifadə etdi. Prezident Salome Zurabişvili səmimi salamlarının Azərbaycan Respublikası Prezidentinə çatdırılmasını xahiş etdi.

Öz növbəsində, Nazir Ceyhun Bayramov Azərbaycan Respublikası Prezidentinin salamlarını qarşı tərəfin diqqətinə çatdırdı.

Nazir səfəri çərçivəsində iki ölkə arasında yüksək səviyyəli əməkdaşlıq münasibətləri üzrə olduqca faydalı müzakirələrin aparıldığını qeyd etdi. İki ölkə arasında hər üç - siyasi, iqtisadi və humanitar istiqamətlərdə münasibətlərin inkişaf etdirilməsinə eyni səviyyədə əhəmiyyət verildiyi qeyd olundu.

Tərəflər bölgədə mövcud olan həll olunmamış və regional təhlükəsizliyə ciddi təhdid olan münaqişələri qeyd edərək, bu münaqişələrin həll olunmasında oxşar mövqe sərgilədiklərini diqqətə çatdırdılar. Ölkələrimizin bir birlərinin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə hörmətlə yanaşdığı vurğulandı.

Ölkələrimiz arasında həm ikitərəfli, həm də çoxtərəfli formatda beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd olundu.

Hər iki ölkənin iştirakı ilə həyata keçirilən iqtisadi, enerji, nəqliyyat layihələrindən bəhs edildi. Regional dəhlizlərin imkanlarının daha da genişləndirilməsi ətrafında fikir mübadiləsi aparıldı. Tərəflər, həmçinin turizm, humanitar, mədəniyyət sahələrində əməkdaşlıq məsələlərini müzakirə edilər.

Gürcüstan prezidenti bölgədə sülh və sabitliyin təmin olunmasının vacib olduğunu vurğuladı.

Nazir Ceyhun Bayramov öz növbəsində, Ermənistanın işğalçılıq siyasəti və onun ağır nəticələrinə diqqəti yönəldərək Ermənistan rəhbərliyinin son təxribatçı fəaliyyəti barədə Gürcüstan Prezidentinə məlumat verdi. Münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyi vurğulandı.

Mövcud pandemiya şəraitində dövlətlərin həmrəylik və əməkdaşlığına olan yüksək ehtiyac qeyd olundu və bu xüsusda iki ölkə arasında yüksək əlaqələndirmə və əməkdaşlığın mövcud olduğu vurğulandı.

Görüşün sonunda Prezident Salome Zurabişvili Azərbaycan Respublikasının Prezidentini və Birinci vitse-prezidenti Gürcüstana səfərə dəvət etdi.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edildi.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub