Modern.az

Kəlbəcər məktəbindən rekord - 56 məzundan 50-si yüksək balla  tələbə oldu - Direktor danışır

Kəlbəcər məktəbindən rekord - 56 məzundan 50-si yüksək balla  tələbə oldu - Direktor danışır

25 Sentyabr 2020, 15:32

“Yüksək nəticə göstərəcək şagirdlər lap əvvəldən, ibtidai sinifdən seçilirlər”

 

Modern.az xəbər verir ki, bu sözləri AzEdu.az-a açıqlamasında Kəlbəcər rayonu 23 nömrəli məktəbin direktoru Həqiqət Şükürova deyib.

 

Bu il ali məktəblərə qəbul imtahanında məcburi köçkün məktəbinin  56 məzunundan 50-si ali məktəbə qəbul olunub.

 

Rəhbəri olduğu  təhsil müəssisəsi haqqında danışan direktor  şagirdlərdən lap əvvəldən belə nəticə gözlədiklərini bildirib:

 

“Yüksək nəticə göstərəcək şagirdlər lap əvvəldən, ibtidai sinifdən seçilirlər. 

 

Onu deyə  bilərəm ki,  builki məzunlarımızdan ibarət sinif  seçilmiş sinif idi. Orada ancaq prinsipial  şagirdlər  təhsil alırdılar. Aralarında oxumayan şagird demək olar ki, yox idi.

 

Valideyn şikayəti ya da  dərslə bağlı heç bir problemləri olmayıb. Məktəb olaraq bu şagirdlərdən, onsuz da belə nəticə gözləyirdik”.

 

“Gündəlik demək olar ki, 20 valideynlə danışırdım”

 

Həqiqət xanım uşaqların uğurlarında məktəb və valideynlərin rolundan da söz açdı:

 

“Onlar  IX sinfə keçəndə məktəbə yeni direktor  təyin olunmuşdum. O vaxt  çox istəyirdim ki, bu uşaqlardan hər biri IX sinif şəhadətnamə imtahanında  yaxşı nəticə göstərsinlər. Bu cür də oldu. Müəllimlərimiz  imtahana hazırlıq çərçivəsində  şagirdlərə dərsdən sonra əlavə hazırlıqlar keçirdilər.  IX sinifdən biz artıq uşaqların məktəbi bitirəndə belə yüksək nəticə göstərəcəklərinin siqnalını alırdıq.

 

Müəllimlərin əməyi danılmaz olsa da, onların belə  bir nəticə göstərməsi isə öz əməklərinin nəticəsidir.  Bildiyimiz kimi, pandemiya dövründə, demək olar ki,  məktəb və repetitor hazırlığı olmadan belə yüksək nəticə əldə ediblər. Onların evdə də daim dərslərə davam etdiklərindən əmin idik. Nəticə də göz qabağındadır.

 

Valideynlər  də daim müəllimlərlə, mənlə əlaqə saxlayırdılar. Onlar  məktəblə ən çox əlaqə saxlayan valideynlər idilər. Mən gündəlik demək olar ki, 20 valideynlə danışırdım. Onlar övladlarının təhsili ilə maraqlanırdılar”.

 

“Məzunlarımız daha çox, ADA, UNEC və BDU-ya qəbul olunublar”

 

Direktor, məzunların ən çox qəbul olduqları universitetlər haqqında da məlumat verdi:

 

“56 məzunumuzdan 50-si ali məktəbə qəbul olunublar. Qalan  6 məzunumuzdan 2-si yüksək temperaturu olduğu üçün imtahana buraxılmadı. Onlar Heç attestatlarını belə almayıblar, təkrar imtahan verəcəklər.  4 məzunumuz isə kolleclərə müraciət ediblər.

 

Ali məktəbə qəbul olunan məzunlardan, təxminən, 10-u 600-dən yuxarı bal toplayıb. Həmin şagirdlərin 8-i məktəbi qırmızı attestatla bitiriblər. Onların arasında fənn olimpiadalarında məktəbimizin üzünü ağ edənlər də var. Bu ilki yüksək ballı məzunlarımız daha çox, ADA, UNEC və BDU-ya qəbul olunublar.

 

Ən yüksək bal toplayan məzun tanınmış müğənni Vasif Məhərrəmlinin qızı Nigar Məhərrəmlidir. 670 balla ADA universitetinin Hüquqşünaslıq ixtisasına qəbul olunub”.

 

“Bütün bu sarsıntılara baxmayaraq o, imtahanda 614 bal topladı”

 

Söhbət əsnasında Həqiqət xanım məzunların yaşadıqları maddi mənəvi çətinliklərə də toxundu:

 

“Yüksək bal toplayan məzunların arasında maddi və ailəsi ilə bağlı problem yaşayanlar da var.

 

Elə məzun var ki, heç kəsin ondan gözləmədiyi nəticəni göstərmişdi. Belə ki, həmin oğlanın atası imtahandan 10 gün əvvəl intaha etmişdi. Bütün bu sarsıntılara baxmayaraq o, imtahanda 614 bal topladı.

 

Daha sonra eyni sinifdə oxuyan bacı-qardaş da vardı ki, maddi cəhətdən çətinlik çəksələrdə imtahanda 590 və 580 bal toplamışdılar. Evdə onlardan kiçik də 2 azyaşlı bacı qardaşları davardı. Bütün ailə  1 otaqlı evdə kirayə yaşayırlar. Onlar doğru-düzgün heç hazırlığa belə getməmişdilər. Bütün bunlara baxmayaraq, respublika fənn olimpiadalarında da daim məktəbimizin üzünü ağ edirdilər”.

 

“Gələn ilki məzunlarımızdan da yüksək nəticə gözləyirik”

 

Sonda, Həqiqət Şükürova məktəbin bundan sonra da yüksək nəticə göstərəcəyinin xəbərunu verdi:

 

“Gələn ilki məzunlarımızdan da bu ilkilər qədər olmasa da  yüksək nəticə gözləyirik. Bir də belə nəticəni  2021-2022-ci ilin ildə məzun olacaq şagirdlərimizdən gözləyirik. Onlar hazırda X sinifdə oxuyurlar.”

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır