Modern.az

Beynəlxalq təşkilatlar etiraz etmir: torpaqlarımızın azad edilməsini özümüz tezləşdirməliyik  

Beynəlxalq təşkilatlar etiraz etmir: torpaqlarımızın azad edilməsini özümüz tezləşdirməliyik  

25 Sentyabr 2020, 15:40

Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videoformatda çıxış edib. Prezident çıxışı zamanı  ATƏT-in fəaliyyəti barədə danışıb.

 

“Təəssüf ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyəti heç bir nəticə verməmişdir. Danışıqlar imitasiya naminə aparılmamalı, nəticəyönümlü və məzmunlu olmalıdır. ATƏT-in Minsk qrupunun həmsədr ölkələri - Rusiya, Fransa və ABŞ prezidentlərinin bəyanatlarında status-kvonun qəbuledilməz olduğu vurğulanmışdır. Biz həmin bəyanatları alqışlayırıq, lakin bəyanatlar kifayət etmir. Bizim real addımlara ehtiyacımız var. Otuz ilə yaxın danışıqlar prosesində iştirakımız sülhə sadiqliyimizin bariz nümunəsidir. ATƏT-in Minsk qrupunun bütün 11 üzvü prosesdə fəal iştirak etməlidir”.

 

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Modern.az-a açıqlamasında bildirib ki,  Azərbaycan  hakimiyyətinin, siyasi dairələrin və  cəmiyyətin ATƏT-in Mink qrupu həmsədrlərinə  münasibəti bəllidir:

 

“İllərdir ki, görüşlər həyata keçirir, planlar hazırlayırlar. Dəyişən heç nə yoxdur.  İşğal da davam edir. Özlərinin hazırladığı mərhələli Madrid planını işğalçıya qəbul etdirmək istəmirlər.

 

Təbii ki, bu da Azərbaycanı narazı salır. Azərbaycan Prezidenti də haqlı olaraq qeyd edib ki, danışıqlar nəticəsizdir. Bundan sonra da bu qədər danışıqlar aparmağın heç bir nəticəsi olmayacaq”.

 

Ekspert dövlət başçısının BMT-ki çıxışının vacibliyinə də toxunub: “BMT-də dövlət başçısının çıxışı həm də o baxımdan vacibdir ki, BMT Təhlükəsizik Şurasının 4 qətnaməsi var. Bu qətnamələr də yerinə yetirilmir. Hər zaman bu qətnamələri BMT-də qaldırmaq istəyəndə məsələni üzərlərindən atıb ATƏT-ə yükləyirlər. Düşünürəm ki, danışıqlar mərhələsi bitib və yekunlaşıb. Biz artıq yekun həllə hazırlaşmalıyıq. Dövlət başçısı da son çıxışlarında bu məsələni dönə-dönə vurğulayıb”.

 

Elxan Şahinoğlu münaqişənin həllini özümüzün tezləşdirməli olduğumuzu xatırladıb:

 

“Ümumiyyətlə, tarix boyu olmayıb ki, hansısa dövlət digər dövlətin ərazisini işğal edibsə, onu danışıqlar yolu ilə azad edələr. Bütün beynəlxalq təşkilatların sənədləri bizim xeyirimizədir və haqlı olduğumuz qeyd edilib. Ancaq məsələ bu formada həll olunmayacaq. Məsələ bizim hərbi təzyiqi artırmaqla, Türkiyə ilə hərbi ittifaqımızı gücləndirməklə olacaq. Bu gün Qarabağda baş verənlər hər kəsə məlumdur. Erməni təxribatı davam edir və heç bir beynəlxalq təşkilat bunun qarşısını almır. Münaqişənin həlli bir tərəfə, qanunsuz məskunlaşmalara heç kim beynəlxalq təşkilat etiraz etmir. Hesab edirəm ki, münaqişənin həllini özümüz tezləşdirməliyik”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...