Modern.az

Deputat: “Beynəlxalq təşkilatlar Ermənistanın təxribatlarına adekvat cavab verməlidirlər”

Deputat: “Beynəlxalq təşkilatlar Ermənistanın təxribatlarına adekvat cavab verməlidirlər”

25 Sentyabr 2020, 18:27

 

“Beynəlxalq ictimaiyyət, xüsusən də ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanı Azərbaycana qarşı təxribat törətməkdən çəkindirmək üçün gecikmədən əməli addımlar atmalıdırlar. Onlar Ermənistanın öz hərbi qüvvələrini təmas xəttində, dövlət sərhədində cəmləşdirməsinin qarşısını almalıdırlar. Çünki bütün bunlar Ermənistanın müharibəyə hazırlaşdığını və Azərbaycana qarşı yeni təxribatlar törədəcəyini indidən göstərir”. 

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Ülvi Quliyev bildirib. 

 

O vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 25-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edərkən regionda gərgin vəziyyətin yarandığını bildirdi və bunun səbəblərini detallı şəkildə açıqladı: “Cənab Prezident, həmişə olduğu kimi, bir daha fikirlərini açıq mətinlə və səmimi şəkildə həm xalqımıza, həm də beynəlxalq ictimaiyyətə bir daha çatdırdı. Azərbaycan xalqı öz Prezidentinin arxasındadır və onun tapşırıq və tövsiyələrini yerinə yetirməyə hər an hazırdır. Xüsusən də söhbət işğal altındakı torpaqlarımızın azad edilməsindən gedirsə, xalqımız burada vahid mövqeyə malikdir, xalq və Prezident həmrəyliyi ortadadır. Dövlət başçısı da xalqımızın bütün məsələlərdən məlumatlı olması üçün real vəziyyəti cəmiyyətimizlə bölüşür”. 

 

Ü.Quliyev hesab edir ki, beynəlxalq ictimaiyyət Prezident İlham Əliyevin çağırışlarına daha həssas yanaşmalıdır:

 

“Cənab Prezident Avropa Komissiyasına mesaj göndərdi. İndi Avropa liderləri, diplomatları işğalçı Ermənistanı durdurmaq üçün təxirəsalınmaz tədbirlər görməlidirlər. Amma bu iş əməli addımlar formasında olmalıdır. Çünki sözlə, bəyanatla işğalçıya təsir etmək, göründüyü kimi mümkün deyil. Avropalı diplomatlar, ATƏT-in Minsk qrupunun həmsədrləri uzun illərdir bölgəyə səfərlər edirlər, Bakıda, Yerevanda, Avropa məkanlarında görüşlər keçirirlər, sonda isə bir ümumi bəyanat verməklə kifayətlənirlər. Hanı həmin səfərlərin, bəyanatların real nəticəsi? Biz onları görmürük, Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlamaqda davam edir. Üstəlik Qarabağda qanunsuz məskunlaşdırma aparır, ilhaq siyasətini davam etdirir, yeni ərazilərin işğalı məqsədi ilə yeni müharibə ideologiyasını təbliğ edir. Dünya dövlətləri, ilk növbədə həmsədrlər nəzərə almalıdırlar ki, sadəcə bəyanat səsləndirmək dövrü arxada qalıb və diplomatiyadakı bu ritorika artıq effektiv deyil. Ermənistanın hərbi təxribatları nəticəsində bölgədə vəziyyət gərginləşib və günü-gündən gərginlik artmaqda davam edir. Bunun məsuliyyəti yalnız Ermənistanın üzərinə düşür.  

 

Ermənilərin təxribatları yalnız Azərbaycana qarşı yönəlməyib, eyni zamanda Avropa, bütövlükdə dünyaya ciddi təhlükə yaradır. Çünki Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. İşğalçı ölkə son hərbi təxribatını sərhədin Tovuz rayonu istiqamətində törətdi. Bu ərazidə beynəlxalq əhəmiyəytli, strateji enerji və nəqliyyat nfrastrukturu yerləşir. Ermənistanın əsas məqsədi həm də həmin infrastrukturu sıradan çıxarmaqdır. Avropa və dünya dövlətləri Ermənistanın təxribatının təhlükə səviyyəsinə daha ciddi yanaşmalı və onların qarşısını almaq üçün qətiyyətli söz deməlidirlər”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...