Modern.az

Savaş müxbiri: “Redaksiya cəbhəyə getmək istəyimi müsbət qarşıladı” - MÜSAHİBƏ

Savaş müxbiri: “Redaksiya cəbhəyə getmək istəyimi müsbət qarşıladı” - MÜSAHİBƏ

19 Oktyabr 2020, 14:54

Cəbhə jurnalistləri də səngər adamlarıdır. Onlar döyüşlər gedən müddətdə öz həyatlarını təhlükəyə ataraq, qaynar bölgələrdə reportajlar hazırlayırlar. Hazırda cəbhədə çalışan jurnalistlərindən biri Qafqazinfo-nun əməkdaşı Emin Səfərovdur.

Emin Səfərov Modern.az-ın müxbirinə savaş təəssüratlarını danışıb.


- Emin bəy, hazırda cəbhədə vəziyyət necədir?


- Cəbhəboyu zonada vəziyyət gərgin olaraq qalır. Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq, yaşayış məntəqələrimizi atəşə tutmağa davam edir. Elə bunun nəticəsidir ki, səhər saatlarında düşmənin atdığı mərmi Tərtərdə daha bir mülki vətəndaşımızı yaraladı.


- Müharibənin birinci günü ilə indiki döyüşlər arasında nə kimi fərqlər var?

- İndi bütün istiqamətlərdə üstünlük bizim nəzarətimizdədir. Bəzi yerlərdə Ermənistan ordusunun mövqeləri, canlı qüvvəsi, zirehli texnikaları darmadağın edilib. Hər halda, az qala hər gün bir sıra ərazilərimizin işğaldan azad edilməsinin açıqlanması sualın tam cavabıdır.


- Cəbhə bölgəsinə öz istəyinizlə getmisiniz? Jurnalistlər üçün orada şərait necədir?

- Bəli, cəbhə bölgəsinə öz istəyimlə gəlmişəm və bu təşəbbüsüm də redaksiya tərəfindən müsbət qarşılanıb. Şərait baxımından hər hansı problem yoxdur. Həm əhali, həm də əsgərlərdə əhval-ruhiyyə çox yüksək səviyyədədir. 7-dən 77-yə hər kəs qələbəyə köklənib və hamı buna inanır. Birliyimiz qazanılan qələbələrin təməlini təşkil edir.


- Azad olunmuş torpaqlardan hansılarda olmusunuz?

- Azad olunmuş torpaqlardan Tərtərin Talış kəndində olmuşam. Çox möhtəşəm hislərdir, bunu sözlə ifadə etmək olmur. Talış kəndində olanda danışmağa söz tapmadım. Sözlə ifadə olunası bir hiss deyil.


- Cəbhə bölgəsində xarici media nümayəndələri də var. Onların hadisələrə münasibəti necədir?

- Xarici media nümayəndələrindən daha çox türklər üstünlük təşkil edir. Bizim jurnalistlər kimi, onlar da fəallıq göstərirlər. Bizlərdən biri kimi can yandırırlar.


Mehri Qurban

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub