Modern.az

Gözün aydın, AZƏRBAYCAN!

Gözün aydın, AZƏRBAYCAN!

Ədəbi̇yyat

25 Oktyabr 2020, 00:16

(Rekviyem)

Deyir, axar suya bir kərə girə bilərsən, ikinci kərə girə bilməzsən, çün  o su axandır, dayanıb gözləməz.


Deyir, su gələn arxa bir də su gələr... Yeri durursa, su axıb çuxurunu bulacaq.


Deyir, su mundarlıq götürməz, çünki bütün mundarları suyla təmizləyirlər...


Deyir, Vətən beşikdən evə, evdən yurda,yurddan  elə, eldən  ürəyəcən olandır... Qorudun evindir, əkdin dənindir, yaşadın  məskənin , öldün qəbir yerindir.


XXX


İçimizin qaysaq tutmayan yarasıydı Qarabağ... Bir ömrün yarısını əsirlikdə qalmışdı. Beyrək 16 il düşmənə tutsaq oldu, ağlamaqdan atasının gözləri  tutuldu, dərmanı Beyrəyin Boz Ayğırının nalındakı torpaq oldu.Deməli, torpaq məlhəmdir, tütyədir, üstündə gəzənin gözünün üstə tutduğudur... “Mənim  sadiq yarım qara torpaqdır”, - deyən Aşıq Veysəldir.  Torpaq anadır, ANA VƏTƏNDİR. Torpaq qətiyyətdir, yumruq olmaq, yumruq vurmaqdır. Kəm baxanın gözünü ovmaqdır.


XXX


Mən ilk dəfə Qarabağa gedəndə 1978-ci ilin fevralı idi. Tələbə yoldaşım Ağaşiringilə -- Böyük Mərcanlıya qonaq getmişdim.  Şəhərə bənzəyən – böyüklüyü, vağzalı, dəmir yolu ilə-- bu kəndin adamlarını, adamlarının istiqanlılığını görən kimi içimə bir ilıqlıq, məhəbbət yayıldı, özümü evimizdə hiss elədim. Bu kənddə çoxlu dost qazandım... Çərkəz Məcid, Hüseyn Əfəndi kimi, Sevindik müəllim kimi.Əslində Böyük Mərcanlı evim idi...


İki il sonra  yenidən Böyük Mərcanlıya  38 yaşında dünyaya əlvida deyən Sevindik müəllimin yasına getdim. Tələsik getdiyimizə görə Bakı—Füzuli avtobusu ilə getdik, deyəsən, o vaxt Mardakert deyilən qəsəbədən keçəndə bir abidə və üzərində “Marağa 150”yazısını gördüm. Öyrəndim ki, ermənilər bu gözəl diyara gəlmələrinin 150 illiyinə seviniblər  1978-ci ildə. On il sonra o abidəni it sürütməsi eləyib izini itiriblər, gəlmə olduqları bilinməsin deyə.Və beləcə yaşına—yaşına keçiblər ocaq başına.  Ocaq yiyəsinin ocağına su calayıblar...  Bəla elə gəlib, elliklə gəlib.


Rəhmətlik Etibar Etibarlı söyləyirdi ki, Hüseyn Əfəndi ilə Füzulinin bizdə olan kəndlərinə ezamiyyətə getmişdik. Horadüzün üst tərəfindəki yerdən aşağılara baxan Hüseyndən bir hönkürtü qopdu, bir hönkütü qopdu, məni də özünə qatdı. Sən demə aşağıda Hüseynin Böyük Mərcanlısının xarabalıqlrı inləyirmiş, Hüseynin uşaqlığı, qayğısız illəri can verirmiş... İndi  bir vaxt yazdığım “Cocuq Mərcanlını Cəbrayıl edək”sözlərinin qapısı Böyük Mərcanlıdan açıldı. Gülüşü lətifələri ilə məşhur olan Sirikdə şaqqıldadı. Xan Çinar yenidən pöhrələdi, nəfəs aldı, kəhrizlərin suyu durulmağa başladı.


Ruhun şad olsun, Hüseyn ! Mərcanlın ruhunla birgədir...


Ruhun şad olsun, Çərkəz müəllim!


Ruhun şad olsun, Sevindik müəllim!


Gözün aydın, Vaqif Bayatlı!  O görünən kənd bizimdir.


XXX


Cəbrayıldan Zəngilana nə qədər yol var ki?! Sən bilərsən əsrlər yadigarı  Xudafərin!O yolu kənd—kənd gedir igidlərimiz, yol gedənin, su içənindir.Yolunuz açıq olsun, yolumuz uğurlu olsun!


-BƏXTƏVƏR GEDƏN BAŞINA-

Paşam, daşdı Xudafərin,
Əzəldən qarğayanı var.
Əlindədi dərdi- sərin,-
Yoraraq saxlayanı var.

 

Haqsızları çıxır haqlı,-
Qurbandı qolları bağli.
Bu taydan yolları bağlı,
O taydan qoxlayanı var.

 

Çuvala yığıb cidanı, 
Qurutdular çox ovdanı.
Yoxdu könül ovudanı, 
Yüz könül dağlayanı var.

 

Əl uzatmadıq daşına,
Yaza bizi yaddaşına...
Bəxtəvər gedən başına,
Yolun da yoxlayanı var.

 

Osman, gələn yox haraya,
Gün düşməz bulanıq çaya.
Tağlarını yağış yuyar,--
Deyərlər, ağlayanı var...

3 avqust 2018.


İki ildən sonra bu yolun bəxtəvəri sən oldun, Azərbaycan əsgəri!


Zəngilanın yolu da sənin əlinlə üzümüzə açıldı. Qoluna qüvvət!Dağlarımızı, meşələrimizi yerinə qaydun...


Gözün aydın, Azad Qaradərəli!


Gözün aydın, Teyfur Çələbi!


Gözün aydın, Nur Ayaz!


Gözün aydın, Telman Nüsrətoğlu!


Gözün aydın, Elnur Paşa!


Gözün aydın qucağında çörək kəsdiyim, Çinar meşəsi!


Gözün aydın, övliyalar, ocaqlar, müqəddəsliklər yurdu!


XXX


Bu yolun bir ucu Qubadlıdır.  Qaçaq Nəbinin Mollulu Qubadlısı.


Eldar Baxışın ağrılı Qubadlısı...


Xanəmirin külsoyuğu Qubadlısı ...


Xanlıqdan yuxarı qalxdıqca bərəkət qoxuyan, Mahrızlıda, Başaratda dincini alan, Xınzirəkdə nəfəsi daralan Qubadlı—köhnə Oğuz yurdu... səni oba-oba qurtarır igidlərimiz.


Sevincli, Sevgili günümüz mübarək olsun . Torpağa qurban gedənlərimizin , Azərbaycanın Milli Qəhrəmanı, polkovnik  Şükür Həmidov qardaşımızın ruhu şad olsun. Tanrı bizə belə şeir yazmağı bir daha qismət eləməsin:


BAŞIN SAĞ OLSUN...


Nə yaxşı dil deyirsən,
Təzə-tər, yeni-- ağla...
Qəribim;- deyə-deyə,
İtkin düşəni ağla...


Anandan əmdiyindən,
Nə qalıb dəndiyində...
Karıxıb, təntiyəndə-
Gəlib- keçəni ağla.


Başlamaqdı çətini,
Uzat qiraətini...
Quşun son qismətini,-
Yel alan dəni ağla...


Dağ varsa, aşmaqlıqdı,
Yol varsa, qoşmaqlıqdı.
Qalan alışmalıqdı,--
Əldən gedəni ağla.


Ağı deyəndi adın,
Ustalaşmısan, qadın.
Öləni çox ağladın,
Bir az da məni ağla.
Göz yaşı yüngüllükdür. Qaliblər də ağlayar...

 

XXX

 
Getdikcə əsgərlərimizin əli ilə sıxılan məngənədə qalan, vurnuxan faşistlərin sonuna az qalıb.Ayın bütövlənməsinə az qalıb. Nankor faşistlər hara gəldi qaça—qaça diş qıcayırlar. İtdən sormuşlar, “niyə diş qıcayırsan?” “Qorxuduram”,--demiş. “Bəz, niyə quyruq bulayırsan?” “”Özüm də qorxuram”,--söyləmiş.


Kürdəmirli dostum deyir : “Kürdəmir narına gəl, atəş altında yığıb gətirmişəm.” Gör ha, Kürdəmir hara, Qafan hara...


Yolun Laçın tərəfində olmağımıza az qalıb. Az qalıb, Adil Cəfakeş. Az qalıb İlham Qəhrəman.


Aydın sabah gəlir. Sarı Aşığın Yazşıya baxan qəbri çağırır.


XXX


Və bir də... Necəsiniz, Əlövsət Saldaş, Cəfər Əzizoğlu, Xaqani Həbiboğlu? Ürəyinizə dözüm yükləyin, “bu boyda sevincə dözməyə ürək gərəkdir.” Kəlbəcər Azərbaycandır! Zivələrdə məğrur qalan Daş yerinə mən olaydım!


Gözün aydın, bütövləşən Azərbaycan! Gözün aydın Ali Baş Komandan!


23 oktyabr 2020-ci il.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi