Arxiv
5 Aprel 2021, 08:51 | MEDİA
Bizimkilər - “Moderator”un şef redaktoru: “Həyat yoldaşım reportajlarımı bəyənmir” - MÜSAHİBƏ

Modern.az saytında  “Bizimkilər” rubrikası öz axarında davam edir. Bu rubrikada özümüzünkülərdən – jurnalist həmkarlarımızdan yazır, onları oxucularla daha yaxından tanış edirik. 

Rubrikamızın budəfəki qonağı “Moderator.az” saytının şef redaktoru Xəyalə Rəisdir (Məmmədova).


Arayış:
 Məmmədova Xəyalə Rəis qızı - mətbuatda hər kəs onu daha çox Xəyalə Rəis imzası ilə tanıyır. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatrşünaslıq fakültəsinin sənətşünaslıq ixtisasını bitirib. Bir il Bakı Film İnstitutunda çalışdıqdan sonra “Kaspi” qəzetində teatr yazarı kimi işə başlayıb. Karyerasına mədəniyyət yazarı kimi davam edib. 10 il “Kaspi” qəzetində mədəniyyət yazarı kimi çalışan Xəyalə Rəis 5 aydır ki, “Moderator” İnformasiya Agentliyində şef redaktor olaraq çalışır. Beynəlxalq Jurnalistlər Federasiyasının üzvüdür. Ailəlidir, 6 yaşında əkiz övladları var.


- Xəyalə xanım, əsl peşəniz teatrşünaslıqdır. Deyəsən öz ixtisasınız üzrə çox az müddətdə çalışmısınız. Sonra mətbuat sahəsinə transfer olmusunuz...

- Mətbuata gəlişim məhz teatr vasitəçi olub desəm, daha doğru olar. Amma bu gün öz ixtisasım üzrə də fəaliyyət göstərirəm. Yəni peşəsini davam etdirən çox az sayda teatrşünaslardanam. Mənimlə birlikdə təhsil alan tələbə yoldaşlarımın heç biri bu ixtisas üzrə çalışmadı. Çünki bizim media sahəsində teatr jurnalistikası ilə bağlı heç bir iş yeri, teatrşünasların özünü realizə etmələri üçün şərait yoxdur.

Uşaq yaşlarımda xəbər aparıcısı olmağı arzu edirdim. Bizim yeniyetməlik illərimizdə Qənirə Paşayeva tanınmış jurnalist idi. Zahirən də ona bənzəyirdim, bir az da diribaş şagird idim. Müəllimlərim deyirdi ki, sən də Qənirə kimi jurnalist olacaqsan, imkan verməyəcəksən ki, kiminsə gizlin bir işi olsun.

Mənim jurnalistikaya gəlişim təsadüf nəticəsində baş verdi. Sənətşünaslıq üzrə fəlsəfə doktoru Vidadi Qafarov gənc teatrşünasların özlərini realizə etməsi və mətbuatda teatr yazarlarının yetişməsi üçün “Gənc teatrşünaslar” labaratoriyası yaratdı. İlk günlərdə sıramızda teatrşünaslığı bitirən kifayət qədər gənc olsa da, nəticə etibarı ilə sona 4-5 nəfər qaldıq. Elə o 4-5 nəfərlə də 10 il “Kaspi” qəzetində “Teatr əlavəsi” çıxarmağa nail olduq.  


- “Kaspi” qəzeti uzun müddət iş yeriniz olub. Bu qəzetlə bağlı xatirələriniz olmamış deyil…

- IV kursda təhsil alarkən dərsdən sonra tamaşalara gedir, təhlil yazılar, resenziyalar hazırlayırdım.

Hazırladığım materiallar “Kaspi” qəzetində dərc olunurdu. Universiteti bitirdikdən sonra o zamanlar “Kaspi”nin baş redaktoru olan Əməkdar jurnalist Natiq Məmmədli məni bu qəzetdə mədəniyyət yazarı kimi işləməyə dəvət etdi. Açığı, ilk aylar çox əziyyət çəkdim. Çünki mən yalnız teatr, kino sahəsi üzrə ixtisaslaşmışdım. Qəzetdə isə özümü tapmaqda və öz dəsti-xəttimi yaratmaqda mənə Əməkdar jurnalist Təranə Məhərrəmova yardımçı oldu. Hazırladığım materialları o oxuyur və sonra qəzetdə dərc olunurdu. Mən onun bir az yazı üslubunu və xasiyyətinin az qismini mənimsədim. O, hər zaman deyirdi ki, “jurnalist otaqda yetişmir”. Bugün onun nə demək istədiyini daha yaxşı anlayıram. Çünki bu gün yetişən gənc nəsil media nümayəndələri daha çox “Press-reliz”lərə köklənib. Əziyyət çəkmək istəmirlər.  

“Kaspi” kimi böyük bir məktəbdən dərs aldığım üçün özümü şanslı hesab edirəm.
İndi isə yoluma “Moderator” İnformasiya Agentliyi ilə davam edirəm. Qəzet sisteminə öyrəşmiş biri üçün saytda çalışmaq bir qədər çətindir. Çünki sayt operativlik və sürət tələb edir. Buna da adaptasiya olmağa çalışıram. Saytın rəhbərliyi bunun üçün mənə geniş imkan yaradıb.


- Bir xanım üçün jurnalistikada çalışmağın çətin tərəfləri nələrdi?

- Bizim mentalitetə görə qadın ya həkim olmalıdır, ya da müəllim. Əgər qadın öz arzularının arxasınca gedirsə və bu peşələrdən kənar başqa bir peşə seçirsə, ilk olaraq ona ailəsi qarşı çıxır. Daha sonra qohum-əqraba, çevrə onu ittiham etməyə başlayır. Mən teatrşünaslıq ixtisasına qəbul olunanda qohumlarım anama zəng edib “dərd etmə, Xəyalə növbəti dəfə ali təhsil üçün sənədlərini bir də verər” deyirdilər. Heç kimə izah edə bilmirdim ki, əslində, ixtisasımı bitirdikdən sonra tam olaraq necə bir işdə, hansı şəkildə çalışacam. Ünvanıma “Aktrisa olacaqsan?”, “Bircə mikrofon tutanımız çatmırdı”, “Xalxın kişiləri ilə söhbət edəcəksən?” və bu kimi ifadələr səsləndirirdilər. Mənə isə ən çox yer edən anama “İncəsənətlə məşğul olan qızı heç kim almır”, “Heç bir qayınana istəməz ki, gəlini incəsənətlə məşğul olsun” kimi fikirlərin qəbul etdirilməsi idi. Anam yeganə dəstəkçim idi, onun da bu fikirlərlə yüklənməsi məni çox məyus edirdi.

Bizim mentalitetə görə, ailədə qadın evə kişidən gec gəlməməlidir. Ancaq jurnalist xanımlar 24 saat işləyir. Mən özümdən götürürəm ki, həftənin 2-3 günü teatra gedir, tamaşa bitdikdən sonra onun müzakirələrinə qoşulurdum. Evə gecə 11-12-də gələndə ailədə narazılıqlar başlayırdı. Hətta bir dəfə atam anama demişdi ki, “qızın bir də gecə 12-də evə gəlsə, bu qapını döyməsin”. Həftə ərzində tədbirlərim ard-arda düşəndə evə gec getməli olurdum. Qardaşım qapımızın şəklini çəkib, mənə göndərirdi, yazırdı ki, “axşam gələndə bu qapını döyərsən, bizim qapı budur”.   

İşdən sonra tədbirlərə, konsertərə, qala gecələrinə gedirik. Bu sadaladıqlarım da ən tez 21:00-da bitir. Bu iş rejimini isə hər kişi qəbul etmir. Kişi evə gəldikdə hazır yemək, təmiz ev, hər bir ehtiyacının ödəndiyi uşaq görmək istəyir. Əks halda, evə gəlib görür ki, qadın tədbirdədir, əgər evin xanımı sosial şəbəkədə konsertdən şəkil paylaşıbsa, onda ikiqat ona əsəb gəlir. “Mən burada ac qalmışam, xanım əfəndi konsert səfası sürür” deyə düşünür. Nəinki kişi, çevrəmizdəki insalar da elə düşünür ki, o mədəniyyət ocaqlarına istirahətə gedirik. Hətta bizə bəxtəvərlik verənlər də az deyil.  

Reallıq da budur ki, konsert saat 21:00-ı keçəndə anamdan səsli mesaj gəlir: “Ordakı konsert bitdisə, bir az da gəl evdəki konsertə bax”.  

 
- Jurnalistika sizə nələrisə qazandırıb, yoxsa nələrsə itirmisiniz?

- Jurnalistika mənim üçün fərqli qapılar açıb. Müsahiblərimin həyat hekayələrini dinləyir, yaşanmış təcrübələrini qeyd edir, lazım olduqda o təcrübələrdən yararlanıram. Film kimi həyat hekayələri olan insanlarla tanış olmuşam. 80 yaşlı birinin qarşımda ilk sevgisindən danışanda necə uşaq kimi ağlaması, səhnəni lərzəyə gətirən Xalq artistinin sevgidən danışanda necə aciz göründüyünün şahidi olmuşam. Hər müsahiblə fərqli, yaddaqalan xatirələrim var. Pərəstiş etdiyimiz sənətkarların geriyə baxıb təəssüfləndikləri, sevgiləri, yaşadıqlarını, peşmanlıqlarını, arzularını onların dilindən dinləmişəm. Dinlədikcə də onlardan özümə pay götürmüşəm. Qalmaqala, şouya qaçmağa çalışmamışam. Elə müsahiblərim olub ki, səsyazmadan öncə mənə məşhur aktrisalarımızın kiminlə münasibətlə olduğu, hansı həyat tərzi yaşadıqları barədə danışıb. Onların hər biri qalmaqal və gündəmi dəyişə biləcək mövzular idi. Müsahiblərimin özəl həyatından çox yaradıcılıqları mənə daha maraqlı olub. Özüm də İncəsənət Universitetini bitirdiyim və bu sahədə daha çox araşdırdığım üçün müsahiblərim qarşımda oturanda şişirdilmiş sözlər, yalan, absurd fikirlər səsləndirə bilmirdilər.

Bizim işimiz masa arxasında oturub saat 9-dan 6-ya kimi cansıxıcı işlə məşğul olmaqdan ibarət deyil. Daim yeni xəbər oxuyur, özün xəbər yaradır, hər gün yeni insan tanıyırsan. Hətta mən deyərdim ki, ixtisasların içində jurnalistika ən maraqlısıdır. Çünki paslanmırsan, daim yenilənirsən. Hər gün yeni bir mövzu gündəm olur, gündəmə damğa vurmaq isə bu işin özülüdür.  


- Həyat yoldaşınız da jurnalistdir. Deyirlər ki, iki qoçun başı bir qazanda qaynamaz. Bəs sizdə necə, “iki jurnalistin başı bir qazanda qaynayırmı?”



- Həyat yoldaşımla istiqamətimiz fərqlidir. Belə ki, Elgün Mənsimov siyasət yazarıdır. Onun çevrəsi, hadisələrə yanaşama tərzi tamamilə fərqlidir. Jurnalistika ixtisasını bitirib, eyni zamanda, bu sahədə ən öndə gedən media orqanlarında çalışıb, daha çox təcrübə sahibidir. Həyat yoldaşım hazırladığım reportajları, müsahibələri bəyənmir. Mənim yazılarımda kifayət qədər qrammatik səhvlər olur. O, redaktor olduğu üçün həmin səhvlər daha çox diqqətini çəkir. Bəzən əsəbləşib deyir ki, “sən mənim işçim olsan, bir gün də səni işdə saxlamaram”.

Onunla fərqli dünyaların insanlarıyıq. Mən dinamik, çevrəmdəki insanlarla tez ünsiyyət quran, tez adaptasiya olan, danışıb-gülməyi sevən insanam.  O, mənim tamamilə əksimdir.  


- Adətən, azərbaycanlı valideynlərin bir qismi övladlarının müəllim olmasını istəyir. Siz necə, övladlarınızın valideynlərilə həmkar olmağını istəyərsiniz? 

- Övlalarımın seçimində onlara müdaxilə etməyəcəm. Bu gün ətrafımda valideynlərin diqtəsi ilə ali təhsil alan, öz peşələrinə həvəsi, istəyi olmayan yetərincə insanlar var. Onlara baxanda “yaxşı ki..” deyirəm. Mən valideynlərimin istəklərinin arxasınca getmədim. Övladlarıma həm ailə həyatında, həm də peşə seçimində heç bir müdaxilə etməyəcəm. Çünki bu onların həyatıdır. Öz həyatlarını istədikləri kimi yaşamaq haqları var.  Mən övladlarımın arxasında deyil, yanlarında olacam. Ən yaxın dost, sirdaş kimi.

Ancaq bir valideyn kimi övladlarımın peşəmin davamçısı olmalarını istəmərəm. Əgər özləri istəsələr, mənə sadəcə olaraq onlara dəstək vermək düşər.    


- Həm ana, həm də çalışan iş qadını, xüsusilə də jurnalist olmaq çətindir? Ev işlərinə vaxt ayıra bilirsiniz?

- Biz hər zaman "İşləyən qadın!"deyirik. Siz heç “İşləyən kişi” sözünü eşitmisiz? Belə bir qəbul olunmuş düşüncə tərzi var ki, kişi işləməlidir. Halbuki, qadın həmişə işləyir. Ancaq cəmiyyətin gözündə o ancaq maaş alanda "işləyən qadın" sayılır. Uşaqlara, evə, kişiyə baxmaq isə iş sayılmır. İşləyən qadının özünəinamı var. Onun başını aldatmaq, nəyəsə məcbur etmək mümkünsüzdür. Buna görə də kişilər qadınların işləməyini istəmirlər. “Get bozbaşını bişir” deyib, ona evə məhkum olan bir əşya kimi baxırlar. İşləyən qadın özünə güvənir, inanır, öz ayaqları üzərində dayanmağı bacarır, gözü açıq olur. Bu da kişiləri narahat edir.  

Və bu qədər işin içində özünə diqqət göstərmək, gözəl görünmək üçün zaman ayırmaq da çox çətindir. Adətən bizim xanımlarımızın əksəriyyəti övlad sahibi olduqdan sonra özlərinə baxmağı unudurlar. Bütün diqqəti övladına yönəldir, onların qayğısına daha çox zaman ayırırlar. Bu da başa düşüləndir. Bu qədər zamanda o qədər işi görməyi heç bir kişi bacarmazdı. Uşaqların dərsiylə məşğul olsalar, yemək qalacaq, yemək hazırlasalar, ev tör-töküntü olacaq, evlə məşğul olsalar iş qalacaq. Sonra da deyirlər ki, qadınlar zərif məxluqdur. 


- Övladlarınızın tərbiyəsində ən çox hansı məqamlara diqqət edirsiniz?

- Övladlarımın 6 yaşı var. Əkiz olsalar da, bir-birlərindən tamamilə fərqlənirlər. Onları bir fərd, şəxsiyyət kimi yetişdirməyə çalışıram. Valideyn hər zaman uşaqların yanında ola bilmir. Müəyyən mərhələlərdə, məqamlarda uşaq özünü idarə etməli və düşdüyü vəziyyətdən tək çıxmalıdır. Digər tərəfdən isə çalışıram ki, övladlarımı insanların içində alçatmayım, qırmayım, incitməyim, daxilindəki o mənlərini məhv etməyim. Heç kimə icazə verməsinlər ki, onların eqolarını məhv etsinlər. Bu gün onları alçatsam, onlar sabah kompleksli bir fərdə çevriləcəklər. Belə olduğu halda şəxsiyyət kimi tam yetişə bilməyəcəklər. Necə ki, bu gün çevrəmizdə 40 yaşı olsa da, natamam fərdlər kifayət qədərdir. Natamam böyüyən fərdin kompleksi intiqam hissinə çevrilir və bu hiss çevrəsindəki insanlara, sevdiyi qadına, kişiyə, dostuna yönəlir.  

Övladlarıma azadlıq vermişəm, seçim hüquqları var, ancaq hər şey nəzarət altındadır. Onlar seçim etmək iqtidarında deyillər və bizim təcrübəmizə ehtiyacları var. Uşaqları qorxudaraq qəfəsdə böyüdüb, sonda birdən-birə azadlıq verməyin də tərəfdarı deyiləm. Çünki gələcəkdə azadlığa çıxanda  daha çox səhv edəcəklər. Qəfəsdən çıxan quş necə və hansı tərəfə uçacağını bilməyən kimi birdən-birə azadlıq görən uşaqlar da elə olur. Ancaq bu tərbiyə üsulu heç də birmənalı qarşılanmır. Uşağına “kiş” demir kimi qəbul olunur.

Hesab edirəm ki, yaşı az olsa da uşağın ən azı seçim şansı olmalıdır. O səhv qərar da versə, bu azadlığı uşaq yaşından dadmalıdır ki, təcrübə qazansın. Çünki mən daimi olaraq onların yanında olmayacam. Mənim də öz həyatım var. Sadəcə onlara yön verəcəm. İndidən övladlarımın hər ikisi sərbəst şəkildə fikir bildirir və düşdükləri mühitdə mən olmasam belə, özlərini sərbəst şəkildə idarə etməyi bacarırlar.

Qızım 6 yaşındadır və öz geyimlərini özü seçir. Bu yaşında artıq hara, necə geyinmək lazım olduğunu bilir. Oğluma balaca ana kimi yanaşır, indidən qardaşının qayğısına qalır. Mən onu gimnastikaya və rəqsə yönləndirsəm də rəsmə böyük marağı var. Evdə fırça əlindən düşmür, çəkdiyi rəsmləri sonra kəsib evin divarlarına yapışdırır. Nəticədə üzəri də boya olur, divarda yapışqandan yer qalmır. Amma ona mane olmuram. Çünki hər dəfə daha fərqli və maraqlı rəsmlər çəkir. Anam hərdən bizə gələndə bu vəziyyəti görüb deyir ki, “sən necə anasan? Uşağın bütün paltarları boyadır”.

Oğlum cüdo idman növü ilə məşğuldur və rəqsə də gedir. Mən özüm də uşaq ikən rəqslə məşğul olmuşam və bu gün müşahidə edirəm ki, uşaq yaşlarından, sümüklərin formalaşmağa başladığı andan etibarən gimnastika, rəqslə məşğul olan insanların qamətləri düz olur.

Ana olduqdan sonra “Kaspi” qəzetinin “Gənclik” əlavəsində “Mənim balam” rubrikasına başladım. 4 ildən çox davam edən bu rubrikada cəmiyyətdə tanınmış, nüfuzlu valideynlərin övladlarını tərbiyə metodikasından bəhs edirdik. Müsahiblərimin təcrübələrindən də hələ də istifadə edirəm. Bu rubrikanın valideyn kimi formalaşmağımda müstəsna xidmətləri oldu. Bunun üçün övlad yetişdirmək üçün istifadə edilən metodikalardan səhərə qədər danışa bilərəm.


- İndiki zamanda yaşam şərtləri getdikcə çətinləşir. Jurnalist ailəsi olaraq dolanışığınızdan razısınız?

- Çox şükür... Normaldır.


- Ö
zünüzlə bağlı dəyişiklik etsəniz, nəyi dəyişərdiniz?         


- Xarakterimi dəyişmək istərdim, ancaq bilirəm ki, bu mümkün deyil. Biri haqqında nə düşünürəmsə, onu oradaca söyləyirəm. Bəzən deyirlər ki, səndə “stop” düyməsi işləmir. Bir də çox tez unudur və bağışlayıram. Emosionalam, hər hansı hadisə baş verirsə, 5 dəqiqənin içində alovlanır, vulkan kimi püskürür, 10 dəqiqə sonra unuduram. O 5 dəqiqəni təmkinli ola bilsəm, hər şeyi sakit şəkildə yola vermək olar. Bir də sonda deyəcəyim sözü əvvəldə deyirəm... 

Fidan İlqarqızı

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Hindistanda leysan zamanı 18 nəfər öldü 18 Oktyabr 2021, 00:50 “Google”dan müstəqilliyimizin bərpası gününə özəl dudl 18 Oktyabr 2021, 00:30 Xudafərinin işğaldan azad edilməsinin ildönümüdür 18 Oktyabr 2021, 00:15 Müstəqilliyimizin bərpasından 30 İL ÖTÜR 18 Oktyabr 2021, 00:00 Fransanın Belarusdakı səfiri ölkəni tərk etdi 17 Oktyabr 2021, 23:38 22 yaşlı oğlan məktəbin həyətində özünü asdı 17 Oktyabr 2021, 23:15 Tehranda Müstəqilliyin Bərpası Günü qeyd olundu 17 Oktyabr 2021, 22:53 Suriyada yeni konstitusiyanın hazırlanması barədə razılıq 17 Oktyabr 2021, 22:30 Böyük Dəbilqə: Azərbaycan cüdoçuları 4-cü yeri tutdu 17 Oktyabr 2021, 22:14 Zəngilanda qurulan “Ağıllı kənd” - VİDEO 17 Oktyabr 2021, 21:56 Klinton xəstəxanadan evə buraxıldı 17 Oktyabr 2021, 21:37 Qətərin XİN başçısı Azərbaycana gəlir 17 Oktyabr 2021, 21:14 Mehriban Əliyeva Vətən Müharibəsi Qəhrəmanları ilə GÖRÜŞDÜ 17 Oktyabr 2021, 20:59 "Qarabağ" "Sabah"a qalib gəldi 17 Oktyabr 2021, 20:40 QMİ-nin şöbə müdiri koronavirusdan vəfat etdi 17 Oktyabr 2021, 20:28 Daha bir avtobusda gediş haqqı kartla ödəniləcək 17 Oktyabr 2021, 20:15 Azərbaycanla bağlı məlumatlar London bilbordlarında 17 Oktyabr 2021, 19:39 İlham Əliyev: "Mənə güc verən məhz xalqımızın əzmkarlığı idi" 17 Oktyabr 2021, 19:21 “Neftçi”-“Sumqayıt” oyunu heç-heçə başa çatdı 17 Oktyabr 2021, 19:20 "18 oktyabrı böyük təmtəraqla qeyd etmək yersizdir" - Prezident 17 Oktyabr 2021, 19:17 Füzuli Memorial Kompleksinin təməl daşı qoyuldu 17 Oktyabr 2021, 19:13 İlham Əliyev və birinci xanım Füzuli Mərkəzi Şəhər parkında 17 Oktyabr 2021, 19:12 Prezident və birinci xanım Füzuli aeroportunda 17 Oktyabr 2021, 19:09 Prezident: "9 ayda neft sənayesi 20 faiz artıb" 17 Oktyabr 2021, 18:05 Prezidentdən memorial SƏRƏNCAMI 17 Oktyabr 2021, 17:59 İlham Əliyev: "O günü yaxınlaşdırmışıq” 17 Oktyabr 2021, 17:51 Prezident: "Zəngilan, Qubadlı, Kəlbəcər və Laçının baş planları hazırlanır" 17 Oktyabr 2021, 17:49 Vaksinasiyadan keçənlərin bu günə olan statistikası 17 Oktyabr 2021, 17:40 Bu gün yoluxanların sayı  17 Oktyabr 2021, 17:38 Avstraliyada şəhidlərimizin xatirə guşəsi 17 Oktyabr 2021, 17:30 Prezident: "Cəmi 8 ay ərzində... inşa edildi" 17 Oktyabr 2021, 17:28 “17 oktyabr tarixdə xüsusi yer tutacaq”  17 Oktyabr 2021, 17:22 Prezidentlə xanımı ictimaiyyət nümayəndələri ilə görüşdü 17 Oktyabr 2021, 17:14 Füzuli şəhərinin təməl daşı qoyuldu 17 Oktyabr 2021, 17:12 Ərdoğan Afrika turuna çıxdı 17 Oktyabr 2021, 17:11