“Biləndə ki, telefonun ekranından şəkillərini çəkirəm, gülümsəyib dedi: "Hə, hə, çək. Məndən xatirə qalar". O vaxt bu sözlərin ağırlığını anlamadım. Balamla son danışığımız imiş...”
Bunu Modern.az-ın “Şəhiddən qalan son foto” rubrikasına danışan şəhid gizir Cəmil Həşimlinin anası Simuzər Bağıyeva deyir. Cəmilin son fotoları anasının onunla görüntülü danışdığı gün telefondan çəkilib. Simuzər xanım indi həmin şəkillərə həm qürurla, həm də oğlunun səsini bir daha eşidə bilməyəcəyini bilən bir ananın həsrəti ilə baxır.
Üç oğlunu təkbaşına böyüdən Simuzər xanım Cəmilin uşaqlığından danışanda əvvəlcə onun dərslərini xatırlayır:
“Üç oğlum var. Cəmil onların içində dərs oxumağa ən az həvəs göstərən idi. Amma ən ağıllı, ən düşüncəli balam da o idi. Uşaqlığından Qarabağdan danışardı. "Torpaqlarımızı geri alacağam", – deyirdi”.
Cəmil hərbi xidmətini başa vurandan sonra da ordudan ayrılmaq istəməyib. Evə qayıdıb qərarını anasına bildirib:
“Gəldi, dedi: "Anacan, mən hərbdə qalıb çalışacağam". Böyük qardaşı leytenant, Cəmil isə gizir kimi xidmətə başladı. 2016-cı ildə Lələtəpə ərazisində xidmət edəndə sevincinin həddi-hüdudu yox idi. Hamıya deyirdi ki, "qalan torpaqları da mən azad edəcəyəm".

Vətən müharibəsi başlayanda Simuzər xanımın üç oğlu da hərbi xidmətdə idi. İkisi ön, kiçik oğlu isə arxa cəbhədə xidmət edirdi. Ana o günləri böyük narahatlıqla, həm də övladları ilə qürur duyaraq xatırlayır:
“Üç balamın üçünü də Allaha tapşırmışdım. Hansından xəbər gələcəyini, hansı zəngdə nə eşidəcəyimi bilmirdim”.
Simuzər xanımın sözlərinə görə, Cəmil sonuncu dəfə evə gələndə dayısı ilə söhbətində Qubadlının azad olunmasından danışıb:
“Qardaşım ondan soruşdu ki, deyirlər, vəziyyət gərgindir, nə məsələdir? Cəmil dedi: "Dayı, sənə bir söz deyim, unutma. 20–25 günə Qubadlı azad olacaq. Torpaqlarımızı özümüz azad edəcəyik". Doğurdan da Qubadlı müharibənin 28-ci günündə azad oldu, Cəmil öz sözünü tutdu".
Oktyabrın 5-də Cəmil anasına zəng edərək Kürdəmirdən Bakıya getməsini istəyib. Simuzər xanım əvvəlcə yağışa görə yola çıxmaq istəməyib. Oğlu isə təkid edib:
“Dedim, bala, elə yağış yağır ki, tut ucundan göyə çıx. Gedə bilmərəm. Çox təkid etdi, axırda getdim. Bacımgildə olanda zəng vurdu. Məni orada görəndə sevindi. Görüntülü danışanda şəkillərini skren edirdim. Dedi: "Hə, hə, çək. Məndən xatirə qalar,döyüşə çıxıram, mənə namaz qıl. İnşallah, döyüş bitsin, Şuşada görüşəcəyik’, – dedi. Zöhr namazının vaxtı idi. Balam üçün iki rükət də namaz qıldım. Hər duamda üç oğlumu Allaha tapşırırdım”.

Bu, ana ilə oğulun son danışığı olub.
Simuzər xanım danışır ki, axşama yaxın böyük oğlu ona zəng edərək Kürdəmirə qayıtmasını istəyib. Saat 20:39-da isə növbəti zəng gəlib. Telefondakı şəxs Cəmilin yaralandığını və Kürdəmirə gətirildiyini deyib.
"O an ürəyimə damdı ki, balamı itirmişəm. Düşündüm ki, yaralı olsaydı, onu Kürdəmirə gətirməzdilər. Yolda necə getdiyimi indi də xatırlamıram. Çatanda gördüm ki, balamın nəşini qardaşı gətirib".
Simuzər xanım oğlunu son dəfə gördüyü anı belə təsvir edir:
“Morqa girdim, qaranlıq idi. Balamın üzünü açanda mənə elə gəldi ki, ora günəş doğdu. Bilirəm, bunu sözlə anlatmaq çətindir. Amma mən həmin an belə hiss etdim”.
Ana Cəmilin ölümündən sonra böyük oğlunun da sağ qalmasını taleyin ağır günündə ona verilən bir təsəlli sayır. Onun danışdığına görə, böyük oğlu qardaşının nəşini aparmaq üçün çağırıldığına görə öz şəxsi heyəti ilə növbəti döyüşə qatılmayıb:
“Bəzən düşünürəm ki, Cəmil qardaşını da qorudu. Bəlkə, o gün mən iki balamı birdən itirəcəkdim. Bunu dəqiq bilmək olmaz. Amma ana ürəyim belə düşünür”.
Cəmil anasına şəhidlik barədə də danışarmış. Simuzər xanım onun sözlərini unutmur:
“Mənə demişdi ki, şəhid olsam, ağlama, peşman olma sizə görə, Vətənə, torpağa, bayrağa görə şəhid olacağam. Bir də tapşırmışdı ki, qardaşlarımın övladı olanda nəvələrindən birinə mənim adımı qoyarsan”.

Bu gün ailədə Cəmilin adını daşıyan bir uşaq böyüyür. Simuzər xanım nəvəsinin baxışlarında və hərəkətlərində oğlunu gördüyünü söyləyir:
“Balaca Cəmil əmisinə çox bənzəyir. Baxışı, duruşu, hərəkətləri... Hər dəfə ona baxanda Cəmili xatırlayıram”.
Cəmil Həşimli 1995-ci il avqustun 11-də Kürdəmirdə anadan olub. Azərbaycan Ordusunun giziri kimi Vətən müharibəsində Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib və 2020-ci il oktyabrın 5-də şəhid olub.
Simuzər xanım oğlunun son fotosuna baxanda həmin gün eşitdiyi sözləri xatırlayır: “Məndən xatirə qalar”. Fotoda Cəmilin gülüşü qalıb. Ananın yaddaşında isə o gülüşlə birlikdə səsi, son duası və Şuşada görüşmək ümidi.

Cəmilin şəhid olmamışdan əvvəlki son mesajlaşması

"Mən şəhid olanda bu şəkli paylaşın" - deyib komandirinə göndərdiyi fotosu
Lamiyə Cənnətzadə