Azərbaycanda informasiya və rabitə sektoru son illərdə sürətlə inkişaf edən sahələrdən birinə çevrilib. Rəqəmsal xidmətlərin genişlənməsi, infrastrukturun təkmilləşdirilməsi, müasir texnologiyaların tətbiqi bu sahədə yeni mərhələnin yaranmasına təkan verib. Rəqəmsal həllərə maraq informasiya texnologiyalarına tələbatı yüksəldir, nəticədə sektorun iqtisadiyyatda rolu güclənir. Bu tendensiya əsas makroiqtisadi göstəricilərdə də öz əksini tapır.
Modern.az xəbər verir ki, cari ilin yanvar-avqust ayları ərzində informasiya və rabitə sektorunda yaradılan əlavə dəyərin həcmi ötən ilin müvafiq dövrünə nisbətən real ifadədə 10,7% artaraq 1 milyard 775 milyon manat olub.
Nəticədə informasiya və rabitə sektorunun ÜDM-də payı 2%-ə, qeyri-neft/qaz ÜDM-də payı isə 2,9%-ə yüksəlib.
Sektor üzrə gəlirlərdə də müsbət dinamika müşahidə olunur. Hesabat dövründə ümumi gəlir real ifadədə 10,7% və ya 309 milyon manat artaraq 2 milyard 748 milyon manata çatıb. Bu göstəricilər informasiya və rabitə xidmətlərinə tələbatın yüksəldiyini və sektorda yaradılan əlavə dəyərin artdığını göstərir.
İnformasiya və rabitə sektoruna qoyulan investisiyalar da yeni imkanların formalaşmasına və xidmətlərin keyfiyyətinin yüksəlməsinə təkan verir. Sektora yatırılan investisiyaların həcmi real ifadədə 49,4% və ya 109 milyon manat artaraq 320 milyon manat təşkil edib. Bu artım gələcək inkişaf üçün əlverişli zəmin yaradır.
Nəqliyyat sektorunda məhsul buraxılışı 11 milyard manata çatıb
Nəqliyyat və anbar təsərrüfatı sektorunda da artım tempi qorunur. Yol infrastrukturunun yenilənməsi, logistika imkanlarının genişləndirilməsi və şəhər mobilliyinin artırılması istiqamətində görülən işlər bu sahənin inkişafında mühüm rol oynayır.
Cari ilin yanvar-avqust ayları ərzində sektorda yaradılan əlavə dəyərin həcmi 6 milyard 654 milyon manat olub. Bu göstərici 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8,7% və ya 827 milyon manat çoxdur.
Nəticədə nəqliyyat və anbar sektorunun ÜDM-də payı 7,6%-ə, qeyri-neft/qaz ÜDM-də payı isə 10,8%-ə yüksəlib.
Nəqliyyat və anbar sektorunun məhsul buraxılışında da əhəmiyyətli artım müşahidə olunub. Belə ki, hesabat dövründə sektorun məhsul buraxılışı real ifadədə 8,7% və ya 1 milyard 364 milyon manat artaraq 10 milyard 932 milyon manat təşkil edib.
Müqayisə dövrü ərzində sektora yatırılan investisiyalar 2 milyard 752 milyon manat təşkil edib ki, bu da real ifadədə 4,6% artım deməkdir.
Göstəricilər informasiya-kommunikasiya texnologiyaları və nəqliyyat-logistika sahələrinin qeyri-neft iqtisadiyyatında rolunun artdığını bir daha təsdiqləyir. Həyata keçirilən layihələr və yatırılan investisiyalar Azərbaycanın regional rəqəmsal və logistika mərkəzi kimi mövqeyini möhkəmləndirir.

