Modern.az

Qardaşlığımızı poza bilməzlər - Türkiyəli deputatlar 

Qardaşlığımızı poza bilməzlər - Türkiyəli deputatlar 

Analitika

Bu gün, 12:10

Son günlər Türkiyədə bəzi siyasi və ictimai dairələrdə Azərbaycan-Türkiyə münasibətlərinə dair müzakirələr yenidən gündəmə gəlib. Buna BMT Baş Assambleyasının 81-ci sessiyasında İsrailin Baş naziri Benyamin Netanyahunun çıxışı zamanı Türkiyə nümayəndə heyətinin zalı tərk etməsi, Azərbaycanın isə bir hərbi attaşe səviyyəsində təmsil olunaraq iclası izləməsi səbəb olub.

Sosial şəbəkələrdə Azərbaycanın mövqeyi üzərindən müxtəlif iddialar səsləndirilib və bu, iki ölkə arasındakı münasibətlər ətrafında süni müzakirələrə yol açıb. Sözügedən kampaniyanın Azərbaycan-Türkiyə münasibətlərinə təsiri və arxasında dayanan mümkün məqsədlər Türkiyə siyasi gündəmində də müzakirə mövzusuna çevrilib.

Modern.az Türkiyədə bu məsələyə dair siyasi partiyaların mövqeyini öyrənib.

Türkiyə Böyük Millət Məclisinin hakim Ədalət və İnkişaf Partiyasından olan deputatı, Türkiyə Azərbaycan Dostluq Qrupunun sədri Şamil Ayrım saytımıza açıqlamasında bəzi qrupların Azərbaycan-Türkiyə münasibəltərini pozmaq niyyətindən xəbərdar olduqlarını deyib:

"Bəzi qruplar Azərbaycan-Türkiyə münasibətlərini pozmaq istəyir. Biz də bunun fərqindəyik. Lakin heç kəs Azərbaycan-Türkiyə münasibətlərini asanlıqla poza bilməz. Təbii ki, iki dövlət başçısı arasındakı əlaqələr, türk xalqının Azərbaycana sevgisi heç vaxt azalmaz".

Ş.Ayrım Azərbaycan və Türkiyə münasibətlərinin pozulmaması üçün nə lazımdırsa, etdiklərini vurğulayıb:

"Bu istiqmətdə mübarizəmiz davam edir. Bu günlər müvəqqətidir. Zaman-zaman bəzi dairələr münasibətləri pozmaq istəyirlər. Lakin bunun rəsmi səviyyədə qarşılığı yoxdur. 27 sentyabr Anım Günündə Prezident Rəcəb Tayyib Ərdoğanın cənab İlham Əliyevə zəngini xatırlamaq lazımdır. Hər kəs əmin olsun ki, Azərbaycan-Türkiyə münasibətləri əvvəlki kimi dinamik formada güclənəcək və davam edəcək".  

TBMM-nin Cümhuriyyət Xalq Partiyasından(CHP) olan deputatı Eylem Ertuğurul bildirib ki, BMT Baş Assambleyasında İsrailin Baş naziri Benyamin Netanyahunun çıxışı zamanı Türkiyə nümayəndə heyətinin zalı tərk etməsi, Azərbaycanın nümayəndəsinin isə yerində qalması ətrafında sosial şəbəkələrdə süni şəkildə qızışdırılan müzakirələr iki ölkə arasındakı münasibətləri hədəf alan mütəşəkkil dezinformasiya dalğasının tipik nümunəsidir.

Onun sözlərinə görə, bu cür informasiya manipulyasiyalarının arxasında dayanan məqsədləri və onların iki ölkə arasındakı strateji əlaqələrə mümkün təsirlərini bir neçə istiqamətdə qiymətləndirmək olar:

"Şuşa Bəyannaməsi ilə rəsmi müttəfiqlik statusu qazanan Türkiyə-Azərbaycan münasibətləri və Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiya prosesi regional güc balansını əhəmiyyətli dərəcədə dəyişib. Bu güc konsolidasiyasından narahat olan regional və qlobal aktorlar birbaşa hərbi və ya diplomatik yollarla qarşısını ala bilmədikləri bu tərəfdaşlığı cəmiyyətlərdə etimadsızlıq yaratmaq yolu ilə zəiflətməyə çalışırlar. Hər bir suveren dövlət kimi Türkiyə və Azərbaycanın da geosiyasi mövqeləri və milli maraqları nəzərə alınmaqla üçüncü ölkələrlə – İran, Rusiya, İsrail və Qərb dövlətləri ilə – müxtəlif təmas kanalları və prioritetləri mövcuddur. Azərbaycanın BMT zalında aşağı rütbəli attaşe səviyyəsində nümayəndə ilə iclası izləməsi kimi diplomatik prosedurun “qardaşlığa arxa çevirmək” kimi təqdim edilməsi iki xalq arasında mövcud emosional həmrəyliyi zədələməyə hesablanıb".

Türkiyəli deputat həmin dairələrin strateji layihələri məhdudlaşdırmağı hədəflədiyini söyləyib:

"Zəngəzur dəhlizi, Xəzərdən keçən Orta Dəhliz və TANAP/TAP kimi strateji enerji layihələrinin həyata keçirilməsi iki ölkənin ortaq iradəsi və əməkdaşlığından asılıdır. Cəmiyyətlərdə təzyiq və etimadsızlıq mühiti yaradaraq bu strateji layihələrin tempini zəiflətmək, qərar qəbul edən şəxslərin manevr imkanlarını isə ictimai təzyiq vasitəsilə məhdudlaşdırmaq hədəflənir. Lakin bu planlı dezinformasiya kampaniyalarının dövlət və qərar qəbul edən şəxslər səviyyəsində təsiri demək olar ki, yoxdur".

E.Ertuğurul qeyd edib ki, Türkiyə-Azərbaycan münasibətləri sosial şəbəkə alqoritmləri və ya dövri polemikalar üzərində qurulmayıb:

"Bu əlaqələr ortaq hərbi doktrina, müdafiə sənayesi sahəsində inteqrasiya, qarşılıqlı təhlükəsizlik öhdəlikləri,o cümlədən Şuşa Bəyannaməsi və institusional mexanizmlər əsasında inkişaf edir. Ankara və Bakı bu cür böhranların real geosiyasi maraqları kölgədə qoymasına imkan vermir. BMT Baş Assambleyasında İsrailin Baş naziri Benyamin Netanyahunun çıxışı zamanı Türkiyə nümayəndə heyətinin zalı tərk etməsi və Azərbaycanın nümayəndəsinin yerində qalması üzərindən sosial şəbəkələrdə qızışdırılan müzakirələr iki ölkə arasındakı münasibətləri hədəf alan mütəşəkkil dezinformasiya dalğalarının tipik nümunəsidir. Beynəlxalq münasibətlərdə dövlətlər bir-birinin mövqelərini dinləyirlər. Hətta ciddi fikir ayrılığı olan dövlətlərin nümayəndələri belə bir-birinin çıxışlarını izləyə bilərlər. Çünki diplomatiyanın mühüm funksiyalarından biri məlumat əldə etmək və siyasi mövqeləri təhlil etməkdir. Bir dövlət nümayəndəsinin zalda qalması həmin dövlətin çıxış edən ölkənin bütün siyasətini qəbul etdiyi anlamına gəlmir. Eyni məntiqlə, zalı tərk etmək də avtomatik olaraq bütün problemlərin həll olunduğu anlamına gəlmir".

Deputatın fikrincə, münasibətlərin ən həssas məqamlarından biri iki xalq arasında formalaşmış “Bir millət, iki dövlət” şüurudur:

"Sosial şəbəkələrdə sistemli şəkildə yayılan manipulyativ məzmunlar, xüsusilə xarici siyasətin çoxşaxəli mahiyyətinə bələd olmayan geniş auditoriyada, gənc nəsildə və ya müəyyən siyasi qruplar arasında qarşılıqlı narazılıq və inciklik yarada bilər. Bu, strateji qərarları birbaşa dayandırmasa da, ictimai diplomatiyanı və xalqlar arasında mövcud mədəni yaxınlığı zəiflətmək potensialına malikdir. Buna görə də dövlət rəsmiləri belə dövrlərdə birgə açıqlamalar yayaraq, rəsmi kanallardan kənarda yayılan dezinformasiya və təxribat xarakterli məzmunlara etibar edilməməsi barədə ictimaiyyəti mütəmadi olaraq məlumatlandırırlar".

Sizə yeni x var
Keçid et
Türkiyədən Bakıya ŞOK HÜCUMLAR - Arxasında kimlər var?