2020-ci il sentyabrın 29-u Vətən müharibəsinin üçüncü günü idi. Həmin gün Füzuli–Cəbrayıl istiqamətində döyüşlər davam edib, yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində mülki əhali arasında itkilər artıb.
Modern.az xəbər verir ki, Müdafiə Nazirliyinin o gün keçirdiyi brifinqdə Azərbaycan Ordusunun səhər saatlarında Füzuli–Cəbrayıl istiqamətində yerdəyişmə etməyə çalışan Ermənistan qüvvələrinə artilleriya zərbəsi endirdiyi bildirilib. Nazirliyin məlumatına görə, bir tank, bir avtomobil və 10 nəfərədək hərbçi sıradan çıxarılıb.
Saat 07:00–08:00 aralığında həmin istiqamətdə daha dörd tank vurulub. Nazirlik Ermənistan qüvvələrinin Xocavənd ərazisində yerləşən 3-cü “Martuni” motoatıcı alayına da zərbələr endirildiyini açıqlayıb.
Həmin gün Baş Prokurorluq Ermənistan silahlı qüvvələrinin əhalinin sıx yaşadığı əraziləri atəşə tutması nəticəsində 12 mülki şəxsin həlak olduğunu, 35 nəfərin yaralandığını bildirib. Bunlar sentyabrın 29-na açıqlanan göstəricilər idi.
Sentyabrın 29-da Almaniyanın o vaxtkı kansleri Angela Merkel Prezident İlham Əliyevə zəng edib. Dövlət başçısı söhbət zamanı Azərbaycan Ordusunun öz torpaqlarında döyüşdüyünü bildirib. Prezident həmin gün Rusiyanın “Rossiya-1” telekanalının “60 dəqiqə” proqramında da müharibə ilə bağlı sualları cavablandırıb.