Modern.az

Putinlə Paşinyanın görüşü gərgin keçəcək

Putinlə Paşinyanın görüşü gərgin keçəcək

Analitika

Bu gün, 12:07

Yaxın aylarda Rusiya prezidenti Vladimir Putinlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş gözlənilir. İki ölkə lideri arasında hansı məsələlərin müzakirə olunacağı, görüşün Cənubi Qafqaza təsirlərinin özünü necə büruzə verəcəyi maraq doğurur. Putinin Paşinyan qarşısında müəyyən öhdəliklər qoyacağı ilə bağlı məsələ də istisna edilmir.

Modern.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib ki, Rusiya Prezidenti Vladimir Putin Ermənistan Baş naziri Nikol Paşinyanla görüş zamanı onun qarşısında seçim qoyacaq:

“Putin Paşinyanla görüşdə ənənəvi olaraq Ermənistanın Avropa İttifaqı (Aİ) ilə Avrasiya İqtisadi İttifaqı (Aİİ) arasında seçim etməli olması ilə bağlı məsələni qaldıracaq. Putinin sözlərinə görə, Ermənistan Aİİ-yə üzvlüyündən xeyli faydalanır, amma bundan sonra Ermənistan Aİ-ni seçsə, Aİİ-də üzv olaraq qala bilməz və referendum keçirilməlidir. Paşinyanın mövqeyi isə belədir ki, hələ Ermənistan seçim etmədiyindən referendum qərarı verə bilməz. Bəli, Ermənistan Aİİ üzvü kimi Avropa İttifaqı ilə inteqrasiyaya çalışır. Lakin Avropa İttifaqına üzv olmaq üçün uzun onilliklər lazımdır. Heç Ukraynanın özünü Avropa İttifaqına üzvlüyə qəbul etmirlər. Bu mövzu Putin-Paşinyan görüşündə müzakirə olunacaq”.



Politoloq qeyd edib ki, Paşinyan da Putin qarşısında müəyyən məsələləri qaldıra bilər:

“Paşinyan Putinin qarşısında dəmir yolları ilə bağlı məsələni qaldıracaq. Paşinyan Rusiyanın Ermənistan daxilindəki dəmir yollarını inkişaf etdirməməsindən narazıdır. Rusiya isə dəmir yollarını bərpa etmək marağında deyil. Çünki Ermənistanda dəmir yollarını bərpa edəcəyi təqdirdə Türkiyə və Azərbaycanla iqtisadi əlaqələri inkişaf etdirəcək. Bu da görünür ki, Rusiyadakı bəzi dairələrin maraqlarına uyğun gəlmir. Ermənistanın da mövqeyi ondan ibarətdir ki, Rusiya dəmir yollarını inkişaf etdirmirsə, o, yenidən dəmir yollarına sahib olsun, ya da üçüncü ölkə ilə bunu paylaşsın. Lakin Putinin buna razılaşacağına inanmıram”.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədən Bakıya ŞOK HÜCUMLAR - Arxasında kimlər var?