Modern.az

Vətən müharibəsi bizi həsrətlə gözlədiyimiz Qarabağ torpaqlarına qovuşdurdu

Vətən müharibəsi bizi həsrətlə gözlədiyimiz Qarabağ torpaqlarına qovuşdurdu

Aktual

11 Aprel 2021, 12:52

“Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz 44 günlük Vətən müharibəsi nəticəsində bizi 30 ilə yaxın həsrətlə gözlədiyimiz Qarabağ torpaqlarına qovuşdurdu. Hazırda işğaldan azad edilmiş torpaqların yenidən qurulması qarşımızda duran ən mühüm məsələlərdən biridir. Artıq bir müddətdir ki, dövlətimiz tərəfindən Qarabağda yenidənqurma işlərinə başlanılıb. Hətta müharibə davam etdiyi zaman Suqovuşana yol çəkilirdi. Bu isə o deməkdir ki, biz Vətən müharibəsinin davam etdiyi bir şəraitdə Qarabağda quruculuq işlərinə başlamışıq”.

 

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

 

Deputat bildirib ki, əsas hədəf işğaldan azad edilmiş ərazilərimizin müasir səviyyədə qurulmasıdır. Cənab Prezidentin “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyası da buna xidmət edir. “Bizim arzumuz budur ki, bütün şəhərlərimiz ən müasir tələblərə cavab verəcək şəkildə qurulsun və inanırıq ki, belə də olacaq. Eyni zamanda, ilk növbədə təhlükəsizlik təmin olunmalıdır ki, doğma yurdlarına qayıdan insanlar özlərini rahat, təhlükəsiz hiss etsinlər. Bunu “Cocuq Mərcanlı qəsəbəsinin timsalında da görə bilərik. Böyük Qayıdışın ilk müjdəsi olan bu qəsəbənin inşası böyük sürətlə və müasir tələblərə cavab verməklə həyata keçirildi. Cənab Prezident İlham Əliyev qəsəbənin açılışında mühüm bəyanatlar verdi və hədəflərimizi diqqətə çatdırdı. Və bu gün biz həmin hədəflərimizin ən əsasına – torpaqlarımızın işğaldan azad edilməsinə nail olmuşuq. Növbəti hədəfimiz isə azad edilmiş ərazilərimizi qurub yaratmaqdan ibarətdir.

 

Fatma Yıldırım onu da qeyd edib ki, biz Qarabağda quruculuq işlərini elə həyata keçirməliyik ki, ermənilər bir daha doğma Qarabağımıza əl uzada bilməsin. Görülən işlərin əsas hədəflərindən biri də məhz bundan ibarətdir.

 

Deputatın fikrincə, Böyük Qayıdışda, Qarabağın bərpasına hamımızın töhfəsi olmalıdır. Bu baxımdan, Qarabağ Dirçəliş Fondunun yaradılması böyük əhəmiyyət kəsb edir:

 

“Fondun yaradılması milli birliyin qorunmasına institusional töhfədir. Qarabağ Dirçəliş Fondu xalqımızın öz dövlətinin yanında olduğunu göstərməsi üçün bir platformadır, birliyimizin rəmzidir. Həmvətənlərimiz həmin Fonda böyük həvəslə müəyyən məbləğdə vəsaitlər köçürmələri təkcə maddiyyatla bağlı olmayacaq, eyni zamanda, milli-mənəvi birliyimizi möhkəmləndirəcək, Vətən, torpaq, yurd sevgisini daha da artıracaq. Fondun hesabına vəsait köçürənlər bərpada paylarının olması ilə daim fəxr edəcəklər. Çünki onlar hər biri həsrətlə gözlədiyimiz Qarabağın yenidənqurma və bərpa işlərində iştirakçı olacaqlar. Ümumilikdə, bu Fondun yaradılması və fəaliyyəti dövlətin Qarabağ siyasətinin təzahürüdür. Hazırda dövlətimizin Qarabağ siyasətinin konkret təzahürü olan bu Fondun xətti ilə mərkəzləşdirilmiş qaydada görüləcək işlər nəticəsində ərazilərimiz tamamilə yenidən qurulacaq, orada infrastruktur yaradılacaq, müasir şəhər, qəsəbə və kəndlər tikiləcək, bölgəyə dinc, təhlükəsiz, rahat həyat gələcək, məcburi köçkünlərimiz daimi yaşayış yerlərinə qayıdacaqlar. Dirçəliş prosesində yeni iş yerləri açılacaq, ölkə həyatının bütün digər sahələrində də sürətli inkişafa nail olunacaq. Bütün bunlar insanların həyat şəraitinin daha da yaxşılaşdırılmasına da töhfə verəcək”.

 

Deputat hesab edir ki, hazırda bu bölgəyə böyük maraq var:

 

“Çünki işğaldan azad edilmiş ərazilərimizin böyük iqtisadi potensialı var. Düşünürəm ki, millət vəkili olaraq bizlər də quruculuq prosesində aktiv iştirak etməliyik. Öz imkanlarımız daxilində bu yöndə fəal təbliğat-təşviqat işləri aparmalıyıq. Məsələn, deputatlar təmsil etdikləri dostluq qrupları çərçivəsində əcnəbi həmkarları ilə regiona xarici investisiyaların cəlb olunması ilə əlaqədar faydalı müzakirələr apara bilər".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü