Modern.az

Ən amansız müharibə cinayətləri Azərbaycana qarşı törədilib

Ən amansız müharibə cinayətləri Azərbaycana qarşı törədilib

Aktual

21 Aprel 2021, 11:22

Bəşər tarixində baş vermiş müharibə cinayətlərinin, vandalizm aktlarının ən amansızları Azərbaycan ərazilərində həyata keçirilib və Ermənistanın, bütövlükdə isə erməniliyin nə qədər dəhşətli, təhlükəli bir faşizm xəstəliyinə yoluxduğunu görmək üçün Azərbaycanın işğaldan azad edilmiş yaşayış məntəqələrindən birinə səfər etmək yetərlidir.

 

Bu barədə Modern.az saytına açıqlamasında millət vəkili, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli deyib.

 

Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsində erməni faşizmi barədə səsləndirdiyi fikirlərə diqqət çəkən millət vəkili qeyd edib ki, nifrət və kin üzərində formalaşan neofaşist erməni düşüncəsi təkcə Azərbaycan və digər bölgə xalqları üçün deyil, bütün bəşəriyyət üçün təhlükəlidir:

 

“Cənab Prezident müsahibəsində, tamamilə haqlı olaraq, erməni faşizminin bütün ölkələrdə mövcud olmuş faşizmlərin ən eybəcəri, ən qəddarı olduğunu bildirdi. Sözün bütün mənalarında, erməni faşizminin bəşər tarixində bənzəri yoxdur. Çünki başqa bir xalqın, yaxud xalqların torpaqlarını işğal edən, ultramillətçi, faşist ideyalarıyla “silahlanmış” dövlətlər ən azından işğal etdikləri ərazilərdəki yaşayış üçün yararlı olan tikililəri, infrastrukturu məhv etməyiblər. Tarixi, yaxud dini abidələrin təyinatını dəyişiblər, ancaq onları Yer üzündən silməyiblər”.

 

Azər Kərimli bildirib ki, Azərbaycan Ordusu erməni faşizmini məhv etməklə Azərbaycan xalqı ilə yanaşı, bütün bəşəriyyət qarşısında mühüm bir tarixi missiyanı yerinə yetirib: “Məhz bu səbəbdən, Azərbaycan heç zaman erməni faşizminin yenidən dirçəldilməsinə və yenidən bölgə xalqları üçün təhlükəyə çevrilməsinə imkan verməyəcək. Əgər belə bir  təhlükə yaranarsa, o zaman “Dəmir Yumruq” yenidən faşizmin başını əzərək öz tarixi missiyasını davam etdirəcək”. 

 

Deputat qeyd edib ki, Hərbi Qənimətlər Parkının yaradılmasında əsas məqsəd faşizmin aqibətinin bütün dünyaya nümayiş etdirilməsi, Ermənistanın Azərbaycan xalqına qarşı həyata keçirdiyi insanlıq əleyhinə cinayətlərin unudulmamasıdır: “Biz gələcəyə baxacağıq, çünki böyük bir mədəniyyətin daşıyıcılarıyıq, dünyanın sivil, yüksək humanizm dəyərlərinə sahib olan bir xalqının nümayəndələriyik. Amma ermənilərin törətdiyi bəşəri cinayətləri, soyqırım aktlarını, vəhşilikləri heç zaman bağışlamayacağıq”. 

 

A.Kərimli dövlət başçısının Zəngəzur dəhlizi ilə bağlı mövqeyinin də 44 günlük Vətən müharibəsi dövründə olduğu kimi qətiyyətli və dəyişməz olduğunu bildirib: “Prezident İlham Əliyev ilk dəfə dövlət başçısı seçiləndə Azərbaycanın ərazi bütövlüyünü qoruyacağını bildirmişdi. Səbrlə, yüksək zəka və diplomatik bacarıqla, uzaq hədəfləri nişan verməklə və torpaqlarımızın işğaldan azad edilməsinə xidmət edən çoxşaxəli bir siyasət yürütməklə buna nail oldu. Bu baxımdan, Zəngəzur dəhlizi də icra ediləcək. Ermənistan 44 günlük müharibədəki acınacaqlı məğlubiyyətdən nəticə çıxarsa, dəhlizlə bağlı məsələ asanlıqla həll olunacaq və regionun digər dövlətləri kimi Ermənistan da bundan faydalanacaq. Yox əgər, bu prosesə süni maneələr yaradılsa, revanşçı davranışlar sərgilənsə, o zaman zorla həyata keçiriləcək. Vətən müharibəsində olduğu kimi...”

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi