Modern.az

Qardaşlığın rəmzi olan Şuşa Bəyannaməsi

Qardaşlığın rəmzi olan Şuşa Bəyannaməsi

16 İyun 2021, 16:44

Bu gün xalqımız tarixi hadisələrə şahidlik edir.  Beləki, Əzəli Azərbaycan şəhəri Şuşada, cənnət  yurdumuz Qarabağda Azərbaycanın möhtərəm Prezidenti cənab İlham Əliyevlə qardaş ölkənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla tarixi görüş keçirdi. İki ölkə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi imzalandı.  Bu sənəd Türkiyə-Azərbaycan birliyinin və qardaşlığının əbədi olduğunu bir daha dünyaya bəyan etdi. Dövlət başçıları bu tarixi sənədi münasibətlərin yeni mərhələsi üçün yol xəritəsi kimi qiymətləndirdilər. Bəyannamədə göstərilən bütün müddəalar keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır.

 

Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub. Ulu öndər Heydər Əliyevin bir millət, iki dövlət olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir.

 

Azərbaycan və Türkiyə arasında əlaqələrin belə səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Eyni zamanda, türk dünyasının daha sıx şəkildə bir araya gəlməsini bu gün şərtləndirən ən mühüm amillərdən biri də məhz Azərbaycan və Türkiyənin münasibətlərinin inkişafından keçir.

 

Möhtərəm Prezident cənab İlham Əliyev bununla bağlı bildirmişdir: "Türkiyə-Azərbaycan əlaqələri, eyni zamanda, bütün türk dünyası üçün də mühüm rol oynayır. Biz türk dünyasının birləşməsi, türkdilli dövlətlər arasında əlaqələrin inkişafı üçün birgə səylər göstəririk". Azərbaycan və Türkiyə arasında ikitərəfli əlaqələrin inkişaf xətti Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən ardıcıl olaraq məqsədyönlü şəkildə təmin edilir və bu əlaqələrin daha da möhkəmlənməsində hər iki ölkənin dövlət başçılarının şəxsi münasibətləri də mühüm rol oynayır.

 

Azərbaycan ilə Türkiyə arasında hərbi sahədə əməkdaşlıq yalnız Azərbaycan Silahlı Qüvvələrinin gücləndirilməsi deyil, eyni zamanda, bölgədə sülh və təhlükəsizliyin təmini baxımından mühüm əhəmiyyət kəsb edir. Bəyannamədə müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri öz əksini tapır. Bu, tarixi nailiyyətdir. Bu, bir daha göstərir ki, biz bundan sonra da hər zaman bir yerdə olacağıq. Bundan sonra da bir-birimizin təhlükəsizliyini təmin edəcəyik. Necə ki, bu günə qədər Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdədir, bundan sonra da bu, belə olacaq.

 

Türkiyə Prezidenti İkinci Qarabağ müharibəsində pilotsuz uçuş aparatlarının önəmini xüsusi vurğulayaraq bildiribki, “Müdafiə sənayesi sahəsində əlaqələrimiz bundan sonra daha fərqli şəkildə inkişaf edəcək. Bu fərqli inkişafla yanaşı, Azərbaycan bir bazar deyil, eyni zamanda, bu prosesdə istehsal mərkəzi olma imkanı da əldə edəcək. Bizim gücümüz Azərbaycanın gücü, Azərbaycanın gücü də bizim gücümüzdür”.

 

Türkiyənin qısa vaxtda Şuşada Baş konsulluğunu açması isə Türkiyənin bu bölgədə mövqeyinin və gücünün möhkəmlənməsi kimi dəyərləndirilir. Bu, həm də Azərbaycanın güclənməsi deməkdir. Dövlət başçılarının da bəyan etdiyi kimi, Azərbaycanın gücü Türkiyənin, Türkiyənin gücü isə Azərbaycanın gücüdür.

 

Şahmar Ədilov

Naftalan şəhər sakini   

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir