Modern.az

Qarabağ məğlubiyyəti, iqtisadi böhran, “qara piar”  - Ermənilər niyə yenidən Paşinyanı seçdilər?

Qarabağ məğlubiyyəti, iqtisadi böhran, “qara piar”  - Ermənilər niyə yenidən Paşinyanı seçdilər?

Qarabağ

21 İyun 2021, 13:35

Ermənistanda növbədənkənar parlament seçkiləri baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın başçılıq etdiyi “Vətəndaş müqaviləsi” partiyasının qələbəsi ilə başa çatdı.

 

Modern.az xəbər verir ki, 53,92% səslə inamlı qələbə qazanan “Vətəndaş müqaviləsi” partiyası hökuməti təkbaşına qurmaq hüququ qazanıb.


Qarabağ Müharibəsindəki ağır məğlubiyyət, iqtisadi çətinliklər və daxili qeyri-stabil vəziyyət fonunda baş tutan seçkilərdə Paşinyanın inamlı qələbə qazanması, erməni cəmiyyətinin baş nazirə növbəti dəfə etimad göstərməsi bəzi siyasi və ekspert dairələrinin təəccübünə səbəb olub.

 

Ermənistanlı politoloq Aleksandr Markarov Paşinyan fenomenini izah etməyə çalışıb.

“Müharibədə məğlubiyyətə baxmayaraq, 2018-ci ildə Paşinyanı dəstəkləyən vətəndaşlar bu dəfə də ona dəstək oldular. Onlar özlərini Paşinyanın təqdim etdiyi gələcəyin Ermənistanı ilə təsəvvür edirlər. Bundan başqa, Paşinyanı onun opponentlərindən narazı, onlara nifrət edən kəslər də dəstəklədi. Baş verənlər dixotomiyadır və səslər Paşinyana deyilən “hə” ilə yox, müxalifətə verilən “yox”la bağlıdır.

 

Markarov müxalifətin seçki taktikasını da kəskin tənqid edib.


“Müxalifət seçici fəallığını stimullaşdıra və Paşinyanın potensial əleyhidarlarını aydın ideya ətrafında birləşdirməyi bacarmadı. Bunun səbəbləri arasında Ermənistanda siyasi nəsillərin dəyişməməsi problemi də var”- deyə Markarov söyləyib.

Ermənistan müxalifətində köhnə simaların yeniləri ilə dəyişməməsini də ekspert Paşinyana xal qazandıran amillərdən biri sayır.

“2018-ci ildə Paşinyanın hakimyyətə gəlməsi də siyasi nəsillərin dəyişməsi ilə bağlı idi. Amma siyasi qüvvələr yenilənmədi. Müxaifət partiyalarında eyni simalar qalmaqda davam edir. Bəli, illər sonra Paşinyanın siyasi kapitalı zəifləsə də, bu ona seçkilərdə qalib gəlməsi üçün kifayət etdi”.

 

Aleksandr Markarov seçkilərin nəticələrinin Rusiya-Ermənistan münasibətlərinə ciddi təsir göstərməyəcəyi fikrindədir.

“Seçkilərin nəticələri Rusiya-Ermənistan münasibətlərinə çətin ki, təsir etsin. Rusiya adətən, hakimiyyətdə olan siyasi qüvvələrlə çalışır. Paşinyan Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə əlaqələri genişləndirəcəyini açıqlayıb. Bu, Moskvaya önəmli mesajdır. Eyni zamanda, Moskvanın Cənubi Qafqazdakı maraqları Ermənistanla ittifaq halında qorunmalıdır. Ona görə də bütün çətinliklərə baxmayaraq, Moskva Paşinyanın formalaşdıracağı hökumətlə işləməli olacaq. Həmçinin, Rusiyanın kifayət qədər təsir rıçaqları var. Bunlar təhlükəsizlik məsələsi və enerji daşıyıcıları ilə bağlı məsələlərdir”- deyə politoloq Aleksandr Markarov söyləyib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi