Modern.az

YAP hesabat konfranslarına start verdi

YAP hesabat konfranslarına start verdi

Aktual

21 İyun 2021, 18:02

İyunun 21-də Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatlarının hesabat konfranslarına start verilib.

Modern.az xəbər verir ki, ilk olaraq, YAP Nəsimi rayon təşkilatının videoformatda hesabat konfransı keçirilib. Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun iştirak etdiyi tədbirdə əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransın gündəliyi təsdiq edildikdən sonra YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı hesabat məruzəsi ilə çıxış edib. Bildirilib ki, hesabat dövrü ölkəmizin həyatında əzəmətli nailiyyətlər və əlamətdar tarixi hadisələrlə zəngin olub. Uğurla keçirilmiş 2018-ci ilin prezident, 2019-cu ilin bələdiyyə, 2020-ci ilin parlament seçkiləri ölkəmizin ictimai-siyasi həyatında olduqca önəmli yer tutub. Zəfərlə nəticələnmiş Vətən müharibəsi isə yaddaşlarımıza və tariximizə əbədi yazılacaq.

M.İbrahimqızı qeyd edib ki, YAP Nəsimi rayon təşkilatı və onun hər bir üzvü hər zaman dövlətimizin başçısı İlham Əliyevin uğurlu siyasətinin nəticələrinin rayon əhalisi arasında fəal şəkildə təbliğini, partiyamızın həyata keçirdiyi layihələrdə üzərinə düşən vəzifə və öhdəlikləri yerinə yetirməyə çalışıb. Rayon təşkilatının hesabat dövrü ərzində gördüyü işlər slaydlarla təqdim olunub.

Sonra YAP Nəsimi rayon təşkilatının hesabat dövründəki fəaliyyətinə həsr olunmuş video-çarx nümayiş etdirilib.

Daha sonra YAP Nəsimi rayon təşkilatının Nəzarət-Təftiş Qrupunun sədri Azər Maqsudovun hesabat məruzəsi təqdim olunub.

Məruzələr dinlənildikdən sonra Nəsimi rayon İcra Hakimiyyətinin başçısı, YAP Nəsimi rayon təşkilatının sədr müavini Asif Əsgərov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, YAP Nəsimi rayon təşkilatının İdarə  Heyətinin üzvü Mustafa Babanlı, Səhiyyə nazirinin müavini, YAP Nəsimi rayon təşkilatının sədr müavini Elsevər Ağayev, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri, komitə  üzrə ərazi ilk partiya təşkilatının sədr müavini Gülbəniz Əliyeva və Mənzil İnşaatı Dövlət Agentliyinin aparat rəhbəri, agentlik üzrə ərazi ilk partiya təşkilatının sədri Fərman Qurbanlı çıxış edərək YAP Nəsimi rayon təşkilatının hesabat dövrü ərzində fəaliyyətinə dair fikirlərini bildiriblər.

Konfransda çıxış edən YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov  hazırda ölkəmizin  inkişafının yeni mərhələsinin başlandığını bildirib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi nəticəsində 30 ilə  yaxın erməni işğalı altında olan torpaqlarımız azad edilib, Azərbaycanın ərazi bütövlüyü bərpa olunub. Bu Zəfər Azərbaycanın gücünü və qüdrətini bütün dünyaya bir daha nümayiş etdirdi.

Konfransda  YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev çıxış edərək bildirib ki, hər bir siyasi təşkilat mütəmadi olaraq yenilənməli, ideoloji prinsiplərini yeni dövrün tələblərinə uyğunlaşdırmalı, funksional və struktur islahatları baxımından dövrün çağırışlarına cavab verməlidir. Bu baxımdan, VII Qurultayda partiyanın strukturunda yeni seçimlərin edilməsi, YAP-ın yeni Nizamnaməsinin qəbulu təşkilati nöqteyi-nəzərdən xüsusi önəm daşımaqla bərabər, partiyanın fəaliyyətinin stimullaşdırılmasına və səmərəlilik səviyyəsinin artırılmasına əhəmiyyətli töhfələr verəcəyi şübhəsizdir.

Qeyd edək ki, konfransda YAP Nəsimi rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.


Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı