Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyevə telefon zəngi iki ölkə arasında münasibətlərin gündəminə dair müzakirələri yenidən aktuallaşdırıb. Telefon danışığında ticarət-iqtisadi və humanitar sahələrdə əməkdaşlığın müzakirə edilməsi, eləcə də müxtəlif səviyyələrdə ikitərəfli əlaqələrin aktivləşdirilməsi barədə razılığın əldə olunması diqqət çəkir.
Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Azərbaycan-Rusiya Parlamentlərarası İşçi Qrupunun üzvü Azər Allahverənov bildirib ki, Rusiya prezidentinin prezident İlham Əliyevə zəngi mövcud təmasların davamı kimi qiymətləndirilə bilər:
“Birmənalı şəkildə deyə bilərəm ki, Rusiya prezidentinin Azərbaycan prezidentinə zəngi mövcud təmasların davamı kimi dəyərləndirilə bilər. Bu, eyni zamanda, iki ölkə arasında mövcud siyasi əlaqələrin davam etdirilməsi kimi qiymətləndirilir. Nəzərə alsaq ki, Şanxay Əməkdaşlıq Təşkilatının sammitində də iki ölkə rəhbərinin qısa da olsa, ayaqüstü söhbəti olub və kifayət qədər pozitiv mühitdə keçib, son telefon danışığında müzakirə olunan məsələləri həmin müsbət ab-havanın davamı kimi qiymətləndirmək olar”.
Deputat qeyd edib ki, telefon danışığında ticarət, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın müzakirə olunması, eləcə də müxtəlif səviyyələrdə ikitərəfli əlaqələrin aktivləşdirilməsinin nəzərdə tutulması mühüm məqamdır:
“Burada bir neçə məqamı xüsusilə vurğulamaq lazımdır. Birbaşa olaraq Putin tərəfindən belə bir telefon zənginin edilməsi Rusiyanın dialoqun davam etdirilməsində maraqlı olduğunu göstərir. Əlaqələrin aktivləşdirilməsi ifadəsi də xüsusi əhəmiyyət daşıyır. Çünki əlaqələrin inkişaf etdirilməsi daha ümumi məna kəsb edə bilər. Amma mövcud əlaqələrin aktivləşdirilməsi daha konkret və praktiki elementləri özündə ehtiva edir.Bu, dövlətlər və hökumətlərarası səviyyədə, eləcə də aidiyyəti qurumlar arasında mövcud təmasların intensivləşdirilməsi mənasına gələ bilər. Şanxay Əməkdaşlıq Təşkilatının sammitində də bu məsələlərə diqqət yetirilməsi artıq daha konkret addımların atılmasına zəmin yaradır”.
A.Allahverənovun sözlərinə görə, telefon danışığında siyasi və təhlükəsizlik məsələlərinin ön plana çıxarılmaması da diqqət çəkən məqamdır:
“Rəsmi yayılan məlumatdan görünür ki, danışıqlar zamanı siyasi və təhlükəsizlik məsələlərinə xüsusi toxunulmayıb. Bu da onu göstərir ki, hazırda konkret olaraq sadalanan istiqamətlərdə münasibətlərin dərinləşdirilməsinə ehtiyac var. Bu isə gələcəkdə siyasi dialoq üçün vacib olan fundamentin möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir. İstənilən halda bu, kifayət qədər vacib telefon zəngidir. Bu zəng iki ölkə arasında münasibətlərin, xüsusilə praktiki əhəmiyyət daşıyan istiqamətlər üzrə inkişaf etdirilməsini ehtiva edir”.

Deputat Azərbaycan-Rusiya münasibətlərinin daha geniş regional kontekstdə də əhəmiyyət daşıdığını vurğulayıb:
“İki ölkə arasında strateji tərəfdaşlıq xarakteri daşıyan münasibətlər daha geniş coğrafiyada hər iki ölkənin maraqlarına cavab verən siyasətin həyata keçirilməsinə xidmət edir. Bu, müxtəlif platformalarda özünü göstərir.Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında dialoq üzrə tərəfdaş qismində çıxış etməsi də həmin platformanın fəlsəfəsindən irəli gələrək üzv ölkələrlə münasibətlərin praktiki müstəvidə inkişaf etdirilməsini zəruri edir. Bölgədə hazırda çox vacib proseslər gedir. Xüsusilə Cənubi Qafqazla Mərkəzi Asiya arasında nəqliyyat-logistika əlaqələri, müxtəlif kommunikasiya xətləri və ticarət marşrutları məsələsi getdikcə daha böyük əhəmiyyət daşıyır. Bu baxımdan ticarət və humanitar əməkdaşlıqla yanaşı, iqtisadi münasibətlərin müxtəlif aspektləri də əlaqələrin dərinləşməsində mühüm rol oynaya bilər”.
A.Allahverənov fikrincə, Rusiya-Azərbaycan münasibətlərinin inkişafında regional proseslər də nəzərə alınmalıdır:
“Bütün bunlar iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsinə səbəb ola biləcək çox vacib addımlardır. Siyasi kontekstdə müəyyən məsələlərə toxunulmasa belə, digər istiqamətlərdə qarşılıqlı maraqlar ifadə olunur.Cənubi Qafqazda, xüsusilə Ermənistanda yaranmış vəziyyət fonunda Rusiya bölgədə mövqelərini gücləndirmək istəyir. Azərbaycan isə regionun lider ölkəsidir. Məhz Azərbaycan prezidentinə belə bir zəngin edilməsi Rusiyanın məsələlərə bu prizmadan yanaşdığını göstərir. Yəni Rusiya iki ölkə arasında siyasi dialoqun daha da inkişaf etdirilməsində maraqlı olduğunu nümayiş etdirir”.
Deputat son dövrlərdə Rusiyada azərbaycanlılara qarşı baş verən hadisələrin də nəzərə alınmasının vacibliyini bildirib:
“Digər tərəfdən, son zamanlar Rusiyada azərbaycanlılara qarşı müxtəlif müstəvilərdə özünü göstərən davranışların baş verdiyini də yaddan çıxarmamalıyıq. Ona görə də bu telefon zəngi Rusiya Prezidenti Administrasiyasından digər aidiyyəti qurumlara bir mesaj kimi də dəyərləndirilə bilər”.