Modern.az

Xankəndi erməniləri azərbaycanlı deputata yazdılar - SƏBƏB

Xankəndi erməniləri azərbaycanlı deputata yazdılar - SƏBƏB

Parlament

12 İyul 2021, 12:17

Azərbaycan Milli Məclisində Xankəndi seçki dairəsini təmsil edən deputat Tural Gəncəliyevin təşəbbüsü ilə Qarabağ ermənilərinin müraciət və şikayətləri üçün vatsap nömrəsi açılıb.

Tural Gəncəliyevin sözlərinə görə, hazırda bu nömrəyə ermənilərdən hər gün onlarla müraciət daxil olur.

“Xankəndi şəhərində yaşayan ermənilər Bakı ilə əlaqə saxlayıb onlara kömək göstərməklərini istəyirlər. Müraciətlər həm də onu göstərir ki, ermənilər arasında müharibə istəməyənlər də var. İndi onları yalnız Azərbaycanda hansı şərtlərlə yaşayacaqları maraqlandırır”,-deyə T.Gəncəliyev Modern.az-a açıqlamasında bildirib.

 
Bəs ermənilər Xankəndinin deputatından nə istəyirlər?


Deputat bildirib ki, müraciətlər daha çox işlə təmin edilmə, mülkiyyət hüquqları, şəhərdəki su problemi ilə bağlıdır:


“Hər gün demək olar ki, müxtəlif kateqoriyalı insanlar müraciət edir. Yaşlı, gənc nəslin nümayəndələri fərqli dillərdə suallar ünvanlayırlar. Amma əsas mövzu gələcəkdə Azərbaycan vətəndaşı kimi yaşamaq, pasportun əldə edilməsi ilə bağlıdır. Əsasən də iş yerləri, mülkiyyət hüquqları, onların hazırda yaşadıqları yerlərdə öz həyatlarını, fəaliyyətlərini davam etdirib-etdirməyəcəkləri kimi məsələlərdə müraciətlər ünvanlanır”.


Tural Gəncəliyev bildirib ki, ermənilər üçün məxfilik çox vacibdir:

 

“Mənə müraciət ünvanlayan insanlar kimliklərinin gizli olmasını istəyirlər. Çünki revanşist soydaşları onları ölümlə təhdid edə bilərlər. Onlar bizdən kömək umurlar. Bu da onu göstərir ki, ermənilər artıq Azərbaycan hakimiyyəti, qanunları çərçivəsində yaşayacaqlarını və ya yaşadıqlarını indidən alayırlar.

Azərbaycan qanunlarına, ərazi bütövlüyünə hörmət edən erməni əsilli vətəndaşlara müvafiq şəkildə hüquqi yardım etməyə və bir deputatın öz seçiciləri üçün edə biləcəyi nə varsa, o məsələlərdə kömək göstərməyə  çalışacağıq”.

 

Aysel Məhərrəm

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür