Modern.az

Müxalifət Bakı Bəyannaməsini ALQIŞLADI  

Müxalifət Bakı Bəyannaməsini ALQIŞLADI  

29 İyul 2021, 10:22

Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin ilk dəfə Bakıda keçirilən üçtərəfli görüşdə imzaladıqları Bakı Bəyannaməsi siyasi qüvvələr tərəfindən yüksək qiymətləndirildi. Ekspertlərin fikrincə, belə bir bəyannamənin imzalanması tarixi hadisədir, bununla Azərbaycan, Türkiyə və Pakistan dünyaya birlik və qardaşlıq mesajı verdi.

 

Qeyd edək ki, bəyannaməni Milli Məclisin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop və Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysər imzalayıblar.

 

Tərəflər bəyannamənin bütün sahələrdə əməkdaşlığın inkişafına, xüsusilə parlamentlərarası əlaqələrin gücləndirilməsinə mühüm töhfə verəcəyini, üç qardaş ölkə arasında əlaqələrin bundan sonra daha da güclənəcəyini diqqətə çatdırıblar.

 

Bakı Bəyannaməsinin əhəmiyyətini müsbət dəyərləndirənlər arasında müxalifət nümayəndələri də var. Onlar bu təşəbbüsə dəstəklərini ifadə ediblər.

 

Üçtərəfli sənəd barədə Modern.az-a danışan müxalif siyasətçilər bəyannamənin regionda sülhün və təhlükəsizliyin təminatına müsbət təsir edəcəyini düşünürlər.

 

 

Müsavat Partiyasının sədri Arif Hacılı bildirib ki, Türkiyə və Pakistanla iqtisadi, ticarət, təhlükəsizliyin təminatı məsələlərində münasibətlərin möhkəmlənməsi Azərbaycanın maraqlarına uyğundur:

 

“Türkiyə ilə münasibətlərimiz əvvəldən yüksək səviyyədədir və Vətən Müharibəsi dövründə daha da yaxşılaşıb. Əlaqələr həm iqtisadi, həm siyasi, həm də hərbi-diplomatik sahədə ən yüksək səviyyəyə çatıb. Pakistanın da dünyanın qüdrətli dövlətlərindən biri kimi bu prosesdə iştirak etməsi, üç dövlətin dostluq və qardaşlıq münasibətlərini genişləndirməsi ölkəmiz üçün əhəmiyyətlidir. Üç dost dövlətin bundan sonrakı sıx əməkdaşlığının regional təhlükəsizlik baxımından müsbət hadisə olacağını düşünürəm”.

 

 

Respublikaçı Alternativ Partiyasının (ReAl) icra katibi Natiq Cəfərli Azərbaycan-Türkiyə əlaqələrinin brendə çevrildiyini vurğulayıb:

 

“Pakistanın bu prosesə qoşulması, üçtərəfli bəyannamənin imzalanması hər üç dövlətin əlaqələrinin koordinasiyalı şəkildə inkişaf etdirilməsinə hesablanıb.

 

Son illər Azərbaycan bölgədə de-fakto və de-yure ittifaqlar qurmaqla bir çox məsələlərin həllində ciddi uğur qazanıb. Elə 44 günlük müharibədə ordumuzun qazandığı qələbədə də bu ittifaqların çox böyük rolu olub. Bütün bunları nəzərə alaraq, Azərbaycanın addımları, Türkiyə və Pakistanla əlaqələrin inkişaf etdirilməsi üç dövlətin maraqları çərçivəsindədir.

 

Pakistanın, Türkiyə və Azərbaycanın hər birinin öz regionunda üstün dövlət olduğunu nəzərə alsaq, digər ölkələrin bu əməkdaşlığa qoşulmasını gözləyə bilərik”.

 

Ümid Partiyasının rəhbəri İqbal Ağazadə də Bakı Bəyannaməsini alqışlayıb:

 

“Sülhün təminatına, dostluğun önə çəkilməsinə xidmət edən bütün bəyannamələri və müqavilələri dəstəkləyirəm. Türkiyə, Pakistan və Azərbaycan region üçün birlikdə çox şeylər edə bilərlər. Bakı Bəyannaməsi hesab etmirəm ki, hansısa dövlətə qarşıdır. Bu bəyannamə regionda sülhün davamlı, ardıcıl, stabil olması üçündür. Bu istiqamətdə hər üç ölkə geniş addımlar atır. Belə addımları alqışlamaq lazımdır.

 

Üçtərəfli əməkdaşlıq genişlənsə, başqa dövlətlər də bura qoşularsa, çox yaxşı olar. Barış və sülh üçün nə qədər çox səylər olacaqsa, nə qədər çox tərəflər bu təşəbbüsdə iştirak edərsə, proses o qədər davamlı və stabil olacaq”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!