Modern.az

Rasim Musabəyov: Lazım gəldikdə, erməniləri yerində oturdarıq

Rasim Musabəyov: Lazım gəldikdə, erməniləri yerində oturdarıq

Ölkə

Bu gün, 13:48

Xarici diplomatların Azərbaycanın Qarabağ bölgəsinə səfərinə Ermənistanda, o cümlədən rəsmi səviyyədə etiraz bildirilməsi müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rasim Musabəyov bildirib ki, Ermənistan tərəfinin bu mövzuda irəli sürdüyü iddiaların hüquqi əsası yoxdur.

“Onların danışdıqlarının heç bir əhəmiyyəti yoxdur. Azərbaycan onların bütün uydurmalarını rədd edir. Azərbaycan öz ərazisində tam hüquq sahibidir. Bu ərazidəki bütün tarixi, dini və mədəni abidələr Azərbaycana məxsusdur. Azərbaycan diplomatları da bura dəvət edir və bu ərazidə bütün qərarları vermək səlahiyyətinə malikdir”, – deputat deyib.

R.Musabəyovun sözlərinə görə, Ermənistan tərəfinin Azərbaycana bu məsələdə irad bildirməyə mənəvi əsası da yoxdur:

“Azərbaycan ərazisində XIX əsrin sonu – XX əsrin əvvəllərində Bakıda, Gəncədə və Şuşada tikilmiş erməni kilsələri dövlət tərəfindən qorunub saxlanılır. Halbuki Ermənistan ərazisində dağıdılmamış yeganə məscidin adını dəyişərək ‘Fars məscidi’ adlandırıblar. Halbuki həmin məscid İrəvan xanının vəsaiti hesabına tikilib. Ermənistan ərazisində yüzlərlə məscid olub və onların hamısı dağıdılıb. Bunun fonunda Azərbaycana hər hansı irad bildirməyə onların mənəvi haqqı yoxdur”.

Deputat Qarabağdakı qədim kilsələrin mənsubiyyəti məsələsinə də toxunub.

“Qədim Alban kilsələrinin Alban irsinə aid olduğunu ermənilər də inkar edə bilməzlər. Bu, tarixi faktdır. Sadəcə, Alban tarixini erməni tarixi kimi təqdim etməyə çalışırlar. Bunun üçün isə heç bir əsas yoxdur.

Vaxtilə Alban kilsəsi müxtəlif tarixi mərhələlərdə erməni kilsəsinin tabeliyinə keçirilib və sonradan erməniləşdirilib. Ancaq bu, tarixi yenidən yazmağa əsas vermir”, – o bildirib.

Rasim Musabəyov vurğulayıb ki, Azərbaycan öz tarixi və mədəni irsini qorumaq imkanına malikdir:

“Azərbaycan öz tarixini qorumaq iqtidarındadır və lazım gəldikdə, Azərbaycana qarşı iddialarla çıxış edənləri yerində oturtmağa gücü çatır”.

Sizə yeni x var
Keçid et
Maaş azlığı, bahalaşma, işsizlik - Çıxış yolu nədir? - Vahid Əhmədovla Gündəm Masada