Azərbaycanda qəbiristanlıqlarda məzarların bir-birinə həddindən artıq yaxın yerləşməsi tez-tez müzakirə olunan məsələlərdəndir. Bəs bunun əsas səbəbi nədir və qəbiristanlıqların salınması necə tənzimlənməlidir?
Mövzu ilə bağlı Modern.az-a danışan tanınmış iqtisadçı-ekspert, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Orucov bildirib ki, əsas səbəblərdən biri qəbiristanlıqlarda əvvəlcədən planlaşdırma işlərinin aparılmamasıdır.
Onun sözlərinə görə, xüsusilə uzun illərdir istifadə olunan köhnə qəbiristanlıqlarda məzar yerlərinin planlı şəkildə yerləşdirilməsi həyata keçirilməyib:
“Hər hansı bir planlama işi aparılmadığına görə həmin qəbiristanlıqda məzarlar bir-birinə yaxındır. Bundan sonrakı dövrlərdə qəbiristanlıqların planlı şəkildə salınmasına çox böyük ehtiyac var. Eyni zamanda, bunun dövlət qurumları tərəfindən həyata keçirilməsi vacibdir”.
V. Orucova qəbiristanlıqlarda torpaq sahələrinin qiyməti məsələsinə də diqqət çəkib. O qeyd edib ki, bəzi hallarda məzar yerlərinin bir kvadratmetrinin qiyməti ətraf ərazilərdəki normal torpaq sahələri ilə müqayisədə daha yüksək olur. Bu isə əhali arasında narazılıq yaradır.
“Hazırda bütün məzarlıqlarda bir kvadratmetrin dəyərini hesablayanda, qonşuluqdakı normal torpaq sahələri, yaşayış sahələri ilə müqayisə etdikdə görürük ki, məzarlıqların qiyməti daha bahadır. Bu da əhalidə çox ciddi narazılıqların yaranmasına səbəb olur”, – deyə o vurğulayıb.
Ekspert hesab edir ki, problemin həlli üçün yeni qəbiristanlıq ərazilərinin yaradılması və bu sahədə ödənişlərin dövlət nəzarətində olması vacibdir:
“Düşünürəm ki, həm planlı şəkildə bu işin aparılmasına, həm yeni qəbiristanlıq sahələrinin yaradılmasına, həm də müəyyən ödənişlərin yalnız dövlət büdcəsinə yönəldilməsinə çox böyük zərurət var”.
O bildirib ki, digər ölkələrin təcrübəsində olduğu kimi, Azərbaycanda da qəbiristanlıqların təşkili ilə bağlı dövlət strukturları daha aktiv fəaliyyət göstərməlidir. Məzar yerlərinə görə ödənişlərin müəyyənləşdirilməsində isə sosial güzəştlərin nəzərə alınmasını təklif edib.
Vüqar Orucovun sözlərinə görə, məzar yeri kommersiya və ya investisiya məqsədi daşımır:
“Çünki hər hansı bir vətəndaş dünyasını dəyişən yaxını üçün məzar yeri ayırırsa, bu, investisiya sahəsi deyil və yaxud gəlir götürmək məqsədi daşımır. Bu, həmin vətəndaşın yaxını üçün son mənzildir”.
O hesab edir ki, məzar yerlərinin qiyməti bazar dəyərindən daha aşağı müəyyənləşdirilməli və sosial yanaşma əsas götürülməlidir.
“Son mənzil olduğuna görə də müvafiq bazar dəyərindən daha ucuz qiymətə və dövlət hesabına köçürülməklə həmin məzar yerlərinin alınması məqsədəuyğundur. Bununla həm nəzarət tətbiq etmiş olarlar, həm də Azərbaycan dövlətinin mahiyyətinə uyğun olaraq humanist yanaşma həyata keçirərlər”, – deyə ekspert əlavə edib.
Nicat Rüstəm