Ermənistanın Baş naziri Nikol Paşinyan Gümrüdə yerləşən Rusiyanın 102-ci hərbi bazasının ölkəsi üçün zəruri olmadığını bildirib.
Modern.az xəbər verir ki, Paşinyan bu barədə hökumətin iclasından sonra jurnalistlərə açıqlamasında danışıb.
“Rusiya hərbi bazası bizə lazım deyil. Əgər bazanı çıxarmaq istəyirlərsə, buyursunlar, bunu sabah da edə bilərlər. Əgər qalmaq istəyirlərsə, Ermənistanda bizə lazım olmayan bazanın yerləşmə şərtlərini müzakirə etməyə hazırıq. Bu mövqedə anlaşılmayan nə var?” – Ermənistanın baş naziri deyib.
Paşinyanın sözlərinə görə, Rusiyanın 102-ci hərbi bazasının mövcudluğu Ermənistanın təhlükəsizliyinə əlavə təminat vermir.
O, eyni zamanda bildirib ki, Ermənistan indiyədək Rusiya hərbi bazasının ölkədən çıxarılması məsələsini özü qaldırmayıb:
“Ermənistan heç vaxt Rusiya hərbi bazasının çıxarılması məsələsini qaldırmayıb. İndi bu məsələni Rusiya tərəfi gündəmə gətirir. Biz də mövqeyimizi bu məntiq çərçivəsində ifadə edirik”.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin sentyabrın 1-də Bişkekdə bildirmişdi ki, Ermənistan Rusiya hərbi bazasına ehtiyac olmadığını hesab edərsə, Moskva bazanı çıxarmağa hazırdır. Paşinyan isə daha əvvəl Ermənistanın bazanın ölkədə qalmasını “həyati zərurət” hesab etmədiyini açıqlamışdı.