Modern.az

Barəsində 3 dəfə həbs qəti-imkan tədbiri seçilən şəxs məhkəmələrə sifariş verir - OLAY

Barəsində 3 dəfə həbs qəti-imkan tədbiri seçilən şəxs məhkəmələrə sifariş verir - OLAY

30 Oktyabr 2012, 14:21

Mübariz Vəliyev isə Abşeron topaqlarını dədə malı kimi hərraca çıxarıb

Qaradağ rayonu «Gülbaxt» daş karxanası ətrafında yaranmış xoşagəlməz vəziyyət getdikcə mürəkkəbləşir. İş yerlərini itirən fəhlələr çıxılmaz vəziyyətə düşüblər. Bu fəhlələrin ailə üzvü olvn 1000 nəfərə yaxın insan indii ağır durumda yaşayır. Bir tərəfdən ölkədə yeni iş yerləri açılır, digər tərəfdən isə bəzi məhkəmə orqanları dövlət siyasətinə zidd qərarlar çıxararaq insanları işsiz vəziyyətdə qoyur və çarəsiz qalan insanlar dövlət başçısına müraciət etmək məcburiyyətində qalırlar. Dünən isə redaksiyamıza «Gülbaxt» karxanasında fəhlə işləyən daha 45 nəfər fəhlənin imzası ilə şikayət ərizəsi daxil olub. İşsiz qalan fəhlələr yenə də prezident İlham Əliyevə, Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədova və Korrupsiyaya qarşı Mübarizə İdarəsinə yazılı şəkildə müraciət ediblər.

Fəhlələri işsiz qoyan dələduzlar

İş yerlərini itirən və təzyiqə, təhqirə məruz qalan fəhlələr onlara qarşı edilən haqsızlığa dözə bilmirlər. Şikayət məktubunda qeyd edilir ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının 30 dekabr 2005-ci il tarixli «390 a» saylı sərəncamı ilə, Abşeron rayonuna təhkim edilmiş ehtiyat fondu torpaqlarından 6 hektar torpaq sahəsi «Ekspress-11» fərdi kiçik müəssisəsinə verilib. Elə həmin gün, yəni 30 dekabr 2005-ci il tarixdə Abşeron Rayon İcra Hakimiyyəti ilə «Ekspress-11» fərdi kiçik müəssisəsi arasında bağlanmış icarə müqaviləsinə əsasən həmin 6 hektar torpaq sahəsi 15 il müddətinə «Ekspress-11» fərdi kiçik müəssisəsinin icarəsinə verilib. Necə bir təsadüfdürsə elə həmin gün - 30 dekabr 2005-ci il tarixdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron Rayon Şöbəsinin müdiri M.Vəlyevin imzası ilə torpağın istifadəsinə aid rəy verilib. Həmin sənəddə isə “Ekspress-11” fərdi kiçik müəssisəsinin xahişi əsasında ona ayrılmış dövlət ehtiyat fondunda saxlanılan Daşlı örüş uqodiyası (qoyun örüş sahəsi) kimi qeydiyyata alınmış torpaq sahəsinin mişar daşı istehsalı üçün adıçəkilən müəssisəyə verilməsinə rəy verilib.

Daha sonra “Ekspress-11”ə ilkin torpaq ayırma sənədi olan 6 hektar sahə üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron Rayon Şöbəsi tərəfindən 15 fevral 2006-cı il tarixli şəhadətnamə verilib: «Bildiyimiz kimi hər bir ayrılmış torpaq sahəsinin normal olaraq bir torpaq ayırma sənədi olan şəhadətnaməsi olur. Lakin “Ekspress-11”ə şəhadətnamələr qoşa–qoşa verilib ki, ikinci şəhadətnamə eyni seriya və eyni kodla olsa da şəhadətnamədə olan kordinatlara dəyişikliklər edilmiş və tarix də dəyişdirilərək 26 may 2006-cı il tarixli ikinci şəhadətnamə verilib. Göründüyü kimi ikinci şəhadətnamə tam saxtadır və bu isə ciddi qanun pozuntusu, cinayətdir. Hal hazırda hər iki şəhadətnamə əlimizdədir. Maraqlıdır ki, adətən torpaq sahəsinin alqı-satqısı, sənədlərin hazırlanması, alınması prosesi xeyli müddət vaxt aparsa da, «Express-11» müəssisəsi üçün bütün sənədlər bir gündə hazırlanıb. Bütün bunlar sübut edir ki, adıçəkilən şirkəti kimlərsə himayə edir və bir qrup dələduz fəhlələrin çörəksiz qalmasına bais olublar» - deyə fəhlələr qeyd edirlər.

“Ekspress-11” isə iddia edir ki, həmin 6 hektar sahə «Turan» müəssisəsinin istifadəsində olan “Gülbaxt” daş karxanasına düşür. Adıçəkilən şirkət qanunsuz olaraq həmin ərazinin onlara məxsus olduğunu təsdiq etmək üçün məhkəməyə də müraciət edib. Eyni zamanda “Ekspress-11” fərdi kiçik müəssisəsi iddianın təmini tədbri barədə ərizə ilə müraciət edərək Bakı şəhəri, Qaradağ rayonu, “Gülbaxt” daş karxanası üzərinə həbs qoyulmasını xahiş edib. 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2 mart 2012-ci il tarixli qərardadı ilə “Gülbaxt” daş karxanası üzərinə həbs qoyulub/. Bu qərardaddan verilən şikayətin araşdırılması üçün Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin mütəxəsisləri işə cəlb edilmiş, “Turan” firmasının istifadəsində olan 15 hektar sahənin və “Ekspress-11” fərdi kiçik müəssisəsinin icarəsində olan 6 hektar sahənin yerində kordinatları müəyyən edilərək mütəxəsis rəyi məhkəməyə təqdim edilmişdir. Rəsmi sənədləri heç cür dana bilməyən məhkəmə 6 aprel 2012-ci il tarixli qərardadı ilə 2 mart 2012-ci il tarixli qanunsuz hökmünü ləğv edərək, “Gülbaxt” daş karxanası üzərinə qoyulmuş həbsi götürmüşdür.

Abşeron rayon və 1 saylı Bakı İnzibati-İqtisadi məhkəmələri kimlərin havasına oynayır?

Ancaq qeyd olunan müəssisə rəhbərliyinin sifarişi ilə Abşeron rayon məhkəməsində hakim İlham Kərimli tərəfindən «Gülbaxt» daş karxanasına qarşı yenə də qanunsuz qərardad çıxarılıb. 14 sentyabr 2012-ci il tarixdə Abşeron Rayon Məhkəməsinini hakimi İlham Kərimlinin hökmü ilə “Turan” firmasının istifadısində olan “Gülbaxt” daş karxanasına 6 hektar sahəsindən istifadə qadağan edilib. Ancaq həmin qərardaddan verilmiş şikayətə 16 oktyabr 2012-ci il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsində (Hakim Telman Quliyev) baxılaraq Abşeron Rayon Məhkəməsinin 14 sentyabr qərardadını ləğv edilib. Buna baxmayaraq qanunsuz əməllərlə məşğul olan «Express-11» firasının rəhbərliyi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə yenidən müraciət edib. Hakim Elçin Məmmədov 15 oktyabr 2012-ci tarixdə yenidən «Express-11»in qanunsuz iddiasının təmin olunması ilə bağlı qərardad qəbul edərək, “Gülbaxt” daş karxanasının 6 hektar sahəsindən istifadənin “Turan” firmasına qadağan edilməsini qərara alıb.

Şikayətçilər onu da vurğulayırlar ki, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsi hətta qanunsuz çıxardığı qərarı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin vasitəsi ilə «qanuniləşdirmək» istəyib. Lakin «Express-11»in daha bir yalanının üstü açılıb. Məhkəmə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə məraciət edərək sözügedən ərazinin koordinatlarının təyin olunaraq sxeminin hazırlanmasının təsdiq olunmasını istəyib. Komitənin 4 nəfər üzvündən ibarət kompleks mütəxəsis qurupu yaradılaraq “Gülbaxt” daş karxanasında baxış keçirilib və GPS müasir ölçmə aləti vasitəsiylə ərazinin künc nöqtələri müəyyən edilərək, 1 saylı Bakı İnzibati İqtisadi məhkəməsinin hakimi Elçin Məmmədova təqdim edilib. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin mütəxəsislərinin imzası ilə hakim Elçin Məmmədova göndlərilən rəydə aydın yazılır ki, “Gülbaxt” daş karxanasının 15 hektar torpaq sahəsi ilə “Ekspress-11” fərdi kiçik müəssisəsinin istifadəsində olan 6 hektar torpaq sahələri bir-birindən 727 metr aralı məsafədə yerləşirlər.

Cinayətkar şəbəkə

Şikayətçilər eyni zamanda iddia edirlər ki, onları işsiz vəziyyətdə qoyan «Ekspress-11» firması indiyədək 6 hektar torpaq sahəsində görülən işlərlə bağlı dövlətə vergi ödəməyib: « Vergilər Nazirliyinin 5 saylı Şirvan Ərazi İdarəsinin məlumatlara əsasən, “Ekspress-11” fərdi kiçik müəssisəsi 1993-cü il tarixdə Sabirabad rayon Qalağayin kəndində qeydiyyatdan keçib, direktoru Əliyev Əhməd Əli oğludur. Bu günə kimi “Ekspress-11” firması hansı vergi yoxlamalarından keçib? Ona görə də Vergilər Nazirliyindən “Ekspress-11” fərdi kiçik müəssisəsinin 1993-cü il tarixdən bu günə kimi oln fəaliyyətinin yoxlanılmasını xahiş edirik ki, 30 dekabr 2005-ci il tarixli sərəncam əsasında şirkətə ayrılmış 6 hektar torpaq sahəsi ilə bağlı hansı vergiləri verib, həmçinin “Ekspress-11”lə işçiləri arasında əmək müqaviləsi varmı? Qeyd edirik ki, “Ekspress-11”in direktoru olan, əslində formal olaraq bu vəzifəni tutan Əliyev Əhməd Əli oğlu adı bir çox cinayətlərdə vurğulanan Məmmədov Akif Məhərrəm oğlunun qohumudur və onun evində yaşayır. Akif Məmmədov barəsində Qaradağ rayonu Prokurorluğu tərəfindən 3 dəfə həbs qəti-imkan tədbiri seçilməsi ilə bağlı sanksiya verilsə də, təqsirkar hələ də həbsə alınmayıb. Ancaq bu cür sahibkarların qanunsuz fəaliyyətinə bəzi dairələr hələ də biganə qalırlar və kimlərinsə himayəsində olan bu şəxs indiyədək cəzasını almayıb. Həmçinin “Ekspress-11” fərdi kiçik müəssisəsi adı altında bir yerə toplaşan bir qurup dələduz mafiyası və bu mafyanın başında isə Amil Yusifov adlı şəxs dayanır. Amil Yusifov dəfələrlə karxana qalmaqallarında adı hallanıb və bu əməllərinə görə də 3 gün Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsində saxlanılıb. O, Türkan və Şahqaya karxanalarında bu cür dələduz əməllərinə görə onlarla sahibkarı evsiz-eşiksiz qoyub və nəticə etibariylə həmin karxanalardan biabırçıcasına qovulmuş şəxsdir. İndi isə Amil Yusifovun növbəti hücum planı “Gülbaxt” daş karxanasıdır. Amil Yusifov bir çox dövlət məmurlarının yanına gedərək külli miqdarda rüşvət təklif etməklə, çox təssüflə qeyd edirik ki, bir çox hallarda da bu qanunsuz əməllərini həyata keçirdə bilir».

Abşeronun yeni xanı

Şikayətçilər qeyd edirlər ki, “Ekspress-11”in saxta əməllərini həyata keçirməsinə köməklik edən digər şəxs isə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron Rayon Şöbəsinin müdiri Mübariz Vəliyevdir. Mübariz Vəliyev Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin bazasına daxil olaraq “Ekspress-11”ə saxta şəhadətnamə və kordinatlar hazırlayıb. Bütün bu qanunsuz əməllərinə görə o, komitə sədiri tərəfindən şiddətli töhmətlə cəzalandırılıb: «Bütün bunlara baxmayaraq bu şəxs Abşeron torpaqlarını dədə malı kimi hərraca çıxarıb. Kim çox pul verirsə, onun xeyrinə rəy verir və 1 torpaq sahəsini 3-4 nəfərə satır. Yalan vədlərlə icra başçısı Zakir Fərəcovun və digər yüksək rütbəli şəxslərin adından danışır. Bu şəxs ətrafındakı işbazlara deyib ki, istənilən torpaq sahəsi, hətta başqa rayonun ərazisində olsa belə pul müqabilində satmağa hazırdı. Hazırda Mübariz Vəliyevi «Abşeronun yeni xanı» adlandırırlar»- deyə şikayətilər bildirirlər.

Abşeron rayon məhkəməsində hakim İlham Kərimli və 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsində hakim Elçin Məmmədov tərəfindən çıxarılan qanunsuz qərardad sonra şikayət edən fəhlələrə «Express-11»in «rəhbərlərindən» biri olan Akif Məmmədov hədə-qorxu gələrək onları daha böyük instansiyalarla hədələyib: «Akif Məmmədov deyir ki, onların xeyrinə qərar çıxaran hakimlər kiçik adamlardı. Deyir ki, İlham Kərimli və Elçin Məmmədov kimdir, mənim daha böyük yerlərdə adamlarım var. Görmürsünüz ki, barəmdə Qaradağ rayonu Prokurorluğu tərəfindən 3 dəfə həbs qəti-imkan tədbiri seçilməsi ilə bağlı sanksiya verilsə də, hələ də məni tuta bilmirlər».

Bütün bu hadisələrlə görə ailə vəziyyətləri ağır duruma düşən fəhlələrin ümidləri dövlət strukturlarınadır. İşsiz qalan insanlar ümid edirlər ki, gec-tez haqq-ədalət qələbə çalacaq və «Gülbaxt» Daş karxanasında çalışanların haqlı mübarizəsi nəticə verəcək.

DTXK-nın Abşeron rayon şöbəsinin və Abşeron rayon icra hakimiyyətinin rəy əsasında hazırlanan yerquruluşu planına görə də "Gülbaxt" daş karxanasının 15 hektar torpaq sahəsi ilə “Ekspress-11” fərdi kiçik müəssisəsinin istifadəsində olan 6 hektar torpaq sahələri bir-birindən 727 metr aralı məsafədə yerləşirlər

Elnur

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir