Modern.az

Dağlar işıq saçır, nur ələyirdi - Jurnalistin Şuşa QEYDLƏRİ

Dağlar işıq saçır, nur ələyirdi - Jurnalistin Şuşa QEYDLƏRİ

Ədəbi̇yyat

1 Sentyabr 2021, 13:34

Avqustun 29-dan 31-dək hər kəsə əziz olan Şuşada keçirdiyim günlər üçün Ulu Yaradana şükür edir, tükənməz qürur hissi keçirir, elə hey gözüm kimisə axtarır ki, sevincimi, şadlığımı onunla da bölüşüm. Elə buradaca mərasimə qatıldığım üçün Heydər Əliyev Fonduna və Azərbaycan Yazıçılar Birliyinə minnətdarlığımı bildirirəm.


Biz Şuşaya qayıtdıq. Şuşa bizi bağrına basdı, qəlbimizə bir sərinlik gətirdi, ürəyimizi oxşadı. Artıq tarixə düşmüş möcüzəli və əfsanəvi Zəfər Yolu dağlar gözəli ilə qovuşmağımıza bir körpü oldu. Bu yol daşıdığı rolun mahiyyətini qat-qat zənginləşdirdi.


“Azad Şuşa! Biz səni dirçəldəcəyik!” – deyən Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tarixi mesajının artıq reallığa çevrildiyinin şahidi olmaq üçün Zəfər Yolu ilə təbii gözəlliklərin şəriksiz ünvanına və bir çox tarixi şəxsiyyətlərin, elm, incəsənət və mədəniyyət xadimlərinin yurduna-yuvasına tələsmək hələ qarşıda bizi gözləyən təkrarsız uğurlardan soraq verir.


Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Ordumuzun işğaldan azad etdiyi torpaqlarımızın hər qarışı bizim üçün əzizdən əzizdir. Şuşaya – nəinki Azərbaycanın, bütün Qafqazın mədəniyyət mərkəzi sayılan bu dağlar gözəlinə yeni nəfəs verilməsi isə izaholunmaz hiss və duyğularla süslənmiş bir tükənməz mövzunun söhbətidir. Dişi ilə, dırnağı ilə sərt qayaları aşan aslan biləkli oğullarımızın şücaəti, dəyanəti ilə ləyaqət simvolu Qala şəhərin azad edilməsi Böyük Xilaskar adını şərəflə daşıyan Ali Baş Komandanın – Azərbaycan Prezidenti İlham Əliyevin bu şəhərlə bağlı nəzərdə tutduğu görülən və görüləcək işlərin, həyata keçiriləcək layihələrin miqyasının nə dərəcədə ölçüyəgəlməz və təsəvvüredilməz olduğunu əyani göstərir. Çətin və keçilməz relyefli dağ massivlərini aşıb Şuşaya uzanan Zəfər Yolu, bu şəhərin elektrik və su ilə təchizatı, digər sosial problemlərin həlli, muzey və abidələrin təmiri, yenilənməsi və nəhayət, Molla Pənah Vaqifin məqbərəsinə yeni həyat verilməsi, böyük şairin adı ilə bağlı poeziya günlərinin keçirilməsi – bütün bunlar cənab İlham Əliyevin xalq, dövlət və Ata qarşısındakı verdiyi vədlərin yüksək səviyyədə doğrulmasının, xəyalların misli görünməmiş dərəcədə reallaşmasının əyani sübutudur.


Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun hərtərəfli dəstəyi ilə əsaslı təmir edilmiş Molla Pənah Vaqifin məqbərəsinə yeni həyat verilməsi Şuşanın hüsnünə təkrarsız əlvan çalarlar qatır. Məqbərənin açılışı münasibəti ilə keçirilən mərasimə Azərvaycanın tanınmış mədəniyyət və incəsənət xadimləri, söz adamları toplaşmışdılar. Tədbirdə çıxış edən dövlət başçısı İlham Əliyev uzaq illərə də ekskurs etdi, o vaxtlar Azərbaycana rəhbərlik edən Heydər Əliyevin Vaqifin məqbərəsinin açılışında iştiakını xatırlatdı və tale qismətinə düşən missiyaya – məqbərəyə yeni həyat verilməsindəki fəaliyyətinə görə şükranlıq hisslərini ifadə etdi. Xəyal məni də qanadlarına alıb 1982-ci ilin 14 yanvarna – qarlı, şaxtalı günə apardı.


...Həmin gün Molla Pənah Vaqifin məqbərəsinin açılış mərasimində iştirak etmək üçün Şuşaya gedən media nümayəndələri sırasına gənc telejurnalist kimi düşmək lap ürəyimdən idi. AzTV-nin çəkiliş qrupunda iki kinooperator var idi: Rüstəm Zülalov və Sergey İşxanov. Xankəndidə qatardan düşəndə ermənilərin Sergeyi duz-buz kimi “yalamaları” indi də gözümüzün qabağındadır. Bizimlə isə candərdi görüşdülər. Bir-iki saatı bu şəhərdə necə keçirdiyimizi təsəvvür etməzsiniz. Sanki Azərbaycandan minlərlə kilometr uzaqda – düşmənlər arasında idik. Ermənilərin buz kimi donuq sifətləri qəlbimizi üşüdürdü.
Şuşada isə əhvalımız tamam dəyişdi. Şəhər sakinləri, rayon rəhbərləri bizi doğmaları, əzizləri kimi bağırlarına basdılar. Sergeylə də yaxın adamları kimi görüşdülər, hal-əhval tutdular. Qəribəsi bu idi ki, erməni operatorumuz burada özünü sudan çıxmış balıq kimi hiss edirdi - gözləri yol çəkir, özünü nə isə qəribə aparırdı. Əlbəttə, “Miatsum”a hələ altı il qalsa da, azacıq müşahidə erməninin içindən üzünə vuran hissləri duymağa imkan verirdi.


Şuşaya əvvəlcədən gələn qonaqlar, jurnalistlər, dövlət məmurları Azərbaycanın rəhbəri Heydər Əliyevi Molla Pənah Vaqifin məqbərəsinin açılış mərasimində böyük sevinclə qarşıladılar. Qarlı-şaxtalı gün olsa da, hamının üzündə bir sevinc, nur, qəlbində hərarət vardı. Paytaxtdan gələn adlı-sanlı qələm sahibləri, Şuşa camaatı, televiziya və qəzet müxbirləri xalqın böyük oğlunu səmimiyyətlə, qayğıyla əhatələmişdi. Heydər Əliyev mərasimdə geniş nitq söylədi, Vaqif yaradıcılığını, fəaliyyət göstərdiyi dövrü ətraflı təhlil etdi, şairin misralarını əzbər söylədi. Məqbərənin açılış mərasimindən sonra Şuşadakı doqquzmərtəbəli mehmanxananın restoranında böyük ziyafət verildi. Heydər Əliyev adəti üzrə jurnalistləri lap yaxınlığında əyləşdirmişdi. Dediklərini tam aydınlığı və dəqiqliyi ilə eşidirdik. O vaxtkı Dağlıq Qarabağ  Muxtar Vilayətinin rəhbəri Boris Kevorkova tutduğu iradlar da yaxşı yadımdadır. Heydər Əliyev onu Xankəndidə rastlaşdığı erməni dilində yazılmış lövhə və reklamlara, hətta məclisdə gördüyü mineral suların, içki şüşələrinin üstündəki yazılara görə əməlli-başlı məzəmmət etdi, bildirdi ki, bu yazılar dövlət dili olan Azərbaycan dilində yazılmalıdır. Yəqin ki, böyük şəxsiyyətin qarşısında Borisin hansı hisslər keçirdiyini, necə utanıb-qızardığını təsəvvür etmək o qədər də çətin deyil.


Şuşa mənim yaddaşımda daim sanki istedadlı fırça ustalarının yığılıb birgə yaratdığı natürmort və qravürlər toplusu kimi boy göstərir. İsa bulağının dondan sırsıra bağlamış suyu, Xan mağarasının, Şuşa qalasının, Bülbülün ev muzeyinin, Xurşudbanu Natəvanın saray-kompleksinin, Firudin bəy Köçərlinin, Zöhrabbəyovların malikanələrinin, Mir Movsüm Nəvvabın evinin, Qarabağ xanının vəziri Molla Pənah Vaqifin türbəsinin siluetləri gözlərimin önündən çəkilmir.


...2021-ci ilin qaynar avqustunun son günlərində paytaxtın isti və bürkülü mühitindən sıyrılıb uca dağlar qoynundakı sərin və eyni zamanda öz isti və hərarətli nəfəsi ilə bizi bağrına basan mədəniyyət və mənəviyyat ocağından ayrılsaq da, səfər yoldaşlarımızın hamısını bir yekdil fikir birləşdirirdi – qayıdanbaş daha çox bir məqamı eyni notda vurğulayırdıq ki, imkan düşdükcə Şuşaya dönək, bu dağlar gözəlini darıxmağa, qəribsəməyə qoymayaq. Onsuz da uzun illər biz Şuşasız, o da bizsiz qalmışdı. İndi vüsalın qədrini bilməyin, ötüb-keçən ağrılı-acılı dövrün “acığını çıxmağın” əsl vaxtıdır.


Əziz Şuşa, biz qayıtdıq qoynuna, isindik, ovunduq, təsəlli tapdıq. Biz sənin yanında, qəlbindəyik, sən də bizim ürəyimizin başındasan həmişə - daimi, əbədi olaraq, həmişəyaşarlıq simvolu kimi.


Şuşa gecələrinin isə ayrı hüsnü vardı. Bu şəhərdə keçirdiyim gecələrdə şəhəri dövrələyən zirvələri seyr etdikcə açıq-aşkar görürdüm ki, bu dağlar nə isə qəribə, möcüzəli işıq saçır, ətrafa Yaradanın bəxş etdiyi sönməz, tükənməz nur seli çiləyir. Qoy işığın azalmasın, nurun heç vaxt əksilməsin, əziz Şuşa!


Sonda onu da deyim ki, Şuşa ərazi etibarilə kimlərəsə kiçik görünsə də, mahiyyətcə olduqca böyük, miqyasagəlməz şəhərdir.


Akif Cabbarlı,
Yazıçı-publisist, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının redaktoru

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir