Modern.az

Professor Məsud Əfəndiyev - Elmin, zəhmətin və təvazökarlığın vəhdəti

Professor Məsud Əfəndiyev - Elmin, zəhmətin və təvazökarlığın vəhdəti

Mədəniyyət

Bu gün, 13:59

Elə insanlar var ki, onlar sadəcə alim deyillər. Onlar cəmiyyətin aynası, elmə və mənəvi dəyərlərə işıq tutan şəxsiyyətlərdir. Professor Məsud Əfəndiyev də məhz belə insanlardan, hətta onların ön sıralarında yer alan simalardandır.

1953-cü ildə Zaqatala rayonunda anadan olan professor Məsud Əfəndiyev orta təhsilini qızıl medalla başa vurduqdan sonra Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində təhsil almış, daha sonra təhsilini M.V. Lomonosov adına Moskva Dövlət Universitetində davam etdirərək namizədlik və doktorluq dissertasiyalarını uğurla müdafiə etmişdir.

1991-ci ildən Almaniyada yaşayan alim Münhen, Ştutqart və Berlin universitetlərində elmi-pedaqoji fəaliyyət göstərib, hazırda Almaniyanın Münhen şəhərində yerləşən Helmholtz Elmi-Tədqiqat Mərkəzində Dinamik sistemlər şöbəsinin müdiri vəzifəsində çalışır.

Professor Məsud Əfəndiyev riyaziyyat sahəsində dünya miqyasında tanınan alimlərdəndir. O, 160-dan çox elmi məqalənin, Yaponiya, Almaniya, ABŞ, Kanada və İsveçrədə nəşr olunmuş yeddi elmi kitabın müəllifidir. Onun son kitabları dünyanın nüfuzlu Springer nəşriyyatında çap olunmuşdur.

O, postsovet məkanında dünyanın aparıcı elmi jurnallarının redaksiya heyətlərində təmsil olunan yeganə riyaziyyatçı alimlərdən biri olmaqla yanaşı, "International Journal of Biomathematics and Biostatistics" jurnalının baş redaktorudur.

Elmi fəaliyyətinə görə professor Məsud Əfəndiyev bir sıra nüfuzlu beynəlxalq mükafatlara layiq görülmüşdür. O, 2005-ci ildə Yaponiyanın JSPS mükafatını almış, daha sonra Almaniya hökumətinin təsis etdiyi və elmi aləmdə "kiçik Nobel" kimi tanınan Aleksander fon Humboldt mükafatına layiq görülən ilk azərbaycanlı alim kimi tarixə düşmüşdür.


2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən elm sahəsində nailiyyətlərinə və Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə "Əməkdar elm xadimi" fəxri adına layiq görülmüşdür.

Uzun illərdir xaricdə yaşayıb fəaliyyət göstərməsinə baxmayaraq, professor Məsud Əfəndiyev Vətənlə əlaqələrini daim qoruyur. O, mütəmadi olaraq Azərbaycana gələrək müxtəlif ali təhsil müəssisələrində mühazirələr oxuyur, seminar və master-klasslar keçirir, öz zəngin elmi təcrübəsini gənclərlə bölüşür. Professor Məsud Əfəndiyev, həmçinin Bakıdakı Qərbi Kaspi Universitetinin fəxri doktorudur.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialının 10 illik yubiley tədbirində professor Məsud Əfəndiyevi dinləmək, onun dəyərli fikirlərini birbaşa özündən eşitmək mənim üçün böyük qürur və fəxarət idi.

Çıxışınız zamanı söylədiyiniz "Ein Bild sagt mehr als tausend Worte" – "Bir şəkil min sözdən daha çox şey ifadə edir" fikri xüsusilə yaddaşıma həkk olundu.

Düşünürəm ki, bu fikir Sizin özünüzü də çox gözəl ifadə edir. Çünki Siz öz şəxsiyyətinizdə elmi, zəhməti, sadəliyi, vətən sevgisini və gələcək nəsillərə örnək olmağı bir araya gətirən nadir insanlardansınız.

Sonda isə çıxışınızda bəhs etdiyiniz yapon təşəkkür mədəniyyətini xatırlayaraq Sizə öz sevdiyiniz ifadə ilə təşəkkür edirəm:

Arigatou gozaimasu! (Çox təşəkkür edirəm.

Ceyhun Məmmədov,
Milli Məclisin deputatı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Sankt-Peterburq OD İÇİNDƏ - Ukraynadan dəhşətli hücum - Media Turk TV