Moderator.az xəbər portalı ölkənin peşəkar jurnalist və yazarları arasında saytın qurucusu, mərhum baş redaktoru, tanınmış jurnalist Zülfüqar Hüseynzadənin əziz xatirəsinə həsr olunmuş III "Zülfüqar Hüseynzadə mükafatı" müsabiqəsini elan edir.
Modern.az xəbər veirr ki, müsabiqə Azərbaycan jurnalistikasında peşəkarlığın, milli dəyərlərə sadiqliyin, analitik düşüncənin və keyfiyyətli publisistikanın təşviq edilməsi məqsədilə keçirilir. Bu il müsabiqə həm də tanınmış jurnalist Zülfüqar Hüseynzadənin anadan olmasının 55 illiyi münasibətilə təşkil olunur. Onun jurnalistikaya verdiyi töhfələrin yaşadılması, peşə prinsiplərinin gənc nəsil media nümayəndələri arasında təbliği və adının Azərbaycan mediasında daim ehtiramla yad edilməsi məqsədilə müsabiqə ənənəvi olaraq onun adını daşıyır.
Xatırladaq ki, ilk "Zülfüqar Hüseynzadə mükafatı" müsabiqəsi Kəlbəcər rayonunun təbiəti, sərvətləri və inkişaf perspektivlərinə həsr olunmuş, II müsabiqə isə Qərbi Azərbaycana və Qarabağa qayıdış mövzularını əhatə etmişdi. Hər iki müsabiqə peşəkar media nümayəndələrinin böyük marağı ilə qarşılanmış, qaliblər mükafatlandırılmışdı.
Bu il keçiriləcək III "Zülfüqar Hüseynzadə mükafatı" müsabiqəsi aşağıdakı istiqamətlər üzrə elan olunur:
1. Azərbaycan milli mətbuatının görkəmli simaları: irs, peşəkarlıq və milli məsuliyyət
2. Milli maraqların müdafiəsində medianın rolu
3. Böyük Qayıdış: Yeni həyatın ilk addımları
4. Müasir Azərbaycan gəncliyi: problemlər və çıxış yolları
Qeyd: Mövzular istiqamətləndirici xarakter daşıyır. Müəlliflər qeyd olunan istiqamətlərdən birini seçə və ya eyni yazıda bir neçə mövzuya kompleks şəkildə toxuna bilərlər.
Qiymətləndirmə meyarları
Müsabiqəyə təqdim olunan yazılar aşağıdakı meyarlar əsasında qiymətləndiriləcək:
Mövzunun dolğun və hərtərəfli əhatə olunması;
Dilin zənginliyi, üslub və ifadə vasitələrinin səviyyəsi;
Analitik yanaşma, faktların düzgün təhlili və məntiqi əsaslandırılması;
Araşdırmanın keyfiyyəti və faktlardan istifadə bacarığı;
Müasir dünya təcrübəsi ilə müqayisəli yanaşma;
Müəllif mövqeyinin aydınlığı və peşəkar jurnalistika prinsiplərinə uyğunluğu.
Müsabiqənin şərtləri
Yazılar [email protected] elektron ünvanına göndərilməlidir;
Yazının həcmi 10 min işarədən artıq olmamalıdır;
Yazı yalnız bir müəllifə məxsus olmalı və əvvəllər heç bir mətbu orqanda, internet saytında və ya sosial media platformasında dərc edilməməlidir;
Hər müəllif müsabiqəyə yalnız bir yazı təqdim edə bilər;
Yazılar 13 avqust 2026-cı il tarixinədək qəbul edilir;
Təqdim olunan materiallar münsiflər heyəti tərəfindən anonim qaydada və obyektiv meyarlar əsasında qiymətləndiriləcək.
Təqdim ediləcək sənədlər
Elektron məktuba aşağıdakılar əlavə edilməlidir:
Müsabiqə yazısı (Word formatında, müəllifin adı göstərilmədən);
Müəllifin şəxsiyyət vəsiqəsinin surəti (PDF, JPG və ya Word formatında);
Müəllifin əlaqə vasitələri (mobil telefon nömrəsi və elektron poçt ünvanı).
Mükafatlar
Müsabiqəyə təqdim olunan yazılar müstəqil münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.
Qaliblər 24 avqust 2026-cı il tarixində – tanınmış jurnalist Zülfüqar Hüseynzadənin anadan olmasının 55 illiyi münasibətilə keçiriləcək tədbirdə mükafatlandırılacaqlar.
I yer – 1000 AZN
II yer – 600 AZN
III yer – 400 AZN
Münsiflər heyətinin seçdiyi ən yaxşı yazılar Moderator.az-da dərc ediləcək, müəlliflərə diplom və xüsusi hədiyyələr təqdim olunacaq.