Modern.az

İlham Əliyev ATƏT sədrini qəbul edib

İlham Əliyev ATƏT sədrini qəbul edib

15 Fevral 2010, 20:25

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 15-də Qazaxıstanın dövlət katibi-xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Kanat Saudabayevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Əvvəlcə dövlət başçısının Qazaxıstanın dövlət katibi-xarici işlər naziri Kanat Saudabayev ilə görüşü olub. Qazaxıstanın ATƏT-ə sədrliyini əlamətdar hadisə kimi dəyərləndirən Prezident İlham Əliyev bu münasibətlə təbriklərini çatdırıb. Dövlət başçısı Qazaxıstanın ATƏT-ə sədrlik edəcəyi 2010-cu ildə müsbət istiqamətdə ciddi dəyişikliklər olacağına əminliyini bildirib.
Kanat Saudabayev Qazaxıstanın ATƏT-ə sədr seçilməsində Azərbaycanın göstərdiyi dəstəyə görə İlham Əliyevə  minnətdarlığını bildirib. O, Bakıda keçirdiyi görüşlər barədə Azərbaycan Prezidentinə məlumat verib.
Sonra görüş geniş tərkibdə davam etdirilib.
ATƏT-ə rəhbərliyin mühüm missiya olduğunu vurğulayan Prezident İlham Əliyev Qazaxıstanın sədrliyi dövründə ATƏT-in Avropada təhlükəsizliyin möhkəmlənməsi işində əsaslı və müsbət irəliləyişlərə nail olunacağına əminliyini bildirib.
Dövlət başçısı Qazaxıstanın ATƏT-ə sədrlik edən ölkə kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması işində fəal surətdə iştirak edəcəyinə inandığını bildirərək, 2010-cu ildə münaqişənin həll olunması işində ciddi irəliləyişlərə nail olunacağına ümid bəslədiyini deyib. İlham Əliyev qeyd edib ki, bu münaqişənin həlli və Qafqazda sülhün bərqərar olunması üçün möhkəm siyasi iradənin göstərilməsi və mühüm qərarların qəbul edilməsi vacibdir. Dövlət başçısı ATƏT-in fəaliyyətdə olan sədrinin ölkəmizə səfərinin uğurlu olacağına əminliyini bildirib.
Kanat Saudabayev Qazaxıstanın ATƏT-ə sədrliyi dövründə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin əsas prioritet məsələlərdən biri olacağını deib. O, ölkəsinin sədrliyi dövründə bu mürəkkəb problemin həlli ilə bağlı münaqişənin nizamlanmasında iştirak edən bütün tərəflərin proseslərdə səylərinin sürətləndirilməsi işinə təkan vermək niyyətində olduqlarını bildirib.
 

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?