Modern.az

Ramil Usubov “bəzi təxribatçı qüvvələr” deyəndə kimləri nəzərdə tutur?

Ramil Usubov “bəzi təxribatçı qüvvələr” deyəndə kimləri nəzərdə tutur?

27 Oktyabr 2021, 08:50

Oktyabrın 25-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Beynəlxalq Antiterror Təlim Mərkəzində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətinin təşkilatçılığı ilə “Milli təhlükəsizlik” mövzusunda kursun açılış mərasimi keçirilib. Açılışda çıxış edən Təhlükəsizlik Şurasının katibi general-polkovnik Ramil Usubov son zamanlarda, xüsusən də Vətən müharibəsində qazanılmış Qələbədən sonra bəzi qüvvələrin öz məkrli planlarını həyata keçirməklə bölgədə yaranmış stabilliyin yenidən pozulmasına çalışdığını, müxtəlif təxribatlara əl atdığını söyləyib. Bu təhdidlərə qarşı xüsusi xidmət və hüquq mühafizə orqanlarının birgə effektiv mübarizəsindən danışan general-polkovnik Ramil Usubov dövlətin hərbi potensialının artırılması, müdafiə qabiliyyətinin yüksəldilməsi istiqamətində daim lazımi tədbirlərin görüldüyünü, vacib addımların atıldığını diqqətə çatdırıb.

 

General-polkovnikin bu fikirlərini Modern.az-a şərh edən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev də hər bir dövlətin təhlükəsizliyinə təhdid yarada biləcək amillərin olduğunu vurğulayıb:

 

 

“Bu dini radikal qruplaşmalar, terror təşkilatları və s. ola bilər. Bu gün Azərbaycanın 44 günlük müharibədə qələbəsini həzm etmək istəməyən, bunu başqa rakursda təqdim etməyə çalışan qüvvələr var. Xarici qüvvələrin, xarici havadarların vasitəsi, dəstəyi ilə təxribata əl atanların niyyəti ortadadır. Əsas məsələ budur ki, əməliyyat şəraitini nəzarətdə saxlamaq üçün xüsusi xidmət orqanları bu istiqamətdə ciddi fəaliyyət göstərir”.

 

Deputatın fikrincə, Ermənistan xüsusi xidmət orqanlarının, Azərbaycanı istəməyən digər dövlətlərin adıçəkilən təşkilatlarının da bölgədə cəhd edilən təxribatlarda rolu danılmazdır:

 

“Ona görə, bu məsələlərə ciddi nəzarət olunur. Son zamanlar keçirilən əməliyyat tədbirlərinin nəticəsində bir sıra təxribatların qarşısının alındığının şahidiyik”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir