Modern.az

“Sonradan bildim ki, parket vurulmalıdır” - Vüqar Səfərli \"Jurnalistlər binası\"ndan DANIŞDI 

“Sonradan bildim ki, parket vurulmalıdır” - Vüqar Səfərli \

4 Noyabr 2021, 18:19

Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə bu günə təyin olunan məhkəmə prosesi davam etdirilib.

 

Modern.az-ın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Bünyamin İsmayılov dövlət ittihamçısının suallarını cavablandırıb.

 

Prokurorun suallarını cavablandıran B.İsmayılov bildirib ki, ittihamda göstərilər qiymətlərin şişirdilməsi ilə bağlı məsələnin ona aidiyyəti olmayıb: "Mən başa düşmürəm ki, nəyi şişirtmişəm? Layihəyə uyğun olaraq hər şeyin qiyməti var idi. Layihədə göstərilənlərlə görülən işlər arasında hər hansı fərq olanda rəhbərliyə məruzə edirdik. Mən kiməm ki?"

 

Daha sonra B.İsmayılovun vəkili Vüqar Səfərliyə sual verərək ondan binaların tikintisi zamanı parket əvəzinə laminatdan istifadə edilməsinin necə baş verdiyini soruşub.

 

V. Səfərli bildirib ki, onun bu məsələdən sonradan xəbəri olub: "Sənəddə əvvəl laminat yazılmışdı. Mən sonradan bildim ki, parket vurulmalı imiş. Ümumiyyətlə, orada bəzi işlər var idi ki, layihədə nəzərdə tutulmamışdı, amma edilməli idi".

 

Daha prosesdə təqsirləndirilən şəxs Telman Tahirov ifadə verib.

 

T.Tahirov bildirib ki, jurnalistlər üçün ikinci və üçüncü binanın tikintisi zamanı layihə rəhbəri və baş memar olub. O, verilən ittihamla özünü təqsirli bilməyib: "Verilən ittihamla razı deyiləm. Orada layihəçiyə aid olmayan şeylər var. Sifariş verilib, biz də icra etmişik. Biz layihəni hazırlayıb ekspertiza idarəsinə təqdim edirdik. Mən arxayın hər şey yaza bilərəm, amma dövlətin ekspertizası var. Baş Ekspertiza İdarəsindən rəy alandan sonra bizim layihə qanuni hesab olunurdu".

 

Təqsirləndirilən şəxs ifadəsində KİVDF-nin sabiq rəhbəri Vüqar Səfərlini şəxsən tanımadığını, yalnız televiziyada gördüyünü deyib: "Mənə ittiham verilib ki, Vüqar Səfərli və digərləri ilə mənimsəmə aparmışam. Belə şey olmayıb. Mənə fond sifarişi verirdi, mən də layihəni hazırlayıb ekspertiza idarəsinə göndərirdim. İdarədən layihə ilə bağlı rəy gələndən sonra mənim işim başa çatırdı".

 

Proses noyabrın 10-da davam etdiriləcək.

 

Qeyd edək ki, ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun vəzifəli şəxslərinin qanunsuz əməllərinə dair Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində olan cinayət işinin istintaqı yekunlaşdırılıb.

 

Aparılmış istintaq tədbirləri ilə Fondun sabiq icraçı direktoru Vüqar Səfərlinin müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov və digər 7 nəfər şəxslə qabaqcadan əlbir olub vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlət satınalmalarına dair qanunvericiliyin tələblərinin pozulması, dövlət vəsaitlərinin təyinatı üzrə istifadə edilməməsi, tikinti normalarına əməl olunmamaqla iş həcmləri və qiymətlərinin şişirdilməsi yolu ilə dövlətə məxsus ümumilikdə 18 milyon 500 min manat məbləğində pul vəsaitinin mənimsəmə və israf etmə yolu ilə talanmasına, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törədilməsinə, habelə cinayət yolu ilə əldə edilmiş 5 milyon 700 min manat pul vəsaitinin leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

 

Toplanmış sübutlar əsasında Vüqar Səfərli və digərlərinə müvafiq olaraq Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə- xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma- külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə- ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham elan edilmiş, Vüqar Səfərli barəsində məhkəmənin qərarı ilə həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

 

İbtidai istintaq zamanı cinayətin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilmiş, habelə təqsirləndirilən şəxslərə məxsus olan daşınar və daşınmaz əmlak və bank əmanətlərinin üzərinə həbs qoyulub.

 

Cinayət işi üzrə Medianın İnkişafı Agentliyi (MEDIA) zərərçəkmiş qismində tanınıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir