Modern.az

13 tanınmış güneyli soydaşımız Azərbaycana gəlib

13 tanınmış güneyli soydaşımız Azərbaycana gəlib

3 Oktyabr 2009, 13:37

Oktyabrın 3-də Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri, xalq şairi, millət vəkili Sabir Rüstəmxanlının dəvətilə dünya şöhrətli ziyalı, Kanada Qələm Təşkilatının keçmiş sədri Rza Bərahani başda olmaqla əslən Güney Azərbaycandan olan 13 tanınmış soydaşımız Azərbaycana gəlib.
 
Modern.az xəbər verir ki, onların ölkəmizə səfərində məqsəd Azərbaycan dövlətinin güclənməsi və inkişafı ilə tanış olmaq, milli ədəbiyyatımızın durumu ilə yaxından maraqlanmaq və erməni işğalçılarının Azərbaycana qarşı təcavüzkar siyasətinin mahiyyətini yerində incələməkdir. Eyni zamanda Güney azərbaycanlılarının Azərbaycan Respublikasında yaşam tərzi ilə yaxından maraqlanacaq və elmi-mədəni mərkəzlərlə tanış olacaqlar.

 

Bakıya təşrif buyuran qonaqların səfərinə görülmüş hazırlıqla tanış olmaq üçün oktyabrın 1-də Dünya Azərbaycanlıları Konqresinin (DAK) Almaniyadan olan həmsədri Firidun Pərviznia və qurumun Daimi Şurasının sədri Əjdər Tağızadə Azərbaycana gəliblər.

 

Bundan əlavə, Rza Bərahani ilə görüşmək məqsədilə DAK həmsədrlərinin MDB üzrə müavini, təşkilatın İdarə Heyətinin üzvü, professor Abuzər Bağırov Rusiyadan Azərbaycana gəlir. Xatırladaq ki, hazırda Rusiyada yaşayan Abuzər Bağırov da yazıçıdır. Onun müəllifi olduğu “Ulduzlar salxımı” kitabının yaxın günlərdə Moskvada və Belarusun bir neçə şəhərində təqdimat mərasimi keçirilib. Kitabsevərlər tərəfindən böyük maraqla qarşılanan əsərdə Bütöv Azərbaycan ədəbi irsindən, folklorundan bəhs olunur. Azərbaycan türkünün yazılı və şifahi xalq ədəbiyyatını araşdıran  Bağırovun bu istiqamətdə geniş  tədqiqat işləri var. Odur ki, professorun fəaliyyəti milli irsimizin öyrənilməsi və  yeni nəslə çatdırılması baxımından çox dəyərlidir. Yazıçı bu istiqamətdə həyata keçirdiyi tədqiqatlarını yaxın gələcəkdə  kitab  şəklində  nəşr etdirməyi planlaşdırır.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir