Modern.az

30 illik düyün 23 saata çözən lider - Azərbaycanın suverenlik salnaməsi

30 illik düyün 23 saata çözən lider - Azərbaycanın suverenlik salnaməsi

Analitika

Bu gün, 13:19

Azərbaycanın dövlətçilik tarixində elə mərhələlər var ki, onların əhəmiyyətini yalnız bir hadisə ilə izah etmək mümkün deyil. Dövlət Suverenliyi Günü də belə tarixi mərhələnin nəticəsidir. Bu günün arxasında üç onillik işğal, yüz minlərlə insanın doğma yurdlarından didərgin salınması, dağıdılmış şəhər və kəndlər, hərbi və diplomatik mübarizə, uzun illər davam edən beynəlxalq vasitəçilik prosesi və nəhayət, Azərbaycanın ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etməsi dayanır.

Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 19-da imzaladığı Sərəncamla sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü elan edildi. Sərəncamda 30 illik işğalın aradan qaldırılması, 2020-ci il Vətən müharibəsi və 2023-cü il sentyabrın 19-20-də keçirilən antiterror əməliyyatı Azərbaycanın suverenliyinin tam bərpasına aparan əsas mərhələləri oldu.

30 illik işğal: suverenliyimiz təhdid edən qüvvələr

1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində ölkə ərazisinin təxminən 20 faizi işğal altında qaldı. Bu dövrdə azərbaycanlı əhali etnik təmizləməyə məruz qaldı, yaşayış məntəqələri dağıdıldı, Xocalı faciəsi baş verdi və yüz minlərlə insan məcburi köçkün vəziyyətinə düşdü.

BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycan ərazilərinin işğalının aradan qaldırılması və işğalçı qüvvələrin çıxarılması tələb olunurdu. Lakin sonrakı illərdə bu qətnamələrin icrası təmin edilmədi. Azərbaycan Prezidenti də çıxışlarında həmin sənədlərin uzun müddət praktiki nəticə vermədiyini dəfələrlə vurğulayıb.

Səriştəsiz ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar da təxminən 30 il ərzində münaqişənin yekun həllinə gətirib çıxarmadı. Azərbaycan rəhbərliyi isə danışıqlar prosesində bir tərəfdən beynəlxalq hüququ, BMT Təhlükəsizlik Şurasının qətnamələrini və ərazi bütövlüyü prinsipini önə çəkir, digər tərəfdən dövlətin hərbi və iqtisadi imkanlarının gücləndirilməsini davam etdirirdi.

Prezident İlham Əliyev sonrakı illərdə bu yanaşmanı dəfələrlə ifadə edib. Məsələn, 2019-cu il oktyabrın 3-də Valday Diskussiya Klubunda çıxışında “Qarabağ Azərbaycandır!” ifadəsini işlədərək Ermənistan Baş naziri Nikol Paşinyanın təxribatçı və danışıqların üzərindən xətt çəkən açıqlamalarına tutarlı cavab verdi, Azərbaycanın mövqeyini beynəlxalq auditoriyanın qarşısında bir daha ortaya qoydu.

Danışıqlar paralelində güc amili

Bu mərhələnin mühüm xüsusiyyətlərindən biri diplomatiya ilə hərbi potensialın paralel aparılması idi.

Azərbaycan 2000-ci illərdən etibarən ordu quruculuğuna böyük resurslar yönəltdi. Prezident İlham Əliyev 2010-cu ildə çıxışında danışıqlar prosesinin davam etdiyini, eyni zamanda ordunun gücləndirildiyini açıq şəkildə bildirmişdi. Sonrakı illərdə Azərbaycanın hərbi-texniki imkanları genişləndi, müxtəlif ölkələrlə müdafiə sənayesi və hərbi-texniki əməkdaşlıq quruldu. Bununla yanaşı, iqtisadi potensialın artırılması da dövlət strategiyasının mühüm hissəsi oldu.

Beləliklə, 2020-ci ilə gəlinərkən Azərbaycanın qarşısında artıq yalnız diplomatik deyil, hərbi baxımdan da ciddi imkanları olan dövlət modeli formalaşmışdı. Güclü ordu və güclü iqtisadiyyatla ədalətli həllə çalışan Azərbaycan İlham Əliyevin müdrik rəhbərliyi altında ilk növbədə sülh yolu ilə həllə, danışıqların perspektivsizliyi halında isə hərbi yolu nəzərdən keçirirdi.

2020-ci il: 44 günlük müharibə və yeni reallıq

2020-ci il sentyabrın 27-də Ermənistan və Azərbaycan arasında genişmiqyaslı hərbi əməliyyatlar başladı. Ermənistan tərəfinin hərbi təxribatlarına cavab olaraq əks-hücum əməliyyatlarına başlayan Azərbaycan Ordusu 44 gün davam edən müharibə nəticəsində işğal altındakı bir çox yaşayış məntəqələrimizi, kənd və qəsəbələri, o cümlədən Şuşa şəhərini işğaldan azad etdi.

2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı üçtərəfli bəyanatla hərbi əməliyyatların dayandırılması və bir sıra ərazilərin Azərbaycana qaytarılması nəzərdə tutuldu. Sənədə əsasən Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılması da sülh yolu ilə təmin edildi. Bu faktiki olaraq Ermənistanın kapitulyasiyası idi.

Prezident İlham Əliyev həmin gün xalqa müraciətində bunu Azərbaycan üçün tarixi gün adlandıraraq üçtərəfli bəyanatın münaqişənin həllində yeni mərhələ yaratdığını bildirdi.

Lakin 2020-ci il Zəfəri Azərbaycanın dövlət suverenliyinin tam bərpası demək deyildi. Qarabağın müəyyən hissəsində Rusiya sülhməramlı kontingenti yerləşdirilmişdi və bölgədə Ermənistan silahlı qüvvələrinin qalıqları ilə bağlı problem qalmaqda idi.

2020–2023: müharibədən suverenliyin tam bərpasına

Məhz bu mərhələ Azərbaycanın siyasi-diplomatik və təhlükəsizlik siyasətinin növbəti istiqamətini müəyyənləşdirdi.

Azərbaycan tərəfi 2020-ci il 10 noyabr bəyanatının Ermənistan silahlı qüvvələrinin Qarabağdan çıxarılması ilə bağlı müddəalarının yerinə yetirilməsini tələb edirdi. Eyni zamanda Qarabağda qanunsuz silahlı birləşmələrin mövcudluğu, silah-sursat daşınması və minalanmış ərazilər məsələsi gündəmdə qalırdı. Azərbaycanın suveren ərazilərinə Rusiya hərbi kontingentinin məsuliyyətsizliyi və rəsmi İrəvanın sponsorluğu ilə yeni mina və silahlar daşınır, separatizm ocağının daimi qalmasına cəhdlər edilirdi.

2023-cü il aprelin 23-də Azərbaycan Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsi yaratdı. Prezident bu hadisəni Azərbaycanın ərazi bütövlüyünün tam bərpası prosesində mühüm mərhələ adlandırdı. Bundan sonra Qarabağdakı separatçı rejimin qalıqları vəziyyəti qəsdən gərginləşdirməyə başladı. 2023-cü il sentyabrın 18-də Azərbaycanın hava məkanından istifadə edən mülki aviasiya vasitələrinin GPS sistemlərinə radiomaneələr tətbiq edilməsi barədə məlumat yayıldı. Sentyabrın 19-da isə Xocavənd istiqamətində mina partlayışları nəticəsində Azərbaycan vətəndaşları və polis əməkdaşları həlak oldu.

Prezident İlham Əliyev sentyabrın 19-da ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığında bu hadisələri Azərbaycanın suverenliyinə qarşı təxribatların davamı kimi qiymətləndirdi.

23 saat: suverenliyin tam bərpası

2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusu Qarabağ iqtisadi rayonunda lokal xarakterli antiterror tədbirlərinə başladı. Əməliyyatın əsas məqsədləri Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək Azərbaycan ərazisindən çıxarılması, qanunsuz silahlı birləşmələrin zərərsizləşdirilməsi və konstitusiya quruluşunun bərpası idi. Əməliyyat cəmi 23 saat davam etdi.

2023-cü il sentyabrın 20-də saat 13:00-da atəşin dayandırılması ilə bağlı razılaşma əldə olundu. Bunun ardınca Qarabağda yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələrinin silahı yerə qoyması, döyüş mövqelərindən çıxması və Azərbaycan ərazisini tərk etməsi nəzərdə tutuldu. Azərbaycan Prezidentinin 2024-cü il tarixli Sərəncamında məhz bu nəticə Azərbaycanın dövlət suverenliyinin tam bərpası kimi qiymətləndirilir.

Ölkə başçısının 2023-cü il sentyabrın 20-də xalqa müraciətində əməliyyatın başlanmasında mina terrorunu, silahlı təxribatları və Qarabağdakı qanunsuz hərbi mövcudluğun təhdidləri bir daha təsbit edildi. Bu hadisədən sonra Qarabağda separatçı qurumun fəaliyyətinə son qoyuldu və Azərbaycan dövlətinin bütün ərazi üzərində konstitusion yurisdiksiyası bərpa edildi.

Xankəndidə Bayraq: ədalətin təntənəsi

23 saatlıq əməliyyatdan 25 gün sonra - 2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyev Xankəndidə Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı.

Bu hadisə həm siyasi, həm də simvolik baxımdan xüsusi əhəmiyyət daşıyırdı. Prezident çıxışında 20 il əvvəl dövlət başçısı seçilərkən qarşısına qoyduğu əsas vəzifələrdən birinin Azərbaycan bayrağının işğal altında olan bütün ərazilərdə qaldırılması olduğunu bildirdi.

“Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik”, - deyən Prezident bunun uzunmüddətli dövlət siyasətinin nəticəsi olduğunu vurğuladı.

Beləliklə, 2020-ci ilin hərbi Zəfəri ilə ərazi bütövlüyünün bərpası istiqamətində həlledici mərhələ başa çatdısa, 2023-cü ilin sentyabr hadisələri dövlət suverenliyinin tam bərpasını təmin etdi.

Sülhməramlıların çıxışı: yeni mərhələ

Suverenliyin bərpasından sonra bölgədə Rusiya sülhməramlı kontingentinin mövcudluğu məsələsi də gündəmdən çıxdı.

2024-cü ilin aprelində Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılmasına başlanıldı. Proses may ayında tamamlandı. Həmin dövrdə təxminən 2 min nəfərlik kontingentin Qarabağdan çıxarıldı.

Bu hadisə 2020-ci ildə yaradılmış müvəqqəti təhlükəsizlik mexanizminin başa çatması və Azərbaycan dövlətinin bütün ərazi üzərində tam nəzarətinin möhkəmlənməsi baxımından mühüm mərhələ oldu.

Prezident İlham Əliyevin siyasi xətti: diplomatiya, hərbi güc və dövlət iradəsi

Bu xronologiyaya yalnız hərbi hadisələr prizmasından baxmaq kifayət deyil. 2003-cü ildən sonrakı dövrün əsas xüsusiyyətlərindən biri Qarabağ məsələsinin Azərbaycanın dövlət siyasətinin uzunmüddətli prioritetlərindən biri kimi saxlanılması idi. Prezident İlham Əliyev 2023-cü ildə yerli televiziya kanallarına müsahibəsində son 20 illik fəaliyyətə qiymət verərkən 2003-cü ildə Heydər Əliyev siyasi kursunun davam etdirilməsini mühüm məqam kimi göstərmişdi. 2024-cü il fevralın 14-də andiçmə mərasimində isə Prezident 2003-cü ildən verdiyi vədlər arasında ölkənin ərazi bütövlüyünün bərpasını xüsusi qeyd etdi və Azərbaycanın öz taleyini özü həll etdiyini bildirdi.

Bu siyasətin mahiyyətini üç əsas istiqamətdə ümumiləşdirmək mümkündür:

Birincisi – beynəlxalq hüquqi mövqenin qorunması. Azərbaycan illər ərzində Qarabağın ölkənin beynəlxalq səviyyədə tanınmış ərazisi olduğunu, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra edilməli olduğunu ardıcıl şəkildə gündəmə gətirdi.

İkincisi – dövlətin hərbi və iqtisadi potensialının artırılması. Diplomatik prosesin nəticəsiz qalması fonunda Azərbaycan öz müdafiə qabiliyyətini gücləndirdi və 2020-ci ildə hərbi üstünlük əldə etdi.

Üçüncüsü – hərbi nəticənin siyasi-hüquqi nəticəyə çevrilməsi. 2020-ci il Zəfərindən sonra ərazi bütövlüyünün bərpası, 2023-cü ildə isə dövlət suverenliyinin tam bərpası istiqamətində ardıcıl addımlar atıldı.

Bu baxımdan 2023-cü ilin sentyabr hadisələri ayrıca bir hərbi əməliyyatdan daha geniş nəticə doğurdu: Azərbaycan dövlətinin Qarabağ üzərində faktiki və hüquqi idarəçiliyi bərpa edildi. Bu möhtəşəm uğurun memarı isə apardığı uğurlu və uzaqgörən, ardıcıl siyasətlə prosesi məntiqi nəticəsinə çatdıran Prezident İlham Əliyev dayanır.

20 sentyabr – nəticənin dövlət rəmzinə çevrilməsi

2024-cü il sentyabrın 19-da imzalanmış Sərəncamla sentyabrın 20-nin Dövlət Suverenliyi Günü elan edilməsi bu tarixi prosesin dövlət səviyyəsində rəsmiləşdirilməsi oldu.

Bu gün artıq Azərbaycanın dövlət bayrağının ölkənin bütün ərazisində dalğalandığı reallığı ilə qeyd olunur.

Bir tərəfdə 1990-cı illərin əvvəllərində başlayan işğal və 30 ilə yaxın davam edən münaqişə, digər tərəfdə 2020-ci ilin 44 günlük müharibəsi və 2023-cü ilin 23 saatlıq antiterror əməliyyatı dayanır.

Bu xronologiyanın əsas nəticəsi isə belədir: Azərbaycan əvvəlcə ərazi bütövlüyünü bərpa etdi, ardınca dövlət suverenliyini tam təmin etdi.

Bu mənada 20 sentyabr yalnız təqvimdə yeni bayram deyil. Bu tarix Azərbaycanın müasir dövlətçilik tarixində uzunmüddətli siyasi, diplomatik, iqtisadi və hərbi proseslərin yekunlaşdığı mərhələnin simvoludur.

30 illik işğalın, nəticəsiz vasitəçilik proseslərinin və 2020-ci ildən sonra davam edən təhlükəsizlik problemlərinin ardınca 2023-cü ilin sentyabrında yaranmış yeni reallıq Azərbaycanın dövlət quruculuğunda tamamilə yeni mərhələnin başlanğıcını qoydu.

Dövlət Suverenliyi Gününün mahiyyəti də məhz burada ortaya çıxır: Azərbaycanın bütün ərazisində Konstitusiyanın və dövlət hakimiyyətinin vahid hüquqi məkanının təmin edilməsi.

Və bu tarixə aparan yol bir gündə yaranmadı. Onun arxasında 30 illik mübarizə, uzunmüddətli dövlət siyasəti, diplomatik fəaliyyət, hərbi hazırlıq və nəhayət, 23 saat ərzində nəticələnən əməliyyat dayanır.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndiyə antiterror əməliyyatından 7 gün əvvəl daxil olmuşduq – XTQ kəşfiyyatçısı