Modern.az

Anar Yusifoğlu İTV-də tələbələrə master-klass keçib

Anar Yusifoğlu İTV-də tələbələrə master-klass keçib

16 İyul 2010, 19:58

 “İrəli” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Media Akademiyasının tələbələri ilə İctimai Televiziyada görüş keçirilib. Modern.az-ın məlumatına görə, görüşdə televiziyanın Elm, təhsil və gənclər departamentinin direktoru Cəsarət Valehov, Milli azlıqlar üçün verilişlər Departamentinin direktoru Rauf Rəcəbov, “Ortaq məxrəc” və “Carçı” proqramlarının aparıcıları Vəsilə Vahidqızı və Hüseyn Azəri iştirak edib.

İctimai Televiziyanın texniki avadanlığı və studiyaları ilə tanışlıqdan sonra tələbələrin sualları cavablandırılıb. Suallar İctimai Televiziyanın funksiyaları, beynəlxalq əlaqələr ilə bağlı olub. Treninq iştirakçıları BBC ilə İTV-nin birgə hazırladığı “Ortaq məxrəc” tok-şousunu da izləyərək, müzakirə ediblər.

C. Valehov təhsil sahəsindəki problemlərlə bağlı hazırlanan verilişlər, bu verilişlərin mahiyyəti, maarifləndirici əhəmiyyəti barədə danışıb. R. Rəcəbov isə ölkədəki azsaylı xalqların və milli azlıqların yaşamına, folkloruna dair verilişlərin məhz İTV-nin funksiyalarından biri olduğunu bildirərək, bu tip proqramların hazırlanma zərurətindən danışıb.

Televiziyanın İnformasiya və analitik proqramlar departamentinin direktoru Anar Yusifoğlu informasiyanın əldə edilməsi və istehsalı, analitik proqramların hazırlanması prosesi, İctimai Televiziyanın xəbər siyasəti ilə bağlı master-klass keçib. O, İTV-nin digər kanallardan fərqini izah edib. A.Yusifoğlu jurnalistika fakültələrində təlim mərkəzlərinin, laboratoriyaların olmasının vacibliyini, jurnalist kadrların hazırlığında təcrübəyə daha üstünlük verilməli olunduğunu bildirib.

Bu gün tele-xəbərin on-line media ilə rəqabətə tab gətirməsi üçün addımlar atdıqlarını deyən A. Yusifoğlu bunun nümunəsi kimi İTV-də xəbərlərin on-line təqdimatına keçdiklərini bildirib.

Üç saat davam edən master-klassda tələbələrə praktik olaraq müsahibə götürməyin texnikası öyrədilib və onları maraqlandıran digər suallar da cavablandırılıb.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub