Modern.az

Prezident minimum maaşları və əmək pensiyalarını artırdı

Prezident minimum maaşları və əmək pensiyalarını artırdı

31 Avqust 2010, 20:01


Modern.az xəbər verir ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev minimum aylıq əməkhaqqının və əmək pensiyasının baza hissəsinin artırılması haqqında sərəncamlar imzalayıb. Prezidentin mətbuat xidmətinin məlumatına görə,

əmək pensiyalarının baza hissəsinin artırılması haqqında
sərəncamda bildirilib:

- “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə uyğun olaraq və pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədi ilə qərara alıram:
1. Yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 2010-cu il sentyabrın 1-dən 85 manat müəyyən edilsin.
2. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna tapşırılsın ki, qanunvericiliklə müəyyən olunmuş müvafiq hallarda Azərbaycanın Milli Qəhrəmanlarının və şəhidlərin ailə üzvlərinin, əlillərin və digər şəxslərin əmək pensiyalarının baza hissəsinə əlavələr də daxil olmaqla, bütün növ əmək pensiyaları üzrə aylıq pensiya məbləğlərinin bu Sərəncamın 1-ci bəndinə uyğun olaraq artırılaraq yenidən hesablanmasını təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Minimum aylıq əməkhaqqının artırılması haqqında
sərəncamda isə qeyd edilib:


- Azərbaycan Respublikasında əhalinin maddi güzəranını yaxşılaşdırmaq və sosial müdafiəsini daha da gücləndirmək məqsədi ilə qərara alıram:
1. Minimum aylıq əməkhaqqının məbləği 2010-cu il sentyabrın 1-dən 85 manat müəyyən edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
3. “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respub­likası Prezidentinin 2008-ci il 25 avqust tarixli 3005 nömrəli Sərəncamı (3-cü bənd istisna olmaqla) qüvvədən düşmüş hesab edilsin.

Xatırladaq ki, indiyədək ölkədə minimum aylıq əməkhaqqının məbləği və əmək pensiyasının baza hissəsi 75 manat idi.

Modern.az 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!