Modern.az

İlhamə Quliyeva: “Nazpəri mənə 20 min manat borcludur, qəpiyinə qədər qaytarmalıdır”

İlhamə Quliyeva: “Nazpəri mənə 20 min manat borcludur, qəpiyinə qədər qaytarmalıdır”

Aktual

10 Aprel 2015, 15:33


“Nazpəri Dostəliyeva mənim dövlət tərəfindən verilən statuslarımı saxta adlandırıb, şərəf və ləyaqətimi alçaldıb. Buna görə də o pulu qəpiyinə qədər qaytarmalıdır” .

Bunu APA-ya xalq artisti İlhamə Quliyeva deyib. İ. Quliyeva N. Dostəliyevanın məhkəmə qərarını icra etmədiyini bildirib: “Sizin vasitənizlə daxili işlər nazirinə, Bakı şəhər Baş Polis İdarəsinin rəisinə, Nərimanov rayon Polis İdarəsinin rəisinə müraciət edirəm ki, bu işi nəzarətdə saxlasınlar. Nazpəri Dostəliyeva mənə 20 min manat ödəməlidir. Bununla bağlı Ali Məhkəmə qərar çıxarıb. Nazpəri Dostəliyeva deyir ki, heç kimdən qorxmur. Onu yerində oturtmaq lazımdır. O, dilinin bəlasına düşüb, məhkəmədə mənə uduzub, təzminatı mütləq ödəməlidir. Burda prinsip məsələsi var”.

İ. Quliyeva Pərviz adlı vəkilin onun sənədlərini qaytarmadığını da bildirib: “Mənim Pərviz adlı vəkilim var idi. Sənədlərimi istəyirəm qaytarmır, telefonlarımıza cavab vermir” .

N. Dostəliyevanın vəkili Səyyad Mirzəyev isə APA-ya bildirib ki, N. Dostəliyeva məhkəmə qərarlarına hörmətlə yanaşır və icra edir: “Məhkəmə təkziblə bağlı qərar verib. Nazpəri xanım da ATV telekanalında təkzib verib. Bundan əlavə, məhkəmənin təzminatla bağlı qərarı da icra olunur. Nazpəri xanım bir dəfə mənim iştirakımla beş min manat ödəyib. Sonra iki dəfə Nazpəri xanım özü ödəniş edib. Lakin nə qədər ödədiyini dəqiq bilmirəm. Yaxın vaxtlarda məhkəmənin qərarı tamamilə icra olunacaq və həmin pullar ödəniləcək”.

S. Mirzəyev bildirib ki, İlhamə Quliyeva və vəkili əsassız ittihamlar irəli sürürlər: Məhkəmənin qərarında üzr istəmək məsələsi yoxdur. Təkzib verilməsi ilə bağlı qərar var: "Həmin qərar da icra olunub. Lakin onlar deyirlər ki, üzr istəməyib. Axı həmin qərarda üzr istəmək yoxdur”

Qeyd edək ki, ötən il iyulun 23-də Ali Məhkəmədə xalq artisti Nazpəri Dostəliyevanın xalq artisti İlhamə Quliyevaya qarşı kassasiya şikayətinə baxılıb. Məhkəmə N. Dostəliyevanın İ. Quliyevaya 25 min manat təzminat ödəməsi barədə qərar qəbul edib.

Xatırladaq ki, İ. Quliyeva N. Dostəliyevaya qarşı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edib. İddiada İ. Quliyeva N. Dostəliyeva tərəfindən şərəf və ləyaqətinin alçaldıldığını, işgüzar nüfuzuna zərər vurulduğunu bildirib. İddiaçı cavabdehdən maddi zərərə görə 200 min, mənəvi zərərə gör 500 min manat tələb edib. Məhkəmə iddianı qismən təmin edərək N. Dostəliyevanın 50 min manat cərimələnməsi və təkzib verməsi barədə qərar çıxarıb. Həmin qərarla razılaşmayan N. Dostəliyeva isə apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib. Həmin qərardan N. Dostəliyevanın vəkili kassasiya şikayəti verib. Ali Məhkəmə isə təzminatı 25 min manata endirib. Təkzib ilə bağlı məhkəmə qərarı isə dəyişdirilmədən saxlanılıb.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu