Modern.az

Qubadlının açarı!

Qubadlının açarı!

31 Avqust 2020, 10:54

Məhsəti Şərif


Babam kənddən çıxanda həyətdəki dəmir qapını bağlayıb açarını da cibinə qoymuşdu. Amma ondan öncə ahırdakı mal-qaranın qapısını açmışdı. Həyətdəki köpəyi damından çıxarmışdı. Demişdi ki, birdən gec qayıdarıq, heyvanlar acından ölməsin.

Ömrünün çoxunu müəllim işləmiş babam elə işə getdiyi kimi səliqəylə kostyumunu geyinib, qalstukunu bağlayıb, heç zaman vaz keçmədiyi panamasını da başına qoyub, son dəfə həyətindəki quyusundan su içib, külfətini də yığıb müvəqqəti olaraq kəndini, elini-obasını tərk etmişdi.

...Mən Qubadlıya yay tətillərində gedərdim. Babamın 70 il ömür sürdüyü, mənim üçün dünyanın ən gözəl kəndində 3 ay qalardım. Evə dönmə vaxtı gələndə iki gün əvvəldən göz yaşı axıdardım. Hətta bir dəfə gecə saatı irəli cəkmişdim ki, avtobusa yetişməyək, kəndi bir gün daha çox görüm. Dağdağan ağacının altında oynayım, axşam çaylağa gedib qızlarla söhbət edim. Şər qarışanda insanların bağ, bostandan evə dönüşünü izləyim. Qoyun-quzunun dağdan aşağı evlərə doğru qaçışını müşahidə edim.

Orda hər şeydən zövq alırdım. Hətta babamın "artıq gec oldu, evə yıgışın" xəbərdarlığı da zövq verirdi. Axsamın düşməsi yeni bir səhərin açılacağından xəbər verirdi. 



Sonra Qubadlıya gedişim fərqli oldu. Ağdamda məktəbimizə "qrad" düşdü. Mən qaçqınlıqla ilk dəfə tanış oldum. Məktəbin son ilini Qubadlıda oxudum.  Bu dəfə 9 ay Ağdama gedə bilmədim. Artıq Qubadlıdan Ağdama gedəndə ağlamırdım. Qəribə hiss vardı içimdə. İki doğma yurd arasında seçim edə bilmirdim... Öncə doğulub boya-başa çatdığım Ağdam işğal olundu. Sonra mənim doğma ana yurdum Qubadlı. Mənim uşaqlığım, gəncliyim, ərköyünlüyüm bununla da bitdi... Boyümədən yaşlandıq.

...Babamgil hər kəs kimi bir yer tapıb məskunlaşdı. 70 yaşlı müəllim hər şəhər "nə xəbər, qayıtmırıq" sualıyla yuxudan oyandı. Artıq evdəkilər “hələ bir xəbər yoxdu”nu "yox, qayıtmırıq" cavabı ilə əvəzləmişdilər. Babam uşaq kimi, çarəsiz üzlərə baxırdı ki, bəlkə şad xəbər eşidə. Bir neçə dəfə də məndən də soruşmuşdu. Özünəməxsus müraciət formasıyla "Məsigülüm, sən bilərsən,  getməkdən nə deyirlər?".

Aradabir də pencəyinin cibində gəzdirdiyi Qubadlıdakı həyət qapısının, otaqlarının açarlarını cingildədərdi. Bir dəfə açarı başqa bir yerə qoyub unutmuşdu. Bütün evi ayağa qaldırmışdı ki, “evin açarın tapın”.

Onun üçün açarın itməsi yurduna dönəcəyinə inamın itməsiydi. Sonra babam ağır xəstəlik tapdı. Uzun sürə yataqda müalicə olundu. Bu, onu ölümə aparacaq xəstəlik idi. Öləcəyini bilirdi. Çünki onu dərk edəcək qədər müdrük insan idi. Ayağa çətinliklə qalxırdı. Və o ağır günlərin birində evinin açarını pencəyinin cibindən çıxarıb çəkməcəyə qoydu. Bu, onun üçün artıq evinin deyil, Qubadlının açarı idi. Qorxurdu ölər, övladları evin açarını tapmaz.

Babam bu dünyadan həsrətlə köçdü. Evinin, torpağının qoxusu burnunda gözlərini əbədiyyən yumdu. Babamdan sonra çox şey dəyişdi. Neçə insanımız, doğmamız gözünü vətən həsrətiylə yumdu. Dəyişməyən tək şey qeyd etdiyimiz işğal tarixiydi. Bir də o açar...

Heç bilmirəm babamdan sonra o açar necə oldu. Soruşmağa çəkinirəm. Birdən qoruya bilməsələr... O zaman babamın son ümidi də öləcək və onun narahat ruhuyla qovuşacaq.

İndi mən uzaq Türkiyədə oturub xatirələrimi yazıram. Ağlımın bir köşəsində qalanları qeyd edirəm. Üzülürəm, məhv olmuş gəncliyimə, kül olmuş yurdumuza. Amma yurdumuzu kimdən istəyim bilmirəm. Cavabın "zamanı gəldiyində", "lazım gələrsə"  olmasından qorxuram. Artıq ölmüş inamımın dirilməsini istəyirəm. Mən babamın açarıyla o qapını açmaq istəyirəm. Çox seymi istədim cənablar?..

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?