Modern.az

Dəvəçinin adı dəyişib Şabran oldu, problemlər isə eləcə qaldı...

Dəvəçinin adı dəyişib Şabran oldu, problemlər isə eləcə qaldı...

Ölkə

23 May 2011, 12:22

Şabranlı jurnalistlər rayondakı vəziyyətdən danışırlar...


Modern.az
saytı “Doğulduğu bölgələr jurnalistlərin gözü ilə” adlı layihəsini bu həftə də davam etdirir. Bu dəfə Şabrandan olan jurnalistlər rayonun sosial-iqtisadi vəziyyəti, inkişaf və problemləri, təhsil, səhiyyə sistemi və s. barədə danışıblar.

“Şabranda işsizlərin sayı çoxdur...”

İlk müsahibimiz “Xalq cəbhəsi” qəzetinin əməkdaşı Cavid Şahverdiyev bildirdi ki, rayon iqtisadiyyatının əsasını kənd təsərrüfatının ayrı-ayrı sahələri - taxılçılıq, üzümçülük, tərəvəzçilik, bağçılıq, arıçılıq, heyvandarlıq təşkil edir: “Rayonda tutumlu və çəyirdəkli meyvələr yetişdirilir. Burada tikinti materiallarının istehsalı ilə məşğul olan sahələr də var. Ən iri müəssisələr “Dəvəçi dəyirman”, “Dəvəçi broyler”dir. Bundan başqa “Turan” Məhdud Məsuliyyətli Cəmiyyət də var ki, kənd təsərrüfatı ilə məşğul olur. Bütün bunlara baxmayaraq, rayonda hələ də işsizlərin sayı çoxdur”.

C.Şahverdiyev deyir ki, dəyirman müəssisəsində, broyler fabrikində işə götürmə prosesi çox çətindir: “Ötən il Məşğulluq İdarəsində olanda gördüm ki, nə qədər insan işə götürülmək üçün müraciət edir. Amma həmin insanlara bildirdilər ki, “gedin, boş yer olanda deyəcəyik”. Onu sizə deyim ki, orada rüşvət faktoru yoxdur, sadəcə boş yer olmadığından belə deyirlər. 5-6 ay əvvəl artıq broyler fabrikində ixtisarlar başladı”.

C.Şahverdiyevin sözlərinə görə, rayonda bir sıra sexlərin fəaliyyətinin dayandırılması işsizliyə səbəb olub: “Dəyirmanda da iş var, ora düşmək bir qədər çətindir, çünki orada maaş azdır. Gənclərin də əksəriyyəti kimin maşını varsa taksi xidməti göstərir, olmayan da fəhlə kimi işləyir”.

Jurnalist Şabranda qaz və işığın daimi olduğunu vurğulayır. Lakin su hər yerə daimi verilmir: “Bəzi yerlərdə su günün müxtəlif saatlarında fasilələrlə verilir. Amma daimi su olan yerlər də var. Bu yaxınlarda plan təsdiq olunub ki, içməli su daimi verilsin, bir də rayonda kanalizasiya sitemi olmadığından bu iki işin qazıntı işləri paralel şəkildə aparılacaq.

Rayonun mərkəzi yolları yaxşıdır. Məsələn, rayon mərkəzi, Heydər Əliyev küçəsi abadlaşırılıb, divarlar, hasarlar yenilənib, güllər əkilib. Rayona yeni icra başçısı gələndən sonra abadlıq işləri həqiqətən yüksək səviyyədə aparılır”.

Cavid Şahverdiyev rayonun təhsil və səhiyyə sistemi barədə danışarkən dedi ki,  Şabranda təhsilin səviyyəsi yaxşıdır. “Məktəblər abadlaşdırılır, yeniləri tikilir. Ümumiyyətlə, gənclərin təhsilə marağı da yüksəkdir.  

Səhiyyə sahəsində də inkişaf var. Köhnə binalar yenilənib, təzə binalar tikilıib. Yəni təhsillə səhiyyə sahəsində inkişaf var. Əhaliyə yüksək səviyyədə tibbi xidmətlər göstərilir”.

Rayonun icra başçısını nə əhali arasında gördüyünü, nə də bu barədə eşitdiyini deyən jurnalist qəbul günlərində onun insanların problemlərini, ehtiyaclarını dinlədiyini söylədi:
“İcra başçısının əhali arasında olduğunu görməmişəm. Təbii ki, onun qəbul günləri var və həmin qəbul günlərində müəyyən adamlar iştirak edirlər. Amma mən şahidi olmuşam ki, o özü şəxsən abadlaşdırma işləri ilə maraqlanır, göstərişlər verir”.

Amma həmkarımız rayondan seçilən deputatın seçiləri ilə maraqlanmadığını bildirdi: “İndiyə qədər onun  seçiciləri ilə maraqlandığının nə şahidi olmuşam, nə də eşitmişəm”.

“Rayonun kəndarası yolları qənaətbəxş deyil...”

“Xalq cəbhəsi” qəzetinin digər əməkdaşı Oqtay Hacımusalı əvvəllər rayonun sosial-iqtisadi vəziyyətində bir qədər durğunluq olduğunu, lakin indi inkişafın müşahidə edildiyini söylədi. O Şabranı hər zaman elitar rayon kimi xatırlayır: “Şabran hər zaman mənim yaddaşımda elitar rayon kimi qalıb. Regiondakı digər rayonlardan fərqli olaraq, Şabranın küçələrində gəzəndə sakit atmosfer hiss olunur.

Rayon aqrar sektora yönümlü olduğu üçün bu sahədə inkişaf müşayiət olunur. Siyəzən rayonunda neft sektoru olduğu üçün orada həmin sahə inkişaf edir, amma Şabran  kənd təsərrüfatı rayonu olduğu üçün burada əvvəllər sakitçilik hökm sürürdü və hardasa rayon bir qədər gözdən uzaq qalmışdı, inkişaf getmirdi. Sonuncu dəfə rayona gedərkən Şabranda tam mənada dəyişikliyin olduğunu hiss etdim.

Yeni-yeni müəssisələr tikilir, iş yerləri açılır, yəni inkişaf var. Amma fikirləşirəm ki, daha çox iş yerləri açılsa, gənclər işsizlikdən yaxa qurtara bilərlər. Bu, regionun, bütövlükdə Azərbaycanın inkişafı üçün böyük dəyişiklik ola bilər. Eyni zamanda, rayonun mərkəzində İREX şirkətinin təsis etdiyi bir kitabxana var idi, bilmirəm indi durur, yoxsa yox. Bunun özü gənclərin maariflənməsi üçün əhəmiyyət kəsb edirdi. Bütövlükdə gənclərin vaxtının səmərəli keçməsi, pis vərdişlərdən uzaq olması üçün ilk növbədə bəzi problemlərin həll olunması vacibdir”.

Jurnalistin sözlərinə görə Şabran kənd təəsərrüfatı rayonu olduğu üçün əhalinin əsas dolanışıq mənbəyi maldarlıq, xalçaçılıq, bir də xırda təsərrüfatlar, ticarət sahəsidir.

Oqtay Hacımusalı Şabran rayonunun qaz, işıq, su, yol infrastrukturundakı vəziyyəyi belə qiymətləndirdi: “Əvvəllər rayonda çox ciddi qaz, işıq, su problemləri var idi. Xatırlayıram ki, Siyəzəndə qaz, işıq problemi olmurdu. Amma Şabranda əksinə idi. Yeni icra başçısı Novruz Novruzov rəhbər təyin olunandan sonra vəziyyət bir qədər fərqləndi və indi rayonda çox ciddi irəliləyiş var.

Yollarla bağlı deyə bilərəm ki, mərkəzdə vəziyyət yaxşıdır. Kəndarası yollar isə bildiyim qədər o qədər qənatbəxş deyil, belə baxanda pis də deyil”.

Təhsil və səhiyyə sistemi barədə məlumat verən həmkarımızın sözlərinə görə, Şabran o rayonlardandır ki, Azərbaycana kifayət qədər istedadlı, savadlı, maraqlı alimlər, şəxsiyyətlər bəxş edib: “Ümumiyyətlə isə Şabranda təhsildə boşluqlar var. Yəni Azərbaycanın təhsil səviyyəsi necədirsə, Şabranın təhsili də elədir. Amma bildiyim qədər səhiyyə sahəsində belə problemlər yoxdur. Yəni rayonda əhaliyə tibbi xidmətlər göstərilir”.

O.Hacımusalı bildirdi ki, həm rayonun icra başçısı, həm də Siyəzən-Şabran rayonundan seçilən deputat Tahir Süleymanov tez-tez əhali ilə görüşür, onların problemləri ilə maraqlanır: “Bildiyim qədər həftənin müəyyən günlərində icra başçısının qəbul saatları var və həmin saatlarda o, xalqın, ictimaiyyətin ehtiyacı, problemlərini dinləyir”.

“Ən çox şikayət pensiya və müavinətlərin verilməsi ilə bağlıdır”

“Azadlıq” qəzetinin əməkdaşı Aytən Məmmədova Şabran, o cümlədən Siyəzənin quraqlıq rayonları olduğu üçün onların heç nə ilə seçilmədiyini qeyd etdi. Onun sözlərinə görə, əksər zamanlarda şabranlılar kasıb yaşayıb. Amma son illərdə Şabranın əhalisinin dolanışığı xüsusilə çətinləşib:
“Rayondakı adamların əksəriyyəti dəmir yolunda işləyirdilər. Birincisi, dəmir yolunda da maaş həddindən artıq aşağı düşüb. İkincisi də orada xeyli ixtisarlar gedib, insanlar işsiz qalıb. SDK (Gömrük yolu) çəkiləndən sonra “Akkord” Şirkətlər Qrupuna xeyli adam işə düzəldi. Maaş yüksək olmasa da, hər halda ən az rayon səviyyəsində çorək pulunu ordan çıxarda bilirdilər. Amma artıq yolun çəkilişi də başa çatıb. Ümumiyyətlə, Şabrana gedəndə insanların o cür dolanışığını görəndə adamın ürəyi ağrıyır”.

Həmkarımız rayonun qaz, işıq, su problemlərindən də danışıb: “Şabranın kəndlərinə gedən yollar çox bərbad vəziyyətdədir. Rayonun mərkəzi küçələrindən bir az kənarlaşdıqda görürsən ki, yollar çox pis vəziyyətdədir. Kənd yolları sankı Lerikdəki yollar kimidir. Qar, yağış olanda bir sıra qıraq, dağ kəndlərinə gedib-gəlmək çətinləşir.

Digər tərəfdən, bir sıra kəndlərdə qaz, su problemi var. Kəndlərin böyük əksəriyyətində əhali mavi yanacaqdan istifadə edə bilmir. Qaz olan kəndlərdə isə qış mövsümü başlayanda mavi yanacağın verilməsində problemlər yaranır”.

A.Məmmədovanın fikrincə, Şabranın ən böyük problemi işsizlikdir.

Jurnalist doğulduğu rayonun təhsil və səhiyyə sistemi haqda da məlumat verib. Onun sözlərinə görə, Azərbaycan təhsili hansı vəziyyətdədirsə, Şabranda da elədir: “Biz TQDK-nın statistik göstəricilərinə baxsaq, görərik ki, Şabrandan ali təhsil məktəblərinə qəbulla bağlı rəqəmlər kifayət qədər aşağıdır.

Səhiyyə sahəsində isə əvvəla texniki təzhizat yaxşı vəziyyətdə deyil. O cümlədən yaxşı mütəxəssis qıtlığı da var. Şəxsən mənim tanıdığım bir neçə nəfər var ki, orada səhv diaqnoz nəticəsində vəziyyəti bir qədər də ağırlaşıb, axırda gəlib Bakıda müalicə olunublar”.

Aytən Məmmədova Şabranla Siyəzən arasında mübahisə doğuran Çıraqqalanın müalicəvi suyu ilə turistləri cəlb etməyin mümkünlüyünü desə də, lakin yolların pis olmasının buna mane yaratdığını qeyd edib:
“Orada mövcud olan Çıraqqala bir qədər mübahisə yaradır. Siyəzan rayonundan olanlar deyir Çıraqqala Siyəzənindir, şabranlılar deyir Şabranındır. Amma ümumi fikir ondan ibarətdir ki, qala deyəsən Şabrana aiddir”.

A.Məmmədova hesab edir ki, rayonda ən çox şikayət olunan sahələrdən biri pensiya və müavinətlərin verilməsi ilə bağlıdır: “Xeyli xəstə insanlar var ki, o qurumlara  deyil, “Azadlıq” qəzetinin əməkdaşı kimi mənə şikayətlərini bildirirlər ki, “bəlkə bunu siz işıqlandırasınız, bəlkə bizim problemlərimiz həllini tapar”. Əksər hallarda rüşvətsiz bunun öhdəsindən gələ bilmirlər. Qanuni haqlarının yerinə yetirilməsi üçün çox zaman əhalidən rüşvət istəyirlər, ya da ki, kənarda qalırlar. Şəxsən tanıdığım xeyli insan var ki, bu problemə görə pensiya almaqdan məhrum qalıblar. Çünki istənilən məbləği verə bilmirlər.

Əvvəlki icra başçısı ilə müqayisədə Novruz Novruzov bir qədər işləyir. Mərkəzi küçələrdə kosmetik dəyişiklər etdirib. Amma bu o anlama gəlmir ki, yeni iş yerləri açılıb, kəndlərə yol çəkilib. Bu dəyişiklik yalnız mərkəzi küçələrdə aparılıb”.

Jurnalist onu da qeyd edib ki, rayondan seçilən deputat Tahir Süleymanov ikinci dəfə mandat qazanmasına baxmayaraq, Şabrabla maraqlanmır və problemləri parlamentdə qaldırmır: “İkinci dəfədir ki, millət vəkili olur. Amma insanlarla, onların problemləri ilə maraqlanmayıb. Ümumiyyətlə, Şabranda bir sıra problemlər var ki, onların heç biri indiyə qədər Milli Məclisdə qaldırılmayıb. Bundan əlavə, pensiya yaşının artırılması ilə bağlı məsələdə belə iddia irəli sürüldü ki, guya Şabrandan olan bir qrup adam yaşın artırılması ilə bağlı müraciət edib. Əslində mən buna inanmıram ki, sosial-iqtisadi cəhətdən ağır vəziyyətdə olan insanlar Milli Məclisə belə müraciətlə üz tutsunlar”.

Aytən ƏLİYEVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı