Modern.az

Təqaüd yaşına çatanlar - Azərbycanda onlar nədən gərəksiz hesab olunurlar?

Təqaüd yaşına çatanlar - Azərbycanda onlar nədən gərəksiz hesab olunurlar?

Ölkə

16 Avqust 2011, 16:39


Milli Məclisin yaz sessiyasında qəbul olunan sənədlərdən ən yaddaqalanlarından biri də “Dövlət qulluğu haqqında” Qanunda dəyişikliklər edilməsi ilə bağlı sənəd oldu. Həmin sənəd təsdiqlənəndən sonra dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışan 65 yaşına çatmış müəyyən qrup insanların məcburən pensiyaya göndərilməsinə başlanılıb.

Nədənsə, bizim həm cəmiyyətimizdə, həm də pensiya yaşına çatanlarda belə bir düşüncə var ki, təqaüd yaşın çatdısa, demək daha kimsəyə lazım deyilsən. Obrazlı şəkildə desək, gərəksizliyini bilən insan ancaq ölümə döğru gedə bilir.

Yaxın və uzaq xaricdə isə bu, belə deyil. Xarici ölkələrdə pensiyaya çıxan insanlara hörmət edilir, sayğıyla yanaşılır, çağdaş yaşayışa görə özlərini təqaüdçülərə borclu hesab edirlər.  Axı onlar bir zamanlar cəmiyyətin ən aktiv, lazımlı üzvü olublar.

Bəs bizdə yaşlı nəslə gərəksiz insanlar kimi baxmaq haradan qaynaqlanır..?

Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev Modern.az-a açıqlamasında deyib ki, pensiya insanların həyatının üçüncü mərhələsidir: “Birinci əməyə qədər olan mərhələdir: insan təhsil alır, savada yiyələnir, sənət qazanır. İkinci dövr onun əmək qabiliyyətli olduğu dövrdür. Və sonra üçüncü dövrü başlayır. Üçüncü dövrə qədəm qoyan insanların yaşayışını keyfiyyətli etmək üçün həm dövlət orqanları, həm qeyri-hökümət təşkilatları, ümumiyyətlə, cəmiyyət proqramlar hazırlamalıdır, müəyyən sosial, məşğulluq, hümanitar xarakterli layihələr həyata keçirilməlidir”.

Millət vəkilinin sözlərinə görə, pensiyaya çıxanlar eyni zamanda özəl sahələrdə də çalışa bilərlər: “Məsələn, təqaüdə çıxan təcrübəli həkimdir və ya müəllimdir. Dövlətin məlum qərarına rəğmən o, 65 yaşından sonra pensiyaya gedir. Özəl sahədə belə təcrübəli həkimlərə ehtiyac var, gedib işləyə bilər. Müəllim özəl kurslarda dərs deyə, repetitorluqla məşğul ola, hansısa qeyri-hökümət təşlkilatlarına üzv olub onlarda fəaliyyət göstərə bilər”.

M.Quliyev bildirib ki, pensiyaya çıxan insanların məşğuliyyəti ilə bağlı xarici təcrübənin öyrənilməsi və bu sahəyə tətbiq olunması yaxşı olardı: “Mən çox istərdim ki, müvafiq dövlət qurumları, konkret olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu işlə məşğul olsun”.

Deputat vurğulayıb ki, Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi  əsasən qadın və uşaqlarla məşğul olur, ancaq ailənin digər üzvlərini unudurlar: “Ailənin yaşlı üzvlərinin də problemlərini komitə diqqətdə saxlasa, yaxşı olar. Bu mənada artıq cəmiyyətdə kütləvi halda, xüsusən bu il dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan insanlardan pensiyaya gedənlər çox olacaq. Onların həm müəyyən psixoloji yüklərinin yüngülləşdirilməsi, həyatlarının maraqlı edilməsi, həm də cəmiyyət üçün bunların lazımlı biliklərinin məqsədəuyğun paylanması üçün müəyyən proqramlar gerçəkləşdirmək olar. Bu mənada xarici ölkələrin təcrübəsinin öyrənilməsinə ciddi ehtiyac var”.

Xalq yazıçısı Əkrəm Əylisli isə bildirib ki, insanda yaşamaq üçün ilk növbədə gərək müsbət emosiya olsun: “Əgər o kimsəyə lazım olduğunu unudursa, o zaman ölümə tərəf gedir.

İnsan yaşlandıqca müsbət emosiya ona daha çox lazım olur. Müsbət emosiya olmayanda insan yavaş-yavaş sıradan çıxır, min cürə xəstəlik tapır və həyatı qurtarmış kimi olur”.

Yazıçı pensiyaçının özünün cəmiyyətə gərəksiz hesab etməsinin iki səbəbi olduğunu qeyd edib: “Xaricdə işləyən adam pensiyaya çıxanda o, artıq təmin olunmuş hesab olunur. Onun aldığı həmin pensiya ilə gəzmək imkanları olur. Mən insanlar görmüşəm ki, pensiyaya çıxan kimi dəstə-dəstə dünyanın müxtəlif yerlərinə gedirlər. Elə bu yaxınlarda belə hadisə ilə Türkiyədə rastlaşdım, pensiyaya çıxan qocalar ölkəni gəzməyə, abidələrə baxmağa gedirlər. Təbii ki, insan belə dincələndən sonra özünü sıradan çıxmış kimi hiss eləmir”.

Əkrəm Əylisli ümummiyyətlə, belə fikrin sovetdən qalması ilə bağlı ifadələrin də boş şey olduğunu söyləyib: “Bir kişi ki evindən çıxanda bilmir hara gedir və evinə, ailəsinin yanına qayıdanda bilmir nə gətirir, bu kişiyə nə qədər azadlıq versən də, o elə öz fikrində qalır. Həyata hərtərəfli baxmaq lazımdır. Siyasi yöndəm budur ki, bu müstəqil dövlətdə yaşayır, o biri tərəfdən baxanda müstəqil dövlətdə yaşayan bu kişi öz həyatında nə dərəcədə müstəqildir. O kişi o qədər müstəqillik alıb ki, bunun iş yeri yoxdur..?”.

Ə.Əylisli qeyd edib ki, əgər pensiyaya çıxandan sonra insanın ictimai marağı olmazsa, şəxsi maraq hesabına yaşamaq çətin olur: “Şəxsdə ictimai maraq da olmalıdır. İctimaiyyətin ona marağı, onun da ictimai marağı olmadır. Bunlar qarışıqlıdır. Avropa ölkələrində insanlar bir yerdə olmağı çox sevirlər. Bizdə insan daha tənhadır. Bu, bilmirəm sovetdən və ya bizim milli mentalitetimnizdən gəlir? İnsan bizim cəmiyyətdə özünü niyə tənha hiss edir? Bunun səbəbini isə mən bilmirəm”.

Aytən ƏLİYEVA

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı