Son günlər Bakıda adi qripin simptomları ilə müşayiət olunan epidemiyaya yoluxma artıb. Xəstələrdə əzələ və baş ağrıları, yüksək hərarət, eləcə də öskürək, boğaz qıcıqlanması, iştahsızlıq, burun tutulması halları müşayiət olunur.
Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiyadan Modern.az-a bildirilib ki, hazırda müşayiət olunan xəstəlik adi qripdir. Həkim İlham Qədirov deyib ki, adi qrip infeksiyasının ötürülməsi yalnız hava-damcı yolu ilə baş verir. Viruslar asqırma, öskürmə, söhbət, tənəffüs zamanı xəstə adamdan ifraz olunur olunur və bir neçə dəqiqə ərzində aerozol şəklində havada asılmış vəziyyətdə
qala bilir. İnsanın immun sistemi yaxşı inkişaf edibsə, orqanizm tez bir zamanda infeksiyanın öhdəsindən gəlir və insan ən pis halda yüngül zökəm və ya boğaz qıcıqlanması hiss edir. Lakin immunitet xəstəlik, ekoloji durum və s. səbəblərdən zəifləyibsə, immun sistemi infeksiyanın öhdəsindən gələ bilmir, buna görə də xəstəliyə yeni yoluxanlarda yüksək hərarət, öskürək, zökəm və digər fəsadlar özünü biruzə verir. Qrip epidemiyaları dövründə ondan qorunmaq üçün ən
yaxşı yol immun sistemini möhkəmləndirmək hesab olunur. Bu məqsəd üçün olan preparatların seçimi çox geniş olsa da, hazırda insanlar daha çox naturopatik preparatlara, yəni bitkilər, minerallar və s. əsasında olan dərmanlara üstünlük verirlər.
Mütəxəssis deyib ki, qripin profilaktikası üçün dərman preparatları ilə yanaşı, şəxsi profilaktika tədbirlərinə də riayət etmək lazımdır. Yəni asqıran və öskürən şəxslərlə yaxın təmasdan qaçmaq, əlləri daim sabunla yaxşıca yumaq, insanların çox toplaşdığı yerlərdə
və ictimai nəqliyyatda mümkün qədər az olmaq, sağlam həyat tərzi keçirmək (doyunca yatmaq, yaxşı və balanslaşdırılmış
şəkildə qidalanmaq, fiziki aktivlik və s.) gərəkdir.