Modern.az

Peyğəmbəri tapşırmaq

Peyğəmbəri tapşırmaq

Страна

16 Yanvar 2012, 14:19

Qəzetçilik karyeram dövründə ilk dəfə hakimiyyətin mövqeyindən çıxış etmək istəyirəm: Azərbaycanda söz və mətbuat azadlığının boğulduğunu iddia edən beynəlxalq təşkilatlar öz hesabatlarını hazırlayarkən daha çox tünd boyalardan istifadə edirlər. Bu ölkədə nəinki dövlət başçısını, ayrı-ayrı nazirləri, hətta peyğəmbəri də tənqid etmək mümkündür. Yazıçı-publisist Rafiq Tağının qətlindən sonra biz, demək olar ki, hər gün bunun şahidi oluruq...

Qənimət Zahid məhbəsdən çıxandan sonra "Azadlıq" qəzetində dini tənqid edən yazıların dərc olunmasına qadağa qoydu. Qənimət bəyin bu qərarı ədəbi müxalifəti təmsil edən yazarları bərk qəzəbləndirdi. 2007-ci ildə mərhum Rafiq Tağının və Samir Sədaqətoğlunun həbsinə etiraz əlaməti olaraq, İslam dinindən imtina edən qələm sahibləri müxtəlif mətbuat orqanlarında Qənimət Zahidi tənqid atəşinə tutdular. Həmkarım Seymur Baycan isə daha da irəli gedərək, Mirzə Ələkbər Sabirin Qənimət Zahid kimi yerlisi olduğuna görə təəssüf etdiyini yazdı.

Həmin ərəfədə tədbirlərin birində Qənimət Zahidlə görüşüb, bu mövzuda ətraflı söhbət etdik. Bizim görüşümüzün üstündən uzun müddət keçsə də, Qənimət bəyin dediyi bir fikir indiyə kimi yadımdadır: "Peyğəmbərin topunun-tüfənginin olmaması heç kimə əsas vermir ki, onu təhqir etsin".

Yanvarın 10-da "Media Açarı" mükafatının təqdimat mərasimində "APA Qrour"un baş direktoru Vüsalə Mahirqızı, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu və mən Azərbaycan mətbuatının mövcud vəziyyəti ilə bağlı xeyli söhbət etdik. Çay süfrəsi ətrafında davam edən söhbətimiz başa çatanda Rauf Arifoğlu Vüsalə xanımdan xahiş etdi ki, peyğəmbərdən muğayat olsun. Vüsalə Mahirqızının həmkar həmrəyliyindən doğan cavabı konkret oldu: "Baş üstə".

Çox güman ki, Rauf bəy "APA Qrour"a daxil olan kulis.az saytında son vaxtlar azad düşüncənin məhsulu olaraq ortaya çıxan yazıları nəzərdə tutaraq belə bir xahişdə bulundu. Kulis.az saytının daimi oxucusu kimi bu tanınmış ədəbiyyat portalında mömin soydaşlarımızı incidəcək hansıca yazıya rast gəlməsəm də, Rauf Arifoğlunun narahatlığını anlayışla qarşıladım. Rauf bəy iman əhlidir. Mənsub olduğu dinin təəssübünü çəkmək bir müsəlman kimi onun borcudur. Həm də təkcə onun yox, bizim də...

Peşəkar jurnalist fəaliyyəti ilə məşğul olduğum 14 il ərzində məndən ən azı 100 nəfər haqda yazmamağı xahiş ediblər. Bəzən mən özüm də yazar dostlarımdan sənətinə pərəstiş etdiyim hansısa sənətkarın, yaxud da çox sevdiyim şair və yazıçıların əleyhinə yazmamağı xahiş etmişəm. Amma 1 milyarddan çox insanın iman gətirdiyi bir dinin yaradıcısı olan peyğəmbər əfəndimizin bu cür qorunduğunu birinci dəfəydi görürdüm.

İlk gündən dindar-ateist qarşıdurmasında tərəf olmaqdan yayınmışam. Amma inandığım bir həqiqət heç vaxt məni tərk etməyəcək: Azərbaycan dünyəvi dövlət olduğu üçün bu ölkədə dindarın da, ateistin də azad yaşamaq hüququ var. Təəssüf ki, son vaxtlar aparılan müzakirələrdə bu amil nəzərə alınmır. Tərəflərin inkarçılıq mövqeyinə meyllənməsi müzakirələrin faydalılıq əmasalını minimuma endirir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı