Analar günü qədər olmasa da, Atalar gününün də bir tarixi vardır. Bəzi tarixçilər Atalar gününün qədim Romada qeyd olunduğunu söyləyirlər. Bəzi mənbələrdə isə Atalar gününün Şimali Virciniyada qeyd olunduğuna dair məlumatlara rast gəlinsə də, konkret tarix göstərilmir. Atalar günü ilk dəfə 1910-cu ilin iyun ayında Şeron qrupu tərəfindən ABŞ-ın Vaşinqton şəhərində qeyd olunub. Ancaq rəsmi olaraq ABŞ prezidenti Kalvin Kulicin dəstəyi ilə bayram olaraq ABŞ-ın tarixinə keçib.
1966-cı ildə isə ABŞ-ın digər prezidenti Lindon Conson hər ilin iyun ayının üçüncu bazar gününün Atalar günü olaraq qeyd olunacağının bildirən acıqlama verib. Atalar günü Avropada ilk dəfə 1954-cu ildə İngiltərədə qeyd olunub. Türkiyədə və o cümlədən, dünyanın bir çox ölkələrində Atalar günü hər il iyun ayının 3-cü bazar günü bayram olaraq qeyd olunmaqdadır. Bu, Atalar gününün qısa tarixi…
***
Analarımız qədər atalarımızın da həyatımızda tutduqları yer çox önəmlidir. Sevməyi anamızdan, yaşamağı atamızdan öyrənmişik. Corc Herbet nahaq yerə deməyib ki, “Bir ata yüz müəllimə bərabərdir”. Atdığımız hər addımda atamıza bənzəmək istəmişik. Kiçik yaşlarımızda ən sevimli oyuncağımız olan atamız böyüyəndə bizim müəllimimiz, yol göstərənimiz olub. Həyatda nəyin yaxşı, nəyin pis olduğunu ondan öyrənmişik. Atamız bizim həyat təcrübəmizdir. Atamız bizim idealımızdır. Atamız bizim qalxanımızdır. Atamız bizim ilk qəhrəmanımızdır. Bəzən bizə qoyduğu çoxsaylı qadağanlardan bezmişik, üsyan eləmişik, bizi anlamadığı üçün ondan incimişik, tərk etmişik. Ancaq illər keçdikdən sonra bu qadağanların əslində bizim xeyrimizə olduğunu anlamışıq. Onun bizi qoruduğunun fərqinə varmışıq. Ancaq başımız daşdan daşa dəyəndə yenə atamıza sığınmışıq. Onun qollarında təskinlik tapmışıq. O, isə heç nə olmamış kimi yenə bizə qollarını açıb. Bizi bağrına basıb. Bizdən inciməyib.
Atalar övladlarından inciməzlər. Atalar övladlarının bütün səhvlərini bağışlayarlar. Atalar hər zaman adildir. Atanın tək istəyi övladını xoşbəxt görməkdir. Bir atanın övladına verdiyi dərs ömür boyu sürən bir hədiyyədir. Bu hədiyyə bütün ömür yolumuza işıq saçır. Özünü unudub bizi duşünür atalarımız. Balzak nahaq yerə deməyib ki, “Ata olduqdan sonra görəcəksiniz ki, öz xoşbəxtliyinizdən daha çox övladınızın xoşbəxtliyi ilə xoşbəxt olursunuz”. Biz xoşbəxt oluruqsa, atamız da xoşbəxtdir. Biz gülürüksə, o da gülür. Biz ağlayırıqsa, o da ağlayır. Tanrının insana verdiyi ən böyük hədiyyələrindən biri olan atalarımızın bayramını təbrik edirəm. Hər bir övlada atası, hər bir ataya isə övladı ilə fəxr etməsini arzulayıram.